Seysmoloji Xidmət Mərkəzinin görsənməyən reallıqları

 

Məlum olduğu kimi Azərbaycan yeraltı təkanların, kiçik zəlzələlərin tez-tez müşahidə olunduğu ölkələrdən biridir. Region hələ qədim dövrlərdən tez-tez zəlzələlərə məruz qalırdı. Xəzər dənizi akvatoriyasında və Abşeron seysmik ocaqlarında ciddi təhlükələr bu gün də olmaqdadır. Elə sonuncu onillikdə respublika ərazisində, şimal zonasında baş verən ardıcıl zəlzələləri də buna misal çəkmək olar. Zəlzələ elə bir təbii hadisədir ki, onun qarşısının alınması hələ bütün dünyada mümkün olmayıb. Zəlzələrin fəsadlarından qaçmağın yeganə yolunu isə mütəxəssislər, yüksək keyfiyyətli, bütün dünyada qəbul edilmiş normalara cavab verən tikinti işlərinin aparılmasında görürlər.

Yeraltı təkanların tez-tez baş verdiyi ərazi olmasına baxmayaraq Azərbaycanda seysmoloji xidmət sahəsinin inkişafı daha çox ölkəmiz ikinci dəfə müstəqillik qazandıqdan sonrakı illərə təsadüf edir. Hazırda Respublika Seysmoloji Xidmət Mərkəzinin nəzarətində 62 seysmik stansıya mövcuddur ki, bunların vasitəsi ilə tədqiqatlar aparılır. Mərkəz istehsal sahəsi olmadığından, təbii ki, dövlət büdcəsindən maliyələşir. Büdcədən ayrılan dövlət vəsaitləri burada necə və nə kimi işlərə xərclənir? Son illər ölkənin seysmik stansiyalarının yeni və ən müasir avadanlıqlarla təchiz olunub, telemetrikpeyk rabitə kanallı, müasir seysmik monitorinq sistemi yaradılıb.

Bununla bərabər Respublika Seysmoloji Xidmət Mərkəzinin maliyyə və təsərrüfat sahəsində neqativ hallara da yol verilir. Belə ki, Seysmoloji Xidmət Mərkəzi 2020-2021-ci illərdə dövlət satınalmaları yolu ilə müəyyən xidmətlərin görülməsinə və malların alınmması üzrə bir neçə tender və kotirovka sorğusu proseduru həyata keçirib. Həmin satınalmalar ətrafında apardığımız araşdırmalarda dövlət satınalmaları haqqında qanunun tələblərinə əməl edilməməsinə şübhə yaradan bir sıra hallar məlum olmuşdur. Mərkəzin Tender Komissiyasına ünvanladığımız sorğu məktubu isə cavabsız qalmışdır.
Aktualinfo.org bəhs olunan, keçirilmiş kotirovka sorğuları üzrə bağlanmış müqavilələrdə saxtakarlıq hallarına yol verildiyi şübhəsi yaradan satılma prosedurların bəzilərini diqqətinizə çatdırır.

Maşın və avadanlıq mallarının satın alınması üzrə müsabiqə yolu ilə keçirilmiş açıq tenderdə 90 871.8 manat dəyərində satınalma müqaviləsi 17.09.2021-ci il tarixdə “HİGHTECHNİC SYSTEMS” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanıb.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “HİGHTECHNİC SYSTEMS”  Məhdud Məsuliyyətli Cəmiyyətinin 19.09.2014-cü il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri  Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ XƏTAİ RAYONU,  1-Cİ YAŞIL ADA, ev AĞ ŞƏHƏR, qanuni təmsilçisi kimi isə BULENT SIMDI qeyd olunub.

Tikili və avadanlıqların cari təmiri üzrə işlərin və malların satınalınması üzrə müsabiqə yolu ilə keçirilmiş açıq tenderdə 92 114.21  manat dəyərində satınalma müqaviləsi 12.08.2021-ci il tarixdə “SİNERJİ PROJE YÖNETİMİ ELEKTRİK ELEKTRONİK VE SAĞLIK TEKNOLOJİLERİ DIŞ TİCARET LİMİTED” ŞİRKƏTİNİN AZƏRBAYCAN RESPUBLİKASINDAKI FİLİALI ilə bağlanıb.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “SİNERJİ PROJE” şirkəti azərbaycan filialının 16.09.2009-cu il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri  Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı göstərilməyən şirkətin hüquqi ünvanının BAKI ŞƏHƏRİ BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYONU, YAŞAR HÜSEYNOV, ev 17, qanuni təmsilçisi kimi isə UFUK AYDIN qeyd olunub.

Dəftərxana və təsərrüfat mallarının satın alınması üzrə müsabiqə yolu ilə keçirilmiş açıq tenderdə 76 545.95 manat dəyərində satınalma müqaviləsi 26.07.2021-ci il tarixdə “BİSB SOLUTİONS” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanıb.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “BİSB SOLUTİONS” Məhdud Məsuliyyətli Cəmiyyətinin 12.06.2012-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri  Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 20 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ, NƏRİMANOV RAYONU, YAŞAR HÜSEYNOV, ev 17, qanuni təmsilçisi kimi isə LEVENT SAYAR qeyd olunub.

