Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlıq məsələləri müzakirə olunub
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları üzrə Baş Direktorluğunun rəhbəri vəzifəsini icra edən Maçye Popovski ilə görüşüb.
Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.
Görüşdə tərəflər Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlıq gündəliyinin bəzi məsələləri üzrə, xüsusilə də Şərq Tərəfdaşlığı ölkələrinin qarşıdan gələn Zirvə Görüşü ərəfəsində əlaqələrin perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.
Nazir Ceyhun Bayramov Brüsseldə Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin görüşündə iştirakı, habelə Aİ rəsmiləri ilə keçirilmiş ikitərəfli görüşlərinə istinad edib, müxtəlif sahələrdə əməkdaşlıq imkanlarının müzakirə edildiyini bildirib.
M.Popovskiy Bakıda keçirdiyi görüşlərdən, habelə təşkil olunan “Qarışıq Maliyyə” təlimindən məmnunluqla bəhs edib. Bu tədbirin əməkdaşlarıq münasibətləri çərçivəsində mövcud olan və hələ ki istifadə edilməyən potensialın müəyyən olunması baxımından əhəmiyyət kəsb etdiyini bildirib.
Tərəflər, həmçinin Azərbaycanın azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması prosesi çərçivəsində Avropa İttifaqının maliyyə institutlarının iştirakı məsələsini müzakirə ediblər.