Azərbaycan mediasının yaralı yeri: islahat, inkişaf, yoxsa imitasiya?
Qulu Məhərrəmli: “Maliyyə müstəqilliyi olmayan, asılı mətbuat müstəqil ola bilməz”
Mehman Əliyev: “Qanun layihəsi mediadan və ictimaiyyətdən gizli şəkildə müzakirə olunub”
Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılov media subyektlərinin rəhbər və nümayəndələri ilə görüşdə bir sıra vacib məqamlara aydınlıq gətirib. Bildirib ki, yaxın günlərdə “Media haqqında” qanun layihəsi müzakirəyə çıxarılacaq. Bununla yanaşı, rəhbəri olduğu qurumun Vergi Məcəlləsinə dəyişikliklər edilməsi təşəbbüsü ilə çıxış etdiyini diqqətə çatdırıb. Bu layihədə isə media subyektləri üçün beş illik vergi güzəştlərinin tətbiq olunması nəzərdə tutulub.
Bu arada “Media haqqında” qanun layihəsi ciddi müzakirələrə səbəb olub. Yeni qanunda media subyektlərinin istehsal etdiyi məhsullar üzərindəki müəlliflik hüquqlarının qorunmasın, media subyektlərinin bir-birindən xəbər “oğurlamaq” vərdişlərinin aradan qaldırılması, media reyestrinin yaradılması və bu reyestrə daxil edilən jurnalistlərə vahid jurnalist vəsiqəsinin təqdim olunması və digər məqamlar öz əksini tapıb.
Əməkdar jurnalist, professor Qulu Məhərrəmli açıqlamasında deyib ki, mediada ciddi dəyişikliklərə nail olmaq üçün mətbuatın maliyyə asılılığına son qoyulmalıdır: “Açıq demək istəyirəm ki, Azərbaycanda mətbuatın ən böyük problemi reklam bazarının olmaması ilə bağlıdır. Məhz reklam bazarı və biznes subyekti olaraq müstəqil gəlirləri olmadığına görə, KİV-lər hansısa qüvvələrdən asılı duruma düşür. Asılı mətbuat isə azad ola bilməz. Sözsüz ki, KİV-lərin inkişafı istiqamətində ən böyük addım müstəqil mətbuatı inkişaf etdirməkdən ibarət olmalıdır. Bu imkan yoxdursa, ciddi inkişafdan danışmağa dəyməz”.
“Məhz bundan sonra Vergi Məcəlləsində dəyişikliklər təşəbbüsü ilə çıxış etmək, media subyektləri üçün güzəştlər təklif etmək daha məqsədəuyğun olardı. İndiki halda media faktiki olaraq sahibkarlıq subyekti deyilsə, müstəqil gəlir əldə etmək imkanı yoxdursa, vergi güzəştləri də effektiv olmayacaq. Bununla yanaşı, qeyd etmək istərdim ki, “Media haqqında” qanun layihəsinin müzakirəyə çıxarılması müsbət addımdır. Çünki buna qədər mövcud olan qanunda bir çox məhdudlaşdırıcı məqamlar öz əksini tapıb. Bu qanunda necə olacaq, biz bunu qanunun müzakirəsi zamanı daha dəqiq biləcəyik”, – deyə professor bildirib.
Onun sözlərinə görə, media reyestrinin yaradılması inventarizasiya məqsədlərinə xidmət edir: “Statisik bazanın yaradılması, media adı altında fəaliyyət göstərən bəzi işbazların sıradan çıxarılması baxımından bu, çox vacib məqamdır. Bu səbəbdən ciddi media subyektləri və jurnalistlər üçün hər hansı təhlükə görmürəm. Uzun illər mətbuatda külüng vuranların bu prosesdən kənarda saxlanılması mümkün deyil. Belə ola bilməz və olmayacaq da. Sadəcə Media Agentliyinin əlində media subyektləri və jurnalistlərlə bağlı məlumat bazası olmalıdır. Yəqin ki, qanunda nəzərdə tutulan bu müddəa məhz bu məqsədlərə xidmət edir”.
“Bildiyim qədər yeni qanun Milli Məclisin iki komitəsində müakirə edilir. Bundan sonra məsələ Parlamentin plenar iclasında müzakirəyə çıxarılacaq. Lakin bir media eksperti olaraq bu məsələdə tələsik qərarlar verilməsinin tərəfdarı deyiləm. Yaxşı olardı ki, media hüququ ilə məşğul olan ekspertlərin iştirakı ilə qanuna yenidən baxış keçirilsin. Təbii ki, ilkin təəssüratım ondan ibarətdir ki, qanunda kifayət qədər müsbət və mütərəqqi məqamlar var. Hansılar ki, ölkə mətbuatının inkişafına xidmət edir. Lakin qanunda KİV-lər üçün məhdudlaşdırıcı məqamlar hansılardır, hansı “minalar basdırılıb”, bütün bu suallara qanunun qəbulundan öncə aydınlıq gətirilməlidir”, – deyə Məhərrəmli fikrini yekunlaşdırıb.
“Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev isə şərhində söyləyib ki, “Media haqqında” qanun layihəsinin müzakirəsi mediadan və ictimaiyyətdən gizli şəkildə aparılıb: “Bütün hallarda ölkə KİV-lərinin gələcək fəaliyyətini özündə əks etdirən qanun layihəsi mətbuat nümayəndələrinin iştirakı ilə müzakirə olunmalı idi. Bununla bağlı bir çox redaksiyalarla araşdırma aparmışam. Məlum olub ki, uzun illərdir fəaliyyət göstərən media subyektlərində heç bir müzakirə aparılmayıb. Media mənsublarının xəbəri yoxdur ki, qanunda hansı məqamlar öz əksini tapıb”.
“Media Agentliyinin rəhbərinə bununla bağlı iradımızı bildirəndə, o, qanunun qəbul olunmasını gözləməyi təklif edir. Qanun qəbul ediləndən sonra hər hansı fikir bildirməyin nə əhəmiyyəti olacaq ki?! Bütün bunlar göstərir ki, məqsəd media azadlığını boğmaqdır. Bu gün Azərbaycanda reklam bazarı gülünc səviyyədədir. Bu rəqəm heç olmasa, illik 500 milyon manat civarında qərarlaşmayana qədər heç bir islahatdan danışmaq olmaz. Bu, islahat deyil, sadəcə islahat imitasiyasıdır”, – – deyə həmsöhbətimiz vurğulayıb.
Əliyev hesab edir ki, bu dəfə də hökumət mətbuatı inkişaf etdirmək yox, söz azadlığını boğmaq yolunu tutdu: “Bununla da mətbuatda islahatlar həyata keçiriləcəyinə dair bütün ümidlər puça çıxdı. Məlumdur ki, uzun müddət ölkə mətbuatı məmur oliqarxiyasının maraqlarına xidmət edib. Ümid var idi ki, onların gedişindən sonra ciddi dəyişikliklər baş verəcək. Çox təəssüf ki, heç bir dəyişiklik baş vermədi. Hər şey olduğu kimi qaldı”./ayna.az