İslahatçı nazirin işçiləri Qaxda subsidiyaları belə islah edirlər – ŞİKAYƏT

 

Hökumət elektronlaşmaya milyonlar xərcləsə də, zəhmətkeşlərin taleyi hələ də kağız daşıyıcılardakı qaralamalardan asılı qalıb Ölkəmizdə yürüdülən aqrar siyasətə uyğun olaraq dövlətimizin kənd təsərrüfatı məhsulları istehsalçılarına kömək məqsədilə əkin subsidiyaları ödəməsi və bu yardımın davam etdirilməsi fermerlər tərəfindən minnətdarlıqla qarşılanır. Lakin təəssüf ki, yerlərdə bəzi məmurların səhlənkarlığı, səriştəsizliyi ​ ucbatından torpaq sahələri haqda məlumatların və əkin bəyanlarının sistemə düzgün daxil edilməməsi, monitorinq və yerüstü yoxlamaların lazımi qaydada aparılmaması bir çox hallarda əkinçilərə dövlətin aqrar sahəyə ödədiyi vəsaitin ədalətli çatdırılmasını təmin etməyə imkan vermir. Bu cür bürokratik maneələrdən ziyan çəkən vətəndaşlardan biri də Qax rayonunun Qorağan kənd sakini Cəbrayılov İlqar Bayəddin oğludur.
İlqar Cəbrayılov bildirir ki, onun yaşadığı kənddə ailəsinə məxsus 1,81 hektar torpaq sahəsi var. Sahənin sənədlərində heç bir problem yoxdur. Hər il olduğu kimi, bu il də həmin torpaq sahəsini əkibmiş – 1,0 hektarında buğda, 0,81 hektarında isə vələmir. Subsidiya almaq üçün Qax rayon Dövlət Aqrar İnkişaf Mərkəzinə (Kənd Təsərrüfatı İdarəsi) müraciət edib. İdarənin işçilərindən birinin yanında da olub. 1,0 hektar sahədə buğda əkdiyini, qalan 0,81 hektar sahədə isə yazda vələmir əkəcəyini deyib: “Mənə ərizə forması verdilər, doldurdum, imza da atdım. Yalnız əkin növləri və sahələr üzrə məlumat qrafası boş qaldı. Çünki mövsümə görə vələmirin əkilməsinin vaxtı hələ yetişməmişdi… Bir neçə ay sonra kənddə fermerlərin, o cümlədən mənim əkin bəyanımız və torpaq sahələri haqqında məlumatların dəqiqləşdirilməsi məqsədilə keçirilməli olan müşahidə monitorinqi faktiki olaraq aparılmadı. Yerli Dövlət Aqrar İnkişaf Mərkəzinin əməkdaşı Qax​ Rayon İcra Hakimiyyətinin Qorağan kənd inzibati ərazi nümayəndəliyinin sədrinin kabinetinə qədər gəlib çıxıb, lakin sahələrə baxış keçirmədi. Yalnız kimin harada və nə əkdiyini yerli-yataqlı bilən traktorçunu dəvət edib ondan öyrəndikləri ilə kifayətləndilər. İcra nümayəndəsi Elgün Məhyəddinov həmin vaxt mənə zəng vurub torpaq sahəsi və əkinlər barədə soruşub.​ Mən də olduğu kimi məlumat vermişəm. Onlar mənim dediklərimi qeydə alıblar…”
