Sülhməramlılar buna niyə göz yumur? – ETİRAZ
Ermənistan parlamentinin deputatları Xankəndinə səfərə gəlir. Bu barədə Ermənistan parlamentinin mətbuat xidməti məlumat yayıb. Bununla bağlı spiker Alen Simonyan sərəncam imzalayıb.
Nümayəndə heyəti bu gün Xankəndinə gələcək. Dekabrın 3-5 tarixlərində burada separatçı qrupla birgə dinləmlərdə iştirak edəcək. Deputatların sırasına komissiya sədri Sisak Qabrielyan, deputatlar Taqui Kazaryan, Lilit Qalstyan, Asmik Akopyan, Narek Babayan, Elinar Vardanyan, Akop Aslanyan və Knyaz Həsənov və ekspertlər daxildir.
Rəsmi Bakı Rusiya sülhməramlılarına xaricdən gələn şəxslərin Qarabağa buraxılmaması barədə bir neçə dəfə narazılığını bildirib. Lakin hər dəfə sülhməramlıların bu məsələyə biganə yanaşmasının şahidi oluruq. Eyni zamanda, düşmən tərəfinin nümayəndələri də yaranan vəziyyətdən öz xeyirləri naminə istifadə edir.
Maraqlıdır, Azərbaycan yaranan situasiya ilə bağlı hansı addımları atmalıdır?
Politoloq Fikrt Sadıqov açıqlamasında deyib ki, bütün rəsmi və qeyri-rəsmi qurumlar məsələ ilə bağlı yenidən rus sülhməramlılarına ultimatum göndərməlidir:
“Biz öz etirazımızı ilk növbədə Xarici İşlər Nazirliyinin xətti ilə verməliyik. Bununla bağlı bizim bəyanatımız olmalıdır. Ermənistana yox, çünki Ermənistanla bizim əlaqələrimiz yoxdur, amma Rusiya ilə partnyorluq münasibətləri varsa, rus sülhməramlılarına etiraz bildirilməlidir.
Sülhməramlılar xarici vətandaşları bizim torpaqlarımıza buraxmamalıdır. Burada həm Xarici İşlər Nazirliyimizin, Parlamentimizin etirazı bildirilməlidir. Şübhə etmirəm ki, bizim bir sıra rəsmi və qeyri-rəsmi qurumlar öz sözünü deyəcək. Çünki vaxtilə Fransanın və bir sıra rəsmilərin ora getməsi ilə bağlı qalmaqal yaranmışdı. Bunu sülhməramlıların rəhbərliyi də bildikdən sonra müəyyən pauza yarandı.
Yəni sülhməramlılar müəyyən zaman kəsiyində heç kəsi həmin ərazilərə buraxmadılar. Amma digər tərəfdən, reallıqdan uzaqlaşmayaq. Əgər 2 erməni deputatı ora gəlmək istəyirsə, bu heç də o demək deyil ki, onların məkrli niyyətləri varsa, o reallaşacaq, dediklərinə əməl olunacaq. Bəlkə də, onların niyyətləri, məqsədləri havadan asılmış olacaq. Buna diqqət yetirməliyik. Lakin istənilən halda qabaqlayıcı addımlarımızı bütün istiqamətlərdə atmalıyıq”.