Tehranda “Şuşi” küçəsi oldu: İran nə demək istəyir? – FOTO
İranın paytaxtı Tehranın İslam Şəhər Şurasının (“Əncüməne Şehr”) son qərarı Azərbaycanla İran arasında normallaşmağa başlayan münasibətlərə sanki meydan oxumaqdır.
Tehran Şəhər Şurasının qərarı ilə İran paytaxtındakı 38 parkın və küçənin adı dəyişdirilib.
Qərar barədə məlumat Şuranın rəsmi saytında yerləşdirilib.
2710-127 saylı qərara əsasən, Pənah Xiyabanı bundan belə “Nardaran Xiyabanı” adlanacaq.
Şəhəri Şurasının bununla bağlı qərarında deyilir: “Nardaran Bakı yaxınlığındakı bir kənd, İranda təhsil almış Tale Bağırzadənin doğulduğu yerdir”.
Şəhərdəki Məryəm küçəsinin adı isə artıq “Şuşi”dir.
Şuşa yox, məhz “Şuşi”.
Tehran Şəhər Şurası Azərbaycanın mədəniyyət beşiyini, erməni işğalından azad edilmiş şəhəri ermənilərin təbirincə “Şuşi” adlandırmaqla kifayətlənməyərək “bu şəhərdə İran şahı Ağa Məhəmməd Şah Qacar xaincəsinə qətlə yetirilmişdi” bəyanatını verib.
Tehranın 6-cı rayonunda, Nizami Gəncəvi və Rastegəran küçələri arasındakı Bəradəran küçəsinin adı dəyişdirilərək “Badukubə” qoyulub.
Tehran Şəhər Şurası Azərbaycanın paytaxtını “Badukubə” adlandırmaqla rəsmi Bakıya paytaxtımızın adının arxaik, fars dilindəki deyimi ilə ad dəyişdirməklə “tarixi mesaj” vermək qərarında olduğuun gizlətmir.
Yas küçəsi “Salyan”, Ehteşam küçəsi isə “Lənkəran” olub. “Gəncə”, “Şamaxı” küçələri də var artıq.
Küçələrdən birinə isə “Arran” adı verilib. İrandakı bir sıra siyasətçilər, ictimai xadimlər, “tarixçi”lər və media ölkəmizi “Arran” adlandırır, “İranın tarixi şimal vilayəti” sayırlar.
Ən nəhayət, iranlı ermənilər Rostom Voskanyan və Vardan Hovannisyanın da adları küçələrə verilib.
Tehranlı jurnalist Səlar Səyyaf bununla bağlı Twitter-dəki bloqunda yazıb: “Küçələrin adlarının belə dəiyşdirilməsi vacibdir, çünki o şəhərlərin və məkanların İran mədəniyyətinə aid olduğunu göstərir. Ümid edirəm ki, yaxın günlərdə Şəhər Şurasına təzyiq göstərərək qərarı dəyişməzlər”.
Tehran Şəhər Şurasının bütün əndazələri və hədləri aşan bu idiotik qərarının səbəbi, məqsədi nədir?
İran paytaxtının rəsmiləri bununla nə demək istəyirlər? /milli.az