Bağlanmış müqavilələrdən də göründüyü kimi Respublika Seysmoloji Xidmət Mərkəzi qanuni təmsilçilərinin Türkiyə vətəndaşı olduğu üç şirkət ilə ümumi olaraq 259 531 manat məbləğində satınalma müqaviləsi bağlanılıb. Burada diqqət çəkən bir məqam var. Qanuni təmsilçiləri Türkiyə vətəndaşı olan “BİSB SOLUTİONS” və “SİNERJİ PROJE” şirkətlərinin eyni ünvanda,  BAKI ŞƏHƏRİ, NƏRİMANOV RAYONU, YAŞAR HÜSEYNOV, ev 17-də yerləşmələridir. Yəni bu, iki şirkətin bir nəfər tərəfindən idarə olunmasına şübhə yaradır ki, mövcud qanunlara görə yolverilməzdir.

Digər yol verilən qanunsuzluqlar hansılardır? Respublika Seysmoloji Xidmət Mərkəzi tərəfindən 2020-ci ildə bir sıra kotirovka sorğuları keçirilmiş, lakin nəticələri qanunun tələb etdiyi kimi ictimaiyyətə açıqlanmamışdır.

Digər malların satın alınması üzrə 23.12.2020-ci il tarixdə elan olunmuş kotirovka sorğusunun nəticələri;

“Zəlzələlərin tədqiqat bürosu”nun inzibati binasında abadlıq işlərinin satın alınması üzrə 14.09.2020-ci il tarixdə elan olunmuş kotirovka sorğusunun nəticələri;

Gədəbəy seysmoloji stansiyasında abadlıq işlərinin satın alınması üzrə 08.10.2020-ci il tarixdə elan olunmuş kotirovka sorğusunun nəticələri;

Xınalıq seysmoloji stansiyasında abadlıq işlərinin satın alınması üzrə 08.10.2020-ci il tarixdə elan olunmuş kotirovka sorğusunun nəticələri;

Zaqatala seysmoloji stansiyasında abadlıq işlərinin satın alınması üzrə 08.10.2020-ci il tarixdə elan olunmuş kotirovka sorğusunun nəticələri;

Astara seysmoloji stansiyasında abadlıq işlərinin satın alınması üzrə 08.10.2020-ci il tarixdə elan olunmuş kotirovka sorğusunun nəticələri;

Lənkəran seysmoloji stansiyasında abadlıq işlərinin satın alınması üzrə 08.10.2020-ci il tarixdə elan olunmuş kotirovka sorğusunun nəticələri;

Mebel və mebel dəstlərinin satın alınması üzrə 14.09.2020-ci il tarixdə elan olunmuş kotirovka sorğusunun nəticələri;

Mətbəə və çap işlərinin satın alınması üzrə 14.09.2020-ci il tarixdə elan olunmuş kotirovka sorğusunun nəticələri;

Yumşaq inventarın satın alınması üzrə 14.09.2020-ci il tarixdə elan olunmuş kotirovka sorğusunun nəticələri;

Mətbəə xərci üzrə 13.07.2020-ci il tarixdə elan olunmuş kotirovka sorğusunun nəticələri;

Yumuşaq inventar üzrə 13.07.2020-ci il tarixdə elan olunmuş kotirovka sorğusunun nəticələri;

Qeyd edək ki, dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumatlardan da görsəndiyi kimi Respublika Seysmoloji Xidmət Mərkəzinin Tender Komissiyası yuxarıda göstərilən tarixdə kotirovka sorğularının keçirilməsi barədə elan versə də, keçirilmiş kotirovka sorğusununn nəticələri, habelə müqavilələrin bağlanması barədə heç bir məlumat açıqlamamış, ayrılan vəsaitlər barədə məlumatları gizlətmişdir. Yuxarıda qeyd etdiyimiz elanlardan da görsəndiyi kimi Seysmoloji Xidmət Mərkəzi tərəfindən keçirilmiş kotirovka sorğularında  “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun 5 və 10-cu maddələrinin tələbləri kobud şəkildə pozulmuşdur.

Xüsusilə qeyd etmək istərdik ki, 2019-cu ildə nəticələri açıqlanmış bir neçə kotirovka sorğularından başqa Respublika Seysmoloji Xidmət Mərkəzinin Tender Komissiyası tərəfindən keçirilmiş bütün kotirovka sorğuları barədə dövlət satınalmalarının vahid internet portalının bazasında heç bir məlumat yerləşdirilməyib. Bu nədən irəli gəlir?

Bir çox hallarda bu səhlənkarlıqdan irəli gəlirsə, bir çox hallarda da buna bilərəkdən yol verilir. Çünki, dövlət qurumları bir çox hallarda rəhbərlərə yaxın adamların adına yaradılmış şirkətlərlə, şişirdilmiş qiymətlər əsasında müqavilər bağlayırlar ki, bunu gizlətmək məcburiyyətində qalırlar. Adları ictimaiyyətdən gizlədilən bu şirkətlərin Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli ilə hər hansı bir bağlılıqlarının olması barədə indi biz söz deyə bilmərik. Amma görsənənlər və cavabsız qalan suallar şübhələnməyə əsas yaradır. Bizim şübhələr yanlış da ola bilər, amma Seysmoloji Xidmət Mərkəzinin reallıqları da göz qabağındadır.

 

Aktualinfo.org

 

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password