Blinkenlə görüş öncəsi atəş: İrəvanın hədəfi nədir?

 

ATƏT-in Nazirlər Şurasının Stokholmda keçirilən 28-ci iclası çərçivəsində Cənubi Qafqazla bağlı aktiv diplomatik trafik baş tutub.

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ABŞ Dövlət katibi Entoni Blinkenlə görüşüb: 10 noyabr üçtərəfli bəyanatı, postmünaqişə dövründəki vəziyyəti, eləcə də sərhəd məsələsini müzakirə edib.

Nazir çıxışında Bakının mövqeyinə dair mesajlar da verib:

– 30 ilə yaxındır davam edən Qarabağ münaqişəsi başa çatıb;

– Ermənistan 10 noyabr razılaşmasının bütün bəndlərini yerinə yetirməli, silahlı qüvvələrini Azərbaycan ərazisindən çıxarmalıdır;

– Minalanmış ərazilərin tam və dəqiq xəritələrini verməli, I Qarabağ müharibəsində taleyi məlum olmayan 4 min azərbaycanlının yerinin müəyyən edilməsi öhdəliyini yerinə yetirməlidir;

– Zəngəzur dəhlizinin tezliklə işə salınması bölgə ölkələri üçün yeni imkanlar yaradacaq.

Və postmünaqişə dövrü ilə bağlı çağırışlar edin. ATƏT platformasında verilən bu mesajlar xüsusilə “münaqişə bitməyib” iddialarına qarşı əhəmiyyətlidir.

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan da Blinkenlə görüşdü: sərhəd məsələsini öz maraqları kontekstində təqdim etdi və ABŞ Dövlət katibindən “erməni əsirləri”n qaytarılmasına kömək istədi; Mirzoyan çıxışında “Qarabağda öz müqəddəratını təyin etmədən” bəhs etdi, Minsk Qrupu formatının bərpasının vacibliyini vurğuladı.

ATƏT çətiri altında diplomatik trafikin fonunda Qarabağda açılan atəş diqqət çəkir: erməni tərəfi Azərbaycanın Qırmızı Bazar istiqamətində atəş açdığı iddiasını kütləvi şəkildə tirajladı və bu informasiya, eləcə də qarşıdurmaya rəvac verə biləcək təxribat atəşi məhz İrəvanın Avropada “münaqişə hələ bitməyib” tezisini gücləndirməyə hesablanmışdı.

İrəvan istəyinə nail oldumu?

Bu sualın cavabını xüsusilə Blinkenin çıxışında axtarmaq olar. ABŞ Dövlət katibi “Dağlıq Qarabağ münaqişəsi”nə davamlı sülh yolu ilə son qoymaq üçün Minsk Qrupunun həmsədrləri ilə əməkdaşlığı davam etdirməyə çağırırıq” sözləri ilə məsələyə ümumi yanaşma sərgilədi və bu, münaqişənin həllində iştirak etməyən, bölgədəki maraqlarını “Minsk Qrupu formatı” çərçivəsində gündəmdə saxlayan Vaşinqtonun əvvəldən sərgilədiyi mövqenin davamı idi. Hərçənd, Blinkenin çıxışının Cənubi Qafqazla bağlı hissəsini daha çox postmünaqişə dövrünə aid etmək olar.

1. ABŞ Azərbaycan və Ermənitan hökumətləri arasında birbaşa dialoqun bərpasını alqışlayır;

2. Tərəfləri humanitar məsələlərin həllinə – saxlanılanlar, itkin düşmüş şəxslər, mina xəritələri – dəvət edir;

3. Sərhədin delimitasiya və demarkasiyasına, eləcə də iqtisadi və nəqliyyat əlaqələrinin bərpa edilməsinə çağırır;

4. Və ümid edir ki, “orada hamımız birlikdə, o cümlədən Rusiya ilə işləyə, irəliləyişə nail ola bilərik;

Blinkenin açıqlaması, xüsusilə humanitar və nəqliyyat əlaqələrinin bərpası ilə bağlı dedikləri ABŞ-ın postmünaqişə dövrünə dair problemlərin həllindən yana olduğunu göstərir. Bu, Bakının postmünaqişə dövründə Minsk Qrupunun həmsədr ölkələrinin humanitar məsələlərə yardım etməsi mövqeyinə uyğundur, eyni mövqeyi Ankara və Moskva da müdafiə edir. Vaşinqton Şərqi Avropadan fərqli olaraq, Cənubi Qafqazda Rusiya təsirini və gündəliyini qəbul edir, Moskvanın qarşısında alternativ kimi isə Ankaranı görür. Stokholmda Çavuşoğlu-Lavrov, Blinken-Lavrov görüşündə Bakı-İrəvan münasibətlərinin bərpası məsələsinin müzakirəsindən sonra Blinkenin Riqada – NATO XİN rəhbərlərinin toplantısı çərçivəsində Çavuşoğlu ilə Azərbaycan-Ermənistan münasibətlərini müzakirə etməsi bu yanaşmadan qaynaqlanır.

 

Asif Nərimanlı

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password