Politoloq: Bu, Bakının humanist addımıdır
“Əsirlərin geri qaytarılması məsələsi hər zaman beynəlxalq məclislərdə, sülhyaratma prosesinə dair danışıqlarda Ermənistan tərəfindən ortaya atılan, bəzən də təxribat xarakterli iddialardan ibarət idi. Bu baxımdan mina xəritələrinin qarşılığında 10 erməni əsirinin qaytarılması Bakının humanist xarakterli və xoşniyyətli addımıdır”.
Bunu politoloq Qabil Hüseynli deyib.
O bildirib ki, əsirlərin qaytarılması bütün dünyaya mesajdır və Azərbaycan dövlətinin sülhə, Ermənistanla bütün problemləri həll etməyə hazır olduğunun nişanəsidir: “Azərbaycan tam əmin deyil ki, bu dəfə təqdim edilən mina xəritələri düz çıxacaq, ya yox. Çünki ermənilər o qədər qeyri-səmimi xalqdır ki, yalan danışmaq və yaxud verdiyi vədlərə əməl etməmək onlar üçün ən adi hərəkətlər hesab olunur. Dövlətimiz əsirləri geri qaytarmaqla düzgün addım atıb. Bütün dünyaya sübut edir ki, Azərbaycan humanizm prinsiplərinə sadiqdir, sülhyaratma prosesində bütün səylərin bir araya gətirilməsinin tərəfdarıdır. Buna görə də bu hadisə yəqin ki, gələcək danışıqlar prosesinə də müsbət təsir göstərəcək. Həmçinin, bizim üçün önəmli olan minalar məsələsi dünya ictimai rəyinə yayılacaq. Azərbaycan əraziləri minalardan tam təmizlənməyib. Amerikaya qaçan bir erməni deyir ki, 17 böyük maşınlarla dolu minaları Azərbaycan ərazilərində hara gəldi basdırdıq. Ona görə də çox arzu edərdim ki, ermənilərin yeni verdiyi xəritələrdə hər şey doğru olsun. 100% olmasa da, 95-98% dəqiq olmalıdır ki, istər tank, istərsə də piyadalar əleyhinə basdırılmış minaların aşkarlanması prosesi sürətlə getsin. Ermənilər əvvəllər iddia edirdilər ki, bütün mina xəritələri bundan ibarətdir, bizdə başqası yoxdur. Ancaq indi məlum oldu ki, yenə də xəritə var imiş. Nə olursa olsun, arzu edirik ki, təqdim olunan xəritələr düz olsun”.
Politoloq qeyd edib ki, işğaldan azad edilən ərazilərin məskunlaşdırılması ermənilərin çox hiyləgər formada basdırdığı minaların çıxarılması prosesinin başa çatmamasına görə gecikir: “Xəritəsiz bu ərazilərin minalarını minumum 2, bəzən də 3 ilə təmizləməyin mümkün olacağı bildirilir. Amma xəritə ilə bu prosesi bir neçə ay müddətinə uğurla başa çatdırmaq mümkündür. Təəssüf ki, qarşı tərəf sona qədər səmimi deyil. Hələ də fitnə-fəsadla məşğul olur və buna görə də iki dövlət arasında kommunikasiyaların açılması ləngidildi və yaxud buna əngəl törədildi. Sərhədlərin demarkasiyası və delimitasiyası məsələsində işçi komissiyası yarada bilmirik. Bu da gecikdirilir. Sülh müqaviləsi üzərində də işlə bağlı işçi heyəti yaradılmalıdır ki, bu proses də hələ baş tutmayıb. Bir sözlə, Azərbaycan bölgədə sülhə can atır, Ermənistan isə özünün destruktiv hərəkətləri ilə sülhyaratma proseslərinə əngəllər törədir”.