Suraxanıda sökülən və tikilənləri müqayisə etdikdə yaranan mənzərə nələrdən xəbər verir

 

Hələ oktyabr ayında Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən tikintidə təhlükəsizliyin təmin olunması məqsədi ilə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsinin ərazisində müvafiq sənədləri olmadan naməlum təyinatlı obyektin tikintisinin aparılması faktının aşkar edilməsi barədə məlumat yayılmışdı.

Sözügedən məlumatlarda göstərilən məsələ ilə əlaqədar FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Suraxanı Rayon İcra Hakimiyyəti və Əmlak Məsələləri Dövlət Xidməti ilə birgə həyata keçirdiyi tədbirlər nəticəsində qanunsuz tikinti işlərinin dayandırıldığı və obyektin nəzarətə götürüldüyü bildirilirdi. Tikinti işləri dayandırılan və sökülməsinə qərar verilən obyektləri aşağıdakı şəkillərdən də görmək olar.

Aktualinfo.org son bir neçə ayda Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi Samir Əliyev mərkəzi kucə 9 unvanında, 316 saylı orta məktəbin yanında yerləşən torpaq sahəsinin hasara alınaraq ticarət məgsədi ilə tikinti işləri aparıldığı barədə silsilə yazılar yaymışdı. Tikintinin istismar müddəti bitmiş neft quyularının üzərində aparıldığı barədə həm FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə, həm də Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciətlər edərək Suraxanı rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun göstərişi ilə aparılan bu tikinti işlərinin qanunsuz olduğunu, dərhal dayandırılmasını tələb etmişdi. Lakin…
Sözügedən müraciətlərə və silsilə yazılara nə FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi, nə də Dövlət Şəhərsalma və Arxitektura Komitəsi rəsmilərindən heç bir reaksiya verilmədi, heç bir tədbir görülmədi. Bu nə deməkdir? Bu o deməkdir ki, adıçəkilən dövlət qurumlarını yazılanlar heç də narahat etmir. Yəni, kim pulunu verib hər hansı bir tikinti işi aparırsa, o qanunidir və kim nə yazır, yazsın, xeyiri yoxdu. Amma kim pulunu vermirsə, yazılmasına ehtiyac belə yoxdur, onu qanunsuz tikili hesab edərək özləri tapıb təcili və təxirəsalınmaz tədbir görürlər.

Suraxanı rayonunda qanunsuz tikililər, daha doğrusu tikintisinə pul müqabilində Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən razılıq verilmiş ərazi təkcə yuxarıda qeyd etdiyimiz ünvanda deyil. Ötən yazılarda da qeyd etdiyimiz kimi köhnə ”Sədərək” Ticarət Mərkəzinin yeri və ətrafından tutmuş, Binə südçülük sovxozunun boş qalmış torpaq sahələrinə, “Buta Palas” şadlıq sarayı ilə 316 saylı məktəbin arasında olan torpaq sahələrinə, Ramanıda və həttə FHN-in qanunsuzluq aşkarladığı Hövsan qəsəbəsinin ərazisinə qədər hər yerdə, şəhərsalma planlarına uyğun olmadan qanunsuz tikinti işləri aparılır. Buralarda bu gün də hektarlarla ərazilər hasarlanıb, tikinti işləri aparılır. Bütün bunların hamısı isə Əziz Əzizovun Suraxanı rayonuna İcra başçısı təyin edilməsindən sonra baş verməsi özlüyündə çox şeylər ifadə edir.

Məlum olduğu kimi “Sədərək” və “Binə” Ticarət Mərkəzlərinin köçürüldükdən sonra yerində ağaclar əkilmiş, yaşıllıq salınmışdır. Lakin indi “Sədərək” Ticarət Mərkəzinin yerində salınmış yaşıllıqdan əsər-əlamət belə qalmayıb. Əgər ticarət mərkəzi əhalinin təhlükəsizliyi naminə köçürülürdüsə, indi həmin ərazilərdə fərdi yaşayış evlərinin, obyektlərin tikintintisinə necə icazə verilir? Məgər həmin təhlükələr indi qalmır? Bunları FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəsmiləri görmürlərmi? Niyə onlar heç bir təhlükəsi olmayan Hövsanda qanunsuz tikinti aşkar edə bilir, amma strateji obyekt olan hava limanının ətrafında aparılan tikililəri görmürlər? O cümlədən “Buta Palas”la 316 saylı məktəbin arasında olan torpaq sahəsində. Bu ərazilər də vaxtı ilə Dövlət Neft Şirkətinin balansında olub. Hazırda burada, istismar müddəti bitmiş neft quyularının üstündə geniş tikinti işləri aparılır. Hansı ki, bütün bunlar da əsl təhlükə mənbəyidir, amma nədənsə göz yumulur. Çünki, ərazi Suraxanı rayonu İcra Hakimiyyətinin başçısı Əziz Əzizovla “Surakhanı Oil Operation Company S.A.” -nın icraçı direktoru Arzu Sarıbalayev tərəfindən ticarət obyektinin tikilməsi məgsədi ilə satılıb və satımaqda davam edir. İşbazlar isə sakinləri susdurmaq məqsədi ilə, heç kimin şikayət etməməsi üçün yüksək çinli dövlət məmurlarının adlarını hallandırırlar.

Yuxarıda sizlərə təqdim etdiyimiz şəkillər FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Suraxanı Rayon İcra Hakimiyyəti və Əmlak Məsələləri Dövlət Xidməti ilə birgə həyata keçirdiyi “tədbirlər” nəticəsində qanunsuz olduğu aşkar olunan tikinti sahəsidir. Aşağıda isə sizlərə təqdim etdiyimiz onlarla tikinti aparılan ərazilərdən çəkilmiş şəkillərdir. İndi biz bu aşağıdakı şəkillərdə aparılan tikinti işlərinin qanuni olduğunu haradan bilək?

Elə şəkillərdən hər şey açıq aydın görsənmirmi. Yuxarıda imkansızlıqdan gün altında yarımçıq qalmış tikili, aşağıda isə eni-uzunu bəlli olmayan aqlay daşlarla hasarlanmış ərazilər. Kimin inkanlı olduğu elə buradan görünür. Kimin də imkanı varsa, onun gördüyü işlər qanuni hesab edilir. Təbii ki, bunu FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Suraxanı Rayon İcra Hakimiyyətinin rəsmiləri belə hesab edir. Sadə vətəndaşlar isə bunu belə hesab etmir, ədaləti yuxarı dövlət orqanlarında axtarırlar. Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov işləri elə qurub ki, sadə vətəndaşların səsi yuxarı instansiyalara belə çatmır.

Əldə etdiyimiz məlumatlara görə Suraxanı rayonu İcra Hakimiyyətindən yuxarı instansiyalara, daha çox da Prezident Adminstrasiyasına ünvanlanan şikayət məktublarına heç baxılmır da. Buna səbəb isə məlumatlara görə Suraxanı rayonu İcra Hakimiyyəti başçısının birinci müavini, sevimli yeznə Rəşad Hacıyevdir. Deyilənlərə görə İcra başçısının birinci müavini Prezident Adminstrasiyasında çalışan yüksək çinli bir məmurun kürəkənidir. Başçı Əziz Əzizovda birinci müavininin bu qohumluq tellərindən məharətlə istifadə edərək Suraxanıda istədiklərini reallaşdırır.

Suraxanıda sökülən və tikilən evