İrəvan aeroportu Rusiyaya gedənlərlə doludur
44 günlük müharibədən sonra ekspertlər Ermənistandan mühacirətin artacağını proqnozlaşdırırdılar. Bu, 2021-ci ilin fevralında Rusiya Ermənistanla hava sərhədini bir ay müddətinə açan zaman yaranan ajiotajla təsdiqləndi. Adi vaxtlarda 70-90 min dram (140-180 dollar) olan biletlərin qiyməti 300-400 min drama (620-830 dollar) qədər qalxdı. Buna baxmayaraq, fevral ayında “Zvartnots” hava limanı Rusiyaya gedənlərlə dolu idi.
Bunu “Sputnik Ermənistan”ın əməkdaşı Janna Poqosyan yazıb.
“Digər aylarda da miqrasiya tendensiyası davam etdi və təkcə hava limanında deyil, həm də Şengen ölkələrinə və ABŞ-a getmək üçün sənədlər hazırlayan viza mərkəzlərinin önündə növbələr var idi. Hətta bəzi ölkələrin səfirlikləri, məsələn, Yunanıstan Ermənistan vətəndaşları üçün uzunmüddətli viza almaq prosesini asanlaşdırdılar. Əgər koronavirus pandemiyasından əvvəl 15 iş günü ərzində viza verilirdisə, indi Yunanıstan səfirliyi cəmi 2-3 iş günü ərzində viza verə bilər”, – Poqosyan qeyd edib.
Müəllif yazır ki, bu ilin son 9 ayında Ermənistanı 103 min nəfər tərk edib və geri qayıtmayıb. 2017-ci ilin ilk 9 ayında Ermənistanı 75 min nəfər, 2018-ci ildə 42 min, 2019-cu ildə isə 36 min nəfər tərk etmişdi:
“Rəqəmlər onu göstərir ki, inqilabdan sonra miqrasiya faizi azalmışdı. Amma indi mənzərə başqadır və bunu birmənalı demək mümkün deyil. Səbəb inqilabdan gözləntilərin özünü doğrultmamasıdırmı, müharibə və ya müharibədən sonrakı xaosla bağlıdırmı? İrəvanın “Zvartnots” hava limanında Rusiya istiqamətləri hələ də doludur. İnsanların sadəcə işləməyə getmədiyini güman etmək olar. Müstəqillikdən sonra 30 il ərzində (1991-2020) Ermənistana köçənlərin sayı ilə ölkədən gedənlərin sayı arasındakı fərq mənfi 1 milyon 250 min nəfərdir”.