Prokurorluq Şuşada iki nəfərin minaya düşərək həlak olması ilə bağlı məlumat yayıb
Baş Prokurorluq Şuşanın Daşaltı kəndində iki nəfərin minaya düşərək həlak olması ilə bağlı məlumat yayıb.
Qurumun Mətbuat Xidmətindən daxil olan məlumatda deyilir:
“Dekabrın 9-u Şuşa rayonu ərazisində 2 nəfər mülki şəxsin minaya düşməsi nəticəsində həlak olmaları barədə rayon prokurorluğuna məlumat daxil olub.
Hazirda faktla bağlı araşdırma aparılmaqla prokurorluq əməkdaşları tərəfindən hadisə yerində zəruri istintaq hərəkətləri həyata keçirilir.
İctimaiyyətə əlavə məlumat veriləcək”.
Qeyd edək ki, daha əvvəl Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumatda bildirilib ki, dekabrın 9-da səhər saat 9 radələrində Şuşa rayonunun Daşaltı kəndi ərazisində bərpa və quruculuq işləri ilə məşğul olan şirkətlərin əməkdaşları – İsmayıllı rayon sakini Vüsal Qəndiyev və Qobustan rayon sakini Orxan Xanatov xidməti işlərini yerinə yetirərkən erməni hərbi birləşmələri tərəfindən basdırılmış mina partlaması nəticəsində həlak olublar.