Azərbaycan və Ermənistan XİN başçılarının İsveçdə görüşünün baş tutmamasının səbəbi açıqlanıb
Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin İsveçin paytaxtı Stokholmda görüşünün baş tutmamasının səbəbi açıqlanıb.
Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva açıqlamasında bildirib ki, dekabrın 2-3-də Stokholm şəhərində ATƏT-in Nazirlər Şurasının 28-ci iclası keçirilib və Azərbaycan xarici işlər naziri bu iclasda iştirak edib:
“İclasdan öncə Minsk Qrupunun həmsədrləri Azərbaycan və Ermənistan nazirlərinin növbəti görüşünün Stokholmda keçirilməsi təklifi ilə çıxış etmişdi. Bəllidir ki, Azərbaycan hər zaman dialoqun tərəfdarıdır və bundan öncə keçirilmiş Nyu York, Minsk və Paris görüşlərində Azərbaycan xarici işlər naziri post münaqişə dövründə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması istiqamətində məsələlər ilə bağlı ölkəmizin mövqeyini qarşı tərəfin diqqətinə çatdırıb”.
Onun sözlərinə görə, dekabrın 3-də nəzərdə tutulan görüşdən bir neçə saat öncə Ermənistan tərəfi təxribat törədib: “Belə ki, Ermənistan parlamentarlarının Azərbaycan Respublikası ərazilərinə qanunsuz səfər etməsi ilə bağlı məlumat yayıldı. Beləliklə də Azərbaycan tərəfi Ermənistanın bu təxribatına cavab olaraq, Stokholmda iki ölkə nazirinin görüşünün keçirilməsini məqsədəuyğun hesab etmədi. Göründüyü kimi, iki ölkə arasında münasibətlərin normallaşdırılması istiqamətində Azərbaycan tərəfindən addımların atılmasına baxmayaraq, Ermənistan hərbi-siyasi təxribatlarını davam etdirir. Ermənistanın bu mövqeyi bölgədə sülh quruculuğu səylərinə xələl gətirir”.