Əliyev Aşqabadda bir sazişlə iki nəticə əldə etdi

 

Əliyev Rəisi ilə görüşdü və Azərbaycan-İran-Türkmənistan qaz mübadiləsinə dair üçtərəfli saziş imzaladı: sazişə əsasən Türkmənistan İran vasitəsilə Azərbaycana ildə 1,5-2 milyard kubmetrədək qaz göndərəcək.

2 milyard kubmetr qaz beynəlxalq qaz bazarı üçün o qədər böyük olmasa da, burada Bakının strateji gedişi xüsusilə diqqət çəkir.

Birincisi, türkmən qazı Avropa bazarına ayaq açır:

Azərbaycana göndərilən türkmən qazı böyük ehtimalla Türkiyəyə satılacaq. Hərçənd, bu uzun illərdir Rusiya və Çin bazarından asılı qalan Türkmənistanın Avropa bazarına ilk addımı hesab edilə bilər.

– Bakı Transxəzər layihəsinin gerçəkləşməsinə qədər Aşqabada qaz bazarını şaxələndirmək imkanı yaradır: bu, Türk Dövlətləri Təşkilatına yeni qoşulan Türkmənistanın bu çətir altında fəaliyyətini daha da stimullaşdıracaq;

– Türkmən qazına “çıxış” tapan Bakının “qaz müharibələri”ndə əli güclənir və bu gediş Transxəzər layihəsinə siyasi dəstəyi artıra bilər.

İkincisi, İranla yeni səhifə açılır:

– Tehranın regionda tranzit imkanı artır və bu, İranı Azərbaycanla işləməkdə maraqlı edir;

– İrana yeni imkanın yaradılması bu ölkənin Ermənistan siyasətinin tamamilə dəyişməsi demək deyil, hərçənd, Tehranı regionda müharibədən sonrakı vəziyyəti qəbul etməyə, Zəngəzur dəhlizinə münasibətini dəyişdirməyə, 3+3 formatına qoşulmağa da sövq edir: Əliyev-Rəisi görüşünün atmosferi də bu gözləntiləri artırır.

Beləliklə, Azərbaycan bir sazişlə iki nəticəni əldə edir.

 

Asif Nərimanlı

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password