“Azəristilik” sədri kimdir? Milyonlar necə yeyilir?

Artıq 18 gündür Bakı da daxil olmaqla, Azərbaycanın aran rayonlarında qış rejiminə keçilib və evlərə istilik gəlməlidir. Ancaq vəziyyətdən heç də hamı razı deyil və yaxud əksəriyyət ciddi şəkildə narazıdır.

Mənzillərdə istilik gözləyən və “Azəristiliktəchizat” ASC rəsmilərinin bir ay əvvəldən “çoxdan hazırıq” sözlərinə inanan sakinlərin bütün ümidlərini qurum ilk gündəncə məhv etdi, 15 noyabrda mənzillərə istilik verilmədi.

Sorğuya cavab olaraq isə “Azəristiliy”in “hərşeyşünası” – Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev (bu adı yadda saxlayın) elan etdi ki, bəs, qazanxanalar indi işə salınır.

16 noyabrda Bakının bir çox ərazisinə istiliyin çatmamasına R.Əliyev səbəb olaraq qazanxanalarda suyun yeni-yeni qızmağa başladığını, yaxın saatlarda mənzillərə veriləcəyini bildirdi.

17 noyabrda isə həmən bu “Azəristiliy”in ictimai siması, sifəti, üzü olan və hər sözü ilə bu simanın necəliyini ifadə edən R.Əliyev rəsmi şəkildə bəyan etdi ki, biz Bakıya birdən-birə istilik verə bilmərik ki? Tədricən, yavaş-yavaş binalara istilik veriləcək.

Bu sözləri və əlbəttə ki, bu əməli heç bir idarə rəsmisi öz peşəsinə sığışdırmamalıdır. 15 noyabrdan istiliyin verilməsi barədə NK-nın qərarı var – ya icra edəcəksən, ya da rədd olub gedəcəksən! O qərarda Bakının “tədricən”, “yavaş-yavaş”, “bala-bala” qızdırılması barədə göstəriş-filan yoxdur. Bakının bütün əhalisi 15 noyabr 00:00-dan – yəni 14 noyabr gecəsindən istilik almalı idi, ancaq “Azəristiliy”in sayəsində 15 noyabrda qazanxanalar “işə düşdü”, yalnız 18 noyabra qədər Bakının əhəmiyyətli hissəsini istiliklə təmin edə bildilər.

Və partlamalar başladı

20 noyabra qədər bir neçə məhəllə və ərazilər istisna olmaqla, Bakı istiliklə təmin edilmişdi. Ki, “Azəristiliy”in “kövrəkliyi” üzə çıxdı: hər gün bu neft-qaz ölkəsinin paytaxtında böyük bir ərazidə istiliyin verilməsi dayanır və bir çox hallarda günlərlə bərpa edilmir. Səbəb isə boruların partlaması, hər üç gündən bir “magistral xətt” adlı “günahkarın” özünü yaxşı aparmaması və sıradan çıxmasıdır. Bu magistral xətt nədirsə, o, yalnız iki gün dözə bilir, sonra onun təmirinə ən azı 3-5 gün zaman gedir.

“Azəristiliktəchizat” ASC-nin özü də Xətai rayonunda, Xudu Məmmədov küçəsində yerləşir. Bu ASC-nin öz yerləşdiyi rayonda istilik sözün tam mənasında bərbaddır. Rayonun əsas hissəsi istiliyi 18 noyabrda alıb, 20 noyabrda isə kəsilib – rəsmi açıqlamaya görə, magistral xəttdə qəza baş vermişdi. Qəzanın aradan qaldırılması 3 gün çəkdi və 23 noyabrdan istilik bərpa olundu.

28 noyabrdan isə yenidən “magistral xətt”də qəza baş verib. 30 dekabrda Rafiq Əliyev – yuxarıda xatırlatdığımız sima – elan etdi ki, təmir başa çatıb və istilik yaxın saatlarda veriləcək.

2 dekabrdır, havalar soyuyub, hələ də təmir gedir, hələ də istilik bərpa olunmayıb!

