Rusiyanın ərazi iddiası Qazaxıstanı hərəkətə gətirdi – Şok anlaşma

 

“Mərkəzi Asiya geosiyasi rəqabətin yeni nöqtəsinə çevrilir. Rusiyanın Ukraynaya hərbi müdaxiləsi yalnız Kremlin imitasiyası və siyasi blefidir, əslində isə Moskvanın hədəfində olan Mərkəzi Asiyadır. Amma təkcə Moskvanın yox”.

Bunu politoloq Ərəstun Oruclu deyib.

Ekspert Rusiya prezidentinin baş verənlər fonunda Hindistana sürpriz səfərinə də diqqət çəkib:

“İl ərzində ABŞ Prezidenti Co Baydenlə (Cenevrədə) üzbəüz görüş keçirən Rusiya prezidentini gözlənilmədən Hindistana səfərə vadar edən nə oldu? Putinin bu səfərinin amerikalı həmkarı ilə videokonfrans formatında keçirdiyi müzakirədən əvvəl baş tutması hansı səbəblərdən qaynaqlanır və Rusiya prezidenti ilə Hindistan lideri Ravendra Modi arasında nələr müzakirə oluna bilərdi?

Putinin Baydenlə son danışıqları bir neçə məsələyə tam aydınlıq gətirdi.

Birincisi, Ağ Ev ABŞ-ın və onun NATO tərəfdaşlarının Rusiyanın Ukraynaya hərbi təcavüzünə layiqli cavab verməkdə israrlı olduğunu açıq şəkildə bəyan etdi.

İkincisi, ABŞ prezidenti bir qədər də uzağa gedərək Rusiya prezidentinə bildirdi ki, Ukraynanın NATO-ya mümkün üzvlük məsələsi heç bir halda Moskva ilə müzakirə və ya məsləhətləşmə predmeti ola bilməz və olmayacaq.

Üçüncüsü, bəyanatlarla kifayətlənməyən ABŞ özünün gələn il üçün hərbi büdcəsinə Ukraynaya hərbi yardımla bağlı xərcləri də daxil etməklə göstərdi ki, Vaşinqtonun Kiyevin müdafiəsinə yönəlik siyasəti artıq yalnız xəbərdarlıqlardan və çəkindirmələrdən ibarət olmayacaq.

Belə birmənalı mövqe Rusiyanın Ukraynaya qarşı təcavüz imitasiyasına vurulan yekun akkord oldu. Amma əslində Moskva özü də başqa reaksiya gözləmirdi və onun anti-Ukrayna siyasəti əsasən diqqəti əsas hədəfdən yayındırmaq və “nəbz yoxlamaq” taktikası idi. Hər iki taktiki addımı ilə bağlı konturların tam müəyyənləşməsi başa çatdığından Moskva əsas planının reallaşdırılması istiqamətində konkret fəaliyyətə keçir. Plan isə əvvəl də deyildiyi kimi, Rusiyanın Mərkəzi Asiya istiqamətində xarici siyasətini gücləndirməkdən və bölgəni öz nəzarətinə qaytarmaqdan ibarətdir”.

Ərəstun Oruclu hesab edir ki, Mərkəzi Asiya istiqamətində öz təsirini artırmaq Moskva üçün strateji əhəmiyyət kəsb edir və bir neçə məsələni eyni zamanda hədəfləməyə imkan verir:

“Hər şeydən əvvəl bu, region ölkələri ilə sıx əlaqələr qurmağa can atan Ankaranın qarşısını almaq üçün vacibdir. Türkiyənin Mərkəzi Asiya ölkələri ilə hərbi-siyasi əməkdaşlıq qurmaq səylərini Rusiya özünün təhlükəsizliyi üçün təhdid hesab edir. Digər tərəfdən də belə bir əməkdaşlığın qurulması Rusiyanın “əbədi isti dənizlərə çıxış” xülyasına son qoymuş olardı. Həm də ona görə ki, bu halda həmin planın qarşısı təkcə Mərkəzi Asiyanın şimalından deyil, həm də onun cənub cinahından kəsilmiş olur.

Unutmayaq ki, şimaldan (Rusiyadan) Qazaxıstanla ayrılan Mərkəzi Asiya və Əfqanıstan bölgəsi cənubdan Ankaranın hərbi-siyasi tərəfdaşı olan Pakistan tərəfindən qapanır. Göstərilən böyük bir regionun Ankara-İslamabad alyansının, həmçinin onun üzdə görünməyən tərəfdaşlarının nəzarətinə keçməsi Moskva üçün başqa itkilərə də səbəb ola bilər. Moskva üçün ciddi narahatlıq doğuran həmin səbəblərdən biri də Türkiyə-Pakistan alyansı üzvlərindən birincisinin NATO üzvü, ikincisinin isə Pekinlə sıx müttəfiqlik münasibətində olmasıdır. Deməli, Çin-Avropa daşımalarından yararlanmağa çalışan Rusiya tam oyundankənar vəziyyətə düşə bilər. Bölkədəki gəlişmələrə Çinin təmkinli münasibəti də Moskva üçün məhz buna işarədir.

Belə olduqda Rusiya üçün yeganə çıxış yolu Mərkəzi Asiyaya siyasi, ardınca da hərbi müdaxilə olur ki, bu da ilk növbədə Qazaxıstana təsirdən başlamalıdır. Görünür, başda Prezident Putin olmaqla Rusiya hakim dairələrinin son aylar ərzində dəfələrlə Qazaxıstana qarşı ərazi iddiaları irəli sürməsi heç də təsadüfi deyil. Amma yuxarıda qeyd olunduğu kimi bölgəyə cənubdan (Pakistan vasitəsilə) girişin və mümkün təsirin qarşısının alınması da bu halda ciddi hərbi-taktiki əhəmiyyət kəsb edir. Görünür, Moskva elə buna görə regionda yeganə tərəfdaş kimi Dehlini görür və onunla müvafiq anlaşmalara getməyə çalışır.

Hindistanın isə təkcə Pakistanla deyil, elə Çinin özü ilə də münasibətlərində problemlərinin olması onu Moskvanın planlarından çəkinməyə də sövq edə bilər. Bundan sığortalanmaq üçün isə Rusiya Hindistana geniş hərbi əməkdaşlıq proqramı təklif etməlidir. Bölgədəki əsas rəqibi olan Çindən bütün parametrlər üzrə xeyli geridə qalan Hindistan üçün belə əməkdaşlıq əlverişli olardı.

Bütün bu gəlişmələr fonunda son günlər Mərkəzi Asiya bölgəsinə yeni bir oyunçu da daxil oldu. Özü də bu dəfə artıq hansısa mücərrəd dəyərlər və anlayışlarla deyil, real hərbi əməkdaşlıq planı ilə. İki gün əvvəl ABŞ-ın və Qazaxıstanın müdafiə nazirlikləri arasında 2022-27 illəri əhatə edən geniş hərbi əməkdaşlıq barədə anlaşma imzalandı. Göründüyü kimi, Vaşinqtonun da diqqəti təkcə Kiyevlə məhdudlaşmır. Bu isə Mərkəzi Asiyanı geosiyasi mübarizənin qaynar nöqtəsinə çevirir”./teleqraf.com

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password