“ÖLÜ SÜKUT”: DSX-nin cəmiyyətə məlumat verməsində ciddi problem var – FOTO
Noyabrın 30-da baş vermiş 14 hərbçimizin şəhid olması, daha iki hərbçimizin yaralanması ilə nəticələnən helikopter qəzasının üzərindən artıq üç gün keçir. Hadisənin üzərindən üç gün keçsə də, məsələ ətrafında cəmiyyətdə “sui-qəsd” nəzəriyyələri irəli sürənlər, müxtəlif əsassız və cəfəng iddiaları səsləndirənlər hələ də qalmaqdadır.
Qəza barədə rəsmi məlumatların açıqlanması ilə birlikdə bu cür iddialar alt-üst edilsə də, hər halda əsassız iddialara əsas verən bir məqamı da diqqətdən kənar qoymaq olmaz.
Bu məqam isə hadisə baş verən zaman Dövlət Sərhəd Xidmətinin informasiya məkanında səbəb olduğu boşluqdur. Təəssüf ki, həmin boşluğun indiyə qədər doldurulduğunu da demək mümkün deyil.
İlk növbədə onu qeyd edək ki, Dövlət Sərhəd Xidmətinin rəsmi saytında bu günə – 2 dekabr 2021-ci il tarixinə qədər hadisə ilə bağlı yalnız bir informasiya yerləşdirilib:
“Saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğramışdır. Qəza nəticəsində helikopterin heyəti arasında həlak olanlar və yaralananlar var. Dövlət Sərhəd Xidmətinin və Baş Prokurorluğun rəhbər heyəti hadisə yerindədir. Hadisə ilə əlaqədar birgə araşdırma tədbirləri həyata keçirilir”.
Haqlı olaraq, 30 noyabr 2021-ci il saat 12:11-də verilmiş bu açıqlamanı DSX-nin faciəvi hadisə zamanı fəaliyyətinin icmalı kimi qəbul edə bilərik. Çünki hadisələrin mərkəzində dayanan qurumun rəsmi saytında bu – ilkin informasiyadan başqa faciəvi hadisə ilə bağlı tək bir cümləyə belə yer verilməyib.
Qəzaya uğrayan Mi-17 helikopteri Dövlət Sərhəd Xidmətinə məxsus olub. Qəza zamanı qurumun 14 peşəkar zabiti şəhid olub, daha iki hərbçisi yaralanıbsa, əhalinin, sadə vətəndaşların, jurnalistlərin məlumat arxasınca baş vuracağı ilk ünvan hara olmalıdır? Yəni, bu cür faciəyə qurumdan həssas yanaşma gözləyən vətəndaşlar, ölkə mətbuatı səhvmi edib? Hadisə ilə bağlı cəmiyyəti maraqlandıran suallara operativ cavab vermək, ortaya atıla biləcək bir çox şayiələrə yerindəcə son qoymaq mümkün olduğu halda, informasiya məkanında “ölü sükutu” nümayiş etdirməyə səbəb nə idi?
Əlbəttə ki, hər kəs Dövlət Sərhəd Xidmətindən bu cür məqamda həssas yanaşma tələb etməkdə haqlıdır və burada qurumun yol verdiyi nöqsanları vurğulamaq gərəklidir. Çünki 30 noyabrda baş verən qəza Azərbaycanda böyükdən kiçiyə hər kəsin kədərinə səbəb olan, ölkənin istisnasız şəkildə bütün vətəndaşlarını maraqlandıran hadisə idi. Eyni zamanda, helikopterdəki 16 zabitin ailələri, yaxınları, dostları, tanışları və öz hərbçilərinin aqibəti ilə bağlı intizarda olan milyonlarla azərbaycanlı ən kiçik bir informasiya üçün belə gözlərini məhz DSX-nin məlumatlarına dikmişdi. Ancaq sözügedən qurumda təəssüf ki, bu gözləntinin əhəmiyyətini və zərurətini lazımınca qiymətləndirən tapılmadı.
Hadisə baş verən günü mətbuat orqanları tərəfindən Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətinə dəfələrlə sorğular göndərilsə də, nəticəsi olmayıb. Qurumun mətbuat xidməti adəti üzrə sualların çox böyük əksəriyyətinə cavab verməyib.
Məhz bu cür yanaşma isə ilk cümlələrdə qeyd etdiyimiz həmin o “sui-qəsd” nəzəriyyələrinin ortaya çıxmasına zəmin yaradıb, cəmiyyət arasında narazılıqlara səbəb olub. Yaranmış informasiya boşluğundan istifadə edənlər, məsələnin həssaslığını nəzərə almadan müxtəlif iddialarla informasiya məkanına hücum etdilər. Bu cür şayiələrin peyda olduğu həmin anlarda belə DSX məsuliyyəti öz üzərinə götürərək, cəmiyyətə düzgün informasiya çatdırmaq öhdəliyinin öhdəsindən gəlmədi.
Üzərindən üç gün keçsə də, qurumun rəsmi saytı hələ də zəruri məlumatları yaymaq haqqında düşünmür deyəsən…
Məsuliyyətsizlik, etinasızlıq o səviyyəyə çatıb ki, hətta şəhid olan hərbçilərimizin siyahısı belə bu günədək saytda yerləşdirilməyib. Hadisədən bir qədər sonra sosial şəbəkələrdə, bəzi xəbər saytlarında helikopterdə olanların qeyri-rəsmi siyahısı artıq yayılmağa başlamışdı. Vətəndaşların həyəcanla xəbər gözlədiyi bir məqamda bu məsələyə münasibət bildirmək, səhvlər vardısa onlara müdaxilə etmək olardı. Ancaq edilmədi. Baxmayaraq ki, həmin məqamda DSX-dən daha etibarlı bir mənbə yox idi. Mənbə isə sükutunu pozmağı bacarmadı. Yəqin ki, DSX sözügedən informasiyanı önəmli hesab etməyib.
Ən pisi isə Dövlət Sərhəd Xidmətinin kommunikasiya məsələlərinə cavabdeh əməkdaşlarının hələ də öz səhvinin fərqində olmamasıdır. Hadisə baş verən gün onsuz da fəaliyyətsizliyi ilə tənqid oxlarını üzərinə çevirən qurum, yol verdiyi nöqsanın, daha dəqiq desək hərəkətsizliyin fərqində deyil. Cəmiyyət arasında şayiələrə səbəb olan, əhalinin intizarda qalmasına səbəb olan qurum hələ də öz saytındakı vəziyyətdən xəbərdar deyil…
P.S. DSX-nin sosial şəbəkələrdə hesabları da yoxdur, yaxud varsa belə yox kimidir. Təsəvvür edin, www.facebook.com/dsx.gov.az hesabı yaradılıb, lakin heç bir məlumat yerləşdirilməyib, bu hesabda sonuncu “hərəkət”in 13 mart 2018-ci ildə (!) edildiyi görünür. Qurumun “Instagram” hesabı da ya yoxdur, yaxud varlığı ilə yoxluğu bilinmir. Bu isə DSX-nin cəmiyyətlə əlaqələrinin hansı səviyyədə olmasının bariz nümunəsidir./oxu.az