“Vətən müharibəsi və Vətəni yaşadanlar…” işıq üzü gördü

 

Tanınmış yazıçı-publisist Camal Zeynaloğlunun İkinci Qarabağ müharibəsinə həsr etdiyi “Vətən müharibəsi və Vətəni yaşadanlar…” kitabı “Günəş” nəşriyyatı tərəfindən yenicə çapdan çıxıb. Bu müəllifin sayca iyirmi altıncı kitabıdır. Kitabın redaktoru Hikmət Məlikzadədir.

Kitabda II Qarabağ – Vətən müharibəsinin başlanması və ilkin səbəbləri, 44 günlük Vətən müharibəsinin qısa xronologiyası, bu savaşda xüsusi qəhrəmanlıq, şücaətlər göstərmiş Xüsusi Təyinatlı Qüvvələrin igidləri, şəhid və qaziləri, Milli Ordunun qəhrəman əsgərləri haqqında, müharibənin gedişində dünya ölkələrinin, Beynəlxalq təşkilatlarının Azərbaycana olan münasibətləri, Vətən müharibəsi Qərb və Rusiya mediasında, Azərbaycanı dəstəkləyən ölkələr, müharibə barədə hərbi ekspertlərin fikirləri və s. verilmişdir.

Müəllif haqlı olaraq kitaba epiqraf seçdiyi Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin sözləri ilə başlayır:

“Biz öz torpaqlarımızı azad etməli idik. Mən işğal dövründə bu məsələ ilə bağlı Azərbaycan xalqına dəfələrlə müraciət edərək və keçmiş köçkünlərlə görüşlər əsnasında deyirdim ki, nəyin bahasına olursa-olsun, torpaqlarımızı azad etməliyik. Onu da deyirdim ki, əgər lazım olsa, biz güc tətbiq etməklə öz torpaqlarımızı geri qaytaracağıq. Belə də oldu. Həm işğal dövründə, həm müharibə dövründə bütün təzyiqlərə, bütün bəyanatlara baxmayaraq, bizim qabağımızda heç bir qüvvə dayana bilmədi. Biz Ermənistan ordusunu darmadağın etdik, erməni mifologiyasına son qoyduq, bütün dünyaya sübut etdik ki, “yenilməz Ermənistan ordusu” nəyə qadirdir və bütün dünyaya xalqımızın böyüklüyünü nümayiş etdirdik. Bu şanlı Qələbə çoxəsrlik Azərbaycan tarixində əbədi yaşayacaqdır”.

Müəllif qeyd edir ki, Vətən müharibəsində qələbəmizi şərtləndirən əsas amillər sırasında qəhrəman döyüşçülərimizin Vətən sevgisi, Vətən məhəbbəti, onların torpağa, yurda bağlılığı önəmli rol oynadı. Azərbaycan Ordusunun həyata keçirdiyi əks hücum əməliyyatları zamanı doğma torpaq, Vətən uğrunda canını fəda edərək şəhidlik zirvəsinə yüksələnlər həm də öz adını xalqın tarixi yaddaşına həkk etdilər. Onlar Vətən, dövlət və xalq qarşısında öz borcunu sonadək ödəyib qəhrəmanlıq nümunəsi yaratdılar, milyonlarla insanın sevgisini, rəğbətini qazandılar. Vətən müharibəsi insanların illər boyu vərdiş etdikləri həyat fəlsəfəsini dəyişdi, yeni bir təfəkkür hadisəsini – qalibiyyət fəlsəfəsini doğurdu, ordu və bayraq sevgisini həmişəlik könüllərə və zehinlərə yerləşdirdi, hər kəsə yeni həyat gücü və enerjisi bəxş etdi. İndi elə bir vətəndaşımız tapılmaz ki, ən qısa zamanda mənfur düşməndən azad edilmiş müqəddəs torpaqlarımızı ziyarət etmək arzusunda olmasın. Biz əminik ki, yazıçının bu kitabı da digər kitabları kimi geniş oxucuların rəğbətini qazanacaq və gənc nəsildə Vətən, yurd, torpaq, bayraq sevgisini daha da artıracaq. Bizlərə isə bu yolda Camal Zeynaloğluna yeni-yeni bədii yaradıcılıq uğurları diləmək düşür.

 

Telman Məmmədov

Aktualinfo.org

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password