“Azəristilik” yay aylarında istilik xətlərinə niyə nəzarət etmir? Dövlətdən ayrılan vəsaitlər hara gedir?

“Azəristiliy”ə ayrılan dotasiyalar

Bu dövlət qurumu 2005-ci ildə yaranıb. Hər il bu quruma dövlət büdcəsindən cari xərclər üçün külli miqdarda vəsait ayrılır.

İnternet resurslarından əldə etdiyimiz məlumata görə, bu qurum haqda 2013-cü ildə hazırkı vitse-spiker, həmin zaman deputat olan Adil Əliyev maraqlı açıqlama yayıb. O bildirib ki, 2012-ci ildə büdcə layihəsinə ölkə ərazisində istilik sistemi üzrə yaranan zərərin ödənilməsində istilik sistemi və təchizati obyektlərinin istismarına və təmirinə 31,6 milyon manat ayrılıb. 2011-ci ildə isə ayrılan vəsait 19 milyon manat olub. Ümumilikdə 2005-2010-ci illərdə isə istilik sisteminə üst-üstə təxminən 77 milyon manat ayrılıb”.

Adil Əliyev “Azəristiliktəchizat”ın rəhbəri Yaşar Həsənova müraciət də etmişdi:

“Cənab Yaşar Həsənovun nəzərinə çatdırmaq istəyirəm ki, mənim seçicilərimin (Adil Əliyev Nərimanov rayonundan seçilib – red.) hələ də istilik məsələsi həll olunmamış qalıb və mən onların millət vəkili kimi rəsmi müraciətimi bu rəqəmlərin yoxlanması üçün Hesablama Palatasına və Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə təqdim etməyə hazırlaşıram”.

2013-cü ildən 2021-ci ilə qədər Azəristilik ASC-yə büdcədən əlavə nə qədər dotasiya ayrıldığı bəlli deyil, bununla bağlı sorğu vermişik və rəqəmlər əldə etdikdə, mütləq bu yazı da yenilənəcək.

Ancaq təxmin etmək olar ki, ilbəil Azəristilik ASC-yə ayrılan vəsait də artıb: 6 il ərzində (2005-2010) 77 milyon, 2011-də 19, 2012-də 31,6 milyon və s. ardıcıllığı əsasında dotasiyanın ildən-ilə artdığını düşünmək olar. Nəticədə isə heç bir əsaslı təmir yoxdur; əvəzində isə yalnız qəzaların sayı artır…

“Azəristiliy”in tenderlərində qalib gələn kimdir?

Açıq mənbələrdən əldə etdiyimiz məlumata görə, “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti tərəfindən nəticəsi 10.01.2020-ciil tarixdə elan olunmuş xüsusi texnika, maşın və mexanizmlərin icarəsinin satınalınması üzrə 237.250.8 manat məbləğində müqavilə “EL-Rado” MMC ilə bağlanıb.

Elə həmin tarixdə modul tipli qazanxanaların daşınması və quraşdırılmasının satınalınması üzrə 21.600 manat məbləğində müqavilə də “EL-Rado” MMC ilə bağlanıb.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarda “EL-Rado” MMC-nin 09.04.2019-cu il tarixdə Sumqayıt şəhərindəki 2 saylı Ərazi Vergilər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. MMC-nin nizamnamə kapitalı 10 manat, hüquqi ünvanı Abşeron rayonu, Məmmədli qəsəbəsi, Kürdəxanı yolu, qanuni təmsilçisinin isə Elnur Muxtar oğlu Cəmilli olduğu göstərilib.

“Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti tərəfindən 14.01.2020-ci il tarixdə keçirilən, məsafədən nəzarət ölçü sistemləri və elektrotexniki avadanlıqlarının satınalınması üzrə tenderdə qalib “Elektrogas” Məhdud Məsuliyyətli Cəmiyyəti olub və 264.707.12 manat məbləğində müqavilə bağlanıb.

“Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti ilə “Elektrogas” MMC arasında 30.09.2019-cu il tarixdə qazanxana və istilik şəbəkələri üçün müxtəlif markalı nasos və ehtiyyat hissələrinin satınalınması üzrə 294.136.42 manat, istilik təsərrüfatlarında nəzarət ölçü cihazları və avtomatika avadanlıqları və onların ehtiyat hissələrinin satınalınması üzrə 112.587.22 manat, qaz sayğacları, qaz avadanlıqları və onların ehtiyat hissələrinin satınalınması üzrə isə 159.809.76 manat dəyərində müqavilələr bağlanıb.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “Elektrogas” Məhdud Məsuliyyətli Cəmiyyəti 13.08.2018-ci il tarixdə Sumqayıt şəhərindəki 2 saylı Ərazi Vergilər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. MMC-nin nizamnamə kapitalı 20 manat, hüquqi ünvanı Yasamal rayonu, General Akim Abbasov ev 1C, m. 22, qanuni təmsilçisinin isə Elnur Muxtar oğlu Cəmilli olduğu göstərilib.

Bu Elnur Cəmilli kimdir? Niyə külli miqdarda tenderləri “Azəristilik”dən yalnız onun şirkətləri udur?

“Aktualinfo” saytı daha bir maraqlı faktı da tirajlayıb. Bu faktlar tirajlandıqdan sonra bu il tenderin qalibi dəyişib.

“Azəristilik” qazanxana və istilik şəbəkələrinin istismarı üçün layihə üzrə müəyyən edilmiş müxtəlif markalı nasos, mühərriklərin satınalınması üzrə 43 660 manat məbləğində satınalma müqaviləsi 18.11.2021-ci il tarixdə “Tikinti bərpa firması” MMC ilə bağlanıb.

Dövlət Vergi Xidmətinin 19 noyabra olan məlumatlarında “Tikinti bərpa firması” MMC-nin 124 297.28 manat vergi borcu olduğu göstərilir. “Dövlət satınalamları haqqında” Qanunda isə vergi borcu olan şirkətin tenderdə iştirakını qadağan edir.

“Azəristiliktəchizat” ASC-nin sözügedən MMC ilə iki ayda 543 851 manat məbləğində satınalma müqaviləsi bağladığı məlum olub: Birini qeyd etdik – 43 660 manatlıq. İkinci – istilik təchizatı sistemlərinin təmiri və bərpası üçün lazım olan müxtəlif material və ehtiyat hissələrinin satınalınması üzrə 222 962 manat məbləğində satınalma müqaviləsi 12.10.2021-ci il tarixdə bağlanıb; üçüncü – qazanxana və istilik şəbəkələrinin istismarı üçün layihə üzrə müəyyən edilmiş nəzarət ölçü cihazları və avtomatika avadanlıqları və onların ehtiyat hissələrinin satınalınması üzrə 277 229.2 manat məbləğində satınalma müqaviləsi isə 20.09.2021-ci il tarixdə.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “Tikinti bərpa firması” MMC-nin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsində 03.03.2011-ci il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı Quba rayonu, Quba şəhəri, məh. 16, qanuni təmsilçisinin isə Cəfərov Rafiq İmamqulu oğlu olduğu göstərilir.

Bağlanmış müqavilələrdən də göründüyü kimi “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti tərəfindən keçirilmiş tenderlərdə satınalmalar haqqında qanunun tələbləri pozulub.

İki il ardıcıl Elnur Cəmilli, daha sonra isə iki aya yarım milyondan çox Rafiq Cəfərov.

Hər ikisində də pozuntularla…

Açıq mənbələrdə bu faktlar yetərincədir və hər kəs azacıq əziyyət çəkməklə bunlarla tanış ola bilər. Maraqlıdır ki, “Azəristilik” heç vaxt bu ittihamlara cavab verməyib.

Yeri gəlmişkən, qurumun rəhbəri Yaşar Həsənov 2005-ci ildən – qurum yarandığı gündən bu ASC-yə rəhbərlik edir…/axar.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password