İ.Cəbrayılov sonradan öyrənib ki, ona subsidiya verilməsindən imtina olunub: “Səbəb də göstərilib ki, guya mən ilkin ərizəmdə 1,81 hektarın hamısında buğda əkdiyimi göstərdiyim halda, monitorinq mənim cəmi 1,0 hektarda buğda əkdiyimi aşkarlayıb. Bu uyğunsuzluq (əkin sahəsinə hesablanan məbləğin monitorinq nəticəsində müəyyənləşdirilmiş məbləğdən 20-50 faiz ​ çox olması) imtina üçün əsas sayılıb. Nə baş verdiyini öyrənmək üçün Qax rayon Dövlət Aqrar İnkişaf Mərkəzinə gedib: “Məlum oldu ki, demə, mən ilkin ərizəni verib idarədən çıxandan sonra işçilər özləri ərizəmi tamamlayıblarmış və səhvən bütün 1,81 hektar sahə üzrə yadlarında qalan buğda əkini haqda məlumatı qeyd ediblərmiş. İdarədə olarkən bir daha nəzərdən keçirdiyim ərizəmdə bitki növləri üzrə əkin sahələrini göstərən xəttin mənimkindən fərqli olduğunun şahidi oldum”. ​ ​ ​
İ.Cəbrayılov bildirir ki, bu məsələ ilə bağlı DAİM-nin direktor müavininin, daha sonra DAİM-nin direktoru Məhəmməd Fətəliyevin qəbullarında olmuş, gerçək vəziyyət barədə bir daha müfəssəl məlumat vermişdir: “Direktora iradımı bildirdim ki, işçiləri nəyə görə mənə ərizəni tam doldurmağın vacibliyini başa salmayıblar. Cavabında dedi ki, ərizənin o hissəsini elə idarənin işçiləri özləri doldurmalıdırlar. Mən məcbur olub Nazirliyin 1652 “Çağrı Mərkəzi”nə müraciət etdim. Nazirlikdən mənə göndərilmiş 23 aprel 2021-ci il tarixli cavab məktubu qane  edici olmadı. Nazirliyin aparat rəhbəri Rəfail Quliyevin adından göndərilmiş həmin məktubun icraçısı Azad Qəribovla bir neçə dəfə telefon danışığımız olub. Hər dəfə vəd edib ki, “araşdırma aparılır, sizinlə əlaqə saxlanılacaq”. Amma o vaxtdan Qəribovla bağlantı qurmaq cəhdlərim alınmayıb”.
İ.Cəbrayılov təkrarən Qax rayon DAİM-nin direktoru M.Fətəliyevin qəbuluna düşdüyünü, amma direktorun onu sadəcə “başdan etdiyini” bildirir və sual ortaya qoyur: “Ola bilsin, bir ailənin təsərrüfatının batması, lap elə millətin necə tarac olması direktorun vecinə deyil.​ Görəsən, sıravi kəndçinin probleminə laqeyd yanaşan direktorun özünün vəzifəsi ilə uyuşmayan biznesi dağılsaydı, yaratdığı baytarlıq aptekləri şəbəkəsi hansısa məmurun səhlənkarlığı ucbatından bağlansaydı, nə edərdi?”
İlqar Cəbrayılov cari il üçün ciddi ehtiyac duyduğu subsidiya almaq haqqının bərpa edilməsinə köməklik göstərilməsi, eləcə də vacib sənədlərin tərtibi işində ona konsultativ və hüquqi yardım edilməsi xahişi ilə bu ilin may ayında ölkə Prezidentinə, kənd təsərrüfatı nazirinə, Qax rayon rəhbərliyinə məktubla müraciət etmişdir. Cavab olaraq Nazirlikdən İlqar Cəbrayılova göndərilmiş 30 iyul 2021-ci il tarixli 05/060814-3379 nömrəli ikinci məktub da birincidən məzmununa görə o qədər də fərqlənməyib. Məktubda fermerə xatırladılıb: “1,81 hektar torpaq sahəsi üzərində istifadə hüququna dair sənədiniz qanunvericiliyin tələblərinə uyğun olaraq EKTİS-ə daxil edilərək təsdiq edilmişdir. Həmin torpaq sahəsində həyata keçirilən payızlıq buğda əkininə dair məlumatlar 2020-ci il 26 noyabr tarixində EKTİS-ə daxil edilmiş, 2020-2021-ci ilin müvafiq dövrü üçün subsidiyaya müraciət göndərilmişdir. Həyata keçirilən monitorinq zamanı əkin bəyanınız üzrə 1,81 hektar torpaq sahəsinin 1 hektarında payızlıq buğda əkininin aparıldığı müəyyən edilmişdir. Qaydanın 5.2.3-cü yarımbəndinə əsasən bəyan edilmiş əkin sahəsinə görə hesablanan məbləğlə monitorinq nəticəsində müəyyənləşdirilmiş məbləğ arasındakı fərq 20-50 faiz olduğu üçün Sizə cari il əkin subsidiyası hesablanmayacaq. Növbəti illərdə əkin subsidiyasını almaq üçün əkinlərinizi qanunvericiliyin tələblərinə uyğun olaraq bəyan etməyiniz tövsiyə olunur”.
Məsələ burasındadır ki, 26 noyabr 2020-ci il tarixli əkin bəyannaməsi heç də Rəfail Quliyevin məktubunda iddia edildiyi kimi, qanunvericiliyin tələblərinə uyğun tərtib olunmayıb. Daha doğrusu, tərtib olunarkən qanunvericiliyin tələbinin gözlənilməsinə DAİM-nin işçiləri mane olublar. Ya səriştəsizlikləri, ya da güddükləri başqa maraqları səbəbindən.​ İ. Cəbrayılovun Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) bəyan etdiyi 26.11.2020-ci il tarixli sənəddən (kağız daşıyıcıdan) aşkar görünür ki, o, yalnız bir qrafada ad-soyadını özü yazmışdır, həm də kiril əlifbası ilə. Əlyazma ilə yazılan bütün digər qeydlər başqa adamın xətti ilə latın əlifbası ilə yerinə yetirilmişdir.
Təsəvvür edin, zəhmətkeş fermerin işləyib kənd təsərrüfatı məhsulu istehsal etmək, əhalinin ərzaq məhsullarına olan tələbatını qarşılamaq üçün təcrübəsi, potensialı var, amma savadı yoxdur. Belə olan halda hökumət onu zəhmət meydanında aciz vəziyyətdə buraxmalıdırmı? Məmur istehsalçıya kömək etmək əvəzinə işini düyünə salmalıdırmı? Bu, hansı məntiqə uyğundur? Əkinçi həm də kargüzar, yaxud, mühasib savadına malik olmalıdırmı ki, ona subsidiya verilsin? Ən nəhayət, hökumət o boyda xərc çəkib elektron informasiya sistemini ona görə yaradıb ki, zəhmətkeşin taleyi yenə də kağız məlumat daşıyıcısındakı xəttdən asılı olsun? Gəlin razılaşaq ki, əgər əkin bəyannaməsi elektron müraciət formasında doldurulub internet üzərindən göndərilsəydi, sistem hansısa qrafanı boş qəbul etməzdi, məmurların səhlənkarlığına da yer qalmazdı.
P.S. Maraqlıdır, görəsən əkin bəyanlarının tərtibində olduqca vacib, kəndli üçün taleyüklü suallara cavab tələb edən qrafaları fermerlərin əvəzinə doldurmağı, torpaq sahələri haqqında məlumatların dəqiqləşdirilməsi məqsədilə keçirilməli olan müşahidə monitorinqlərini sahələrdə deyil, inzibati ərazi nümayəndəlikklərinin kabinetlərində aparmağı KTN-nin məmurlarına şəxsən cənab nazir İnam Kərimov özümü tapşırıb?

https://scontent.fgyd4-2.fna.fbcdn.net/v/t1.15752-9/256834426_605985060846687_3355043800255630812_n.jpg?_nc_cat=110&ccb=1-5&_nc_sid=ae9488&_nc_ohc=XaPnVAX2YfcAX9DJv-X&_nc_ht=scontent.fgyd4-2.fna&oh=5e19b1073000ae75c943c636027cc04d&oe=61BA0C3F

Aktualinfo.org

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password