Azərbaycanda “köhnə” dollardan imtina – Banklar əskinasları niyə qəbul etmirlər?

 

Ekspert: “Qanunda boşluq var və bu da o deməkdir ki, vətəndaşlar valyuta alarkən daha diqqətli olmalıdırlar”

Azərbaycanda banklar köhnə yüz dollarlıq əskinasları dəyişdirmək üçün qəbul etməkdən imtina edirlər. Son vaxtlar vətəndaşlar tərəfindən belə şikayətlərin sayı çoxalıb. Vətəndaşlar bildirirlər ki, digər yerli banklar “köhnə” dollarları qəbul etməkdən imtina edirlər. Paytaxt sakini Esmira Əmirovanın sözlərinə görə, o, 1998-ci ilin buraxılışı olan dollar əskinasını çətinliklə dəyişdirib. Ancaq bu çətinliklə təkcə o üzləşməyib. Sosial şəbəkə istifadəçiləri qeyd edir ki, belə faktlar tez-tez baş verir. Üstəlik, nəinki dollar, buraxılış ilinin köhnəliyi səbəblərindən hətta “funt sterling” də bəzən qəbul edilmir.

“ABŞ-ın Qravirovka və Çap Bürosunun məlumatına görə, Federal Ehtiyat Sistemi tərəfindən buraxılmış bütün ABŞ dolları nominallı əskinaslar nə vaxt buraxılmasından asılı olmayaraq qanuni ödəniş vasitəsi olaraq qalır. Bununla belə, banklarımız xarici valyutanı qəbul etməyə borclu deyillər”, – deyə bank-maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov bildirib.

Ekspert vurğulayıb ki, yəni bank şərt qoya bilər ki, yalnız filan ildən çap olunmuş əskinasları qəbul etsin və buna hüququ da var: “Əskinasların dövriyyədən çıxarılması barədə ABŞ-ın xüsusi internet saytlarından bütün məlumatları öyrənə bilərsiniz”.

Bankların özləri almadıqları əskinasları niyə satmasına gəlincə, Ə.Həsənov qeyd edib ki, bu məsələ bankların öz ixtiyarına qalır: “Çünki qanunda bununla bağlı heç bir məhdudiyyət yoxdur. Qanuna boşluq var və bu da o deməkdir ki, vətəndaşlar valyuta alarkən daha diqqətli olmalıdırlar”.

Bununla belə, Həsənov hesab edir ki, banklar adətən köhnə dollar qəbulundan imtina etmirlər: “Düşünürəm ki, bu bir növ panikadır. Çünki buraxılış ilindən asılı olmayaraq ABŞ dolları, “funt sterling” qanuni ödəniş vasitəsidir. Məsələn, Avropanın özündə ödəniş üçün qəbul edilməyən və yalnız banklarda dəyişdirilə bilən 500 avroluq əskinasdan fərqli olaraq. Dollar və “funt sterling”ə gəldikdə isə belə bir problem yoxdur – onlar həmişə ödəniş üçün qəbul edilir. Və əgər əskinas bütövdürsə, zədələnməyibsə, banklar adətən onu qəbul etməkdən imtina etmirlər”.

“Bank ancaq belə əskinasların qəbulundan müştərilərin hansısa səbəbədən bankın özündən belə pulları almaqdan çəkindiyi üçün imtina edə bilər. Bu cür problemlərin digər səbəbi ya təcrübəsiz bank işçiləridir. Hansılar ki, pulun saxta olub-olmamsını yoxlaya bilmirlər, ya da bankda köhnə pulları yoxlamaq üçün avadanlıq yoxdur. Sonradan narahat olmamaq üçün maliyyə strukturu yalnız yeni pulları qəbul edə bilər. Ancaq yenə də bütün banklar bunu etmir”, – ekspert əlavə edib.

Məlumatlara görə, “Kapital Bank” 1993 və 1996-cı il buraxılışlı 100 dollarlıq əskinasları zədələnməmək şərti ilə qəbul edir. “Bank Respublika”da əskinas yaxşı veziyyətdədirsə mübadilədə heç bir problem olmayacaq. “Azər – Türk” Bank 1993 və 1996-cı il seriyalı 100 dollarlıq əskinasları vətəndaşlardan qəbul etmir, çünki vətəndaşlar özləri belə əskinasları götürməkdən imtina edirlər. “Rabitəbank” 1993 və 1996-cı il seriyalı 100 dollarlıq əskinasları vətəndaşlardan qəbul etmir və öz növbəsində vətəndaşlara da satmır.
Onu da bildirək ki, köhnə seriyalı əskinaslar ABŞ-ın özündə tədricən dövriyyədən çıxarılır. Lakin eyni zamanda, qanuni ödəniş vasitəsi olaraq qalır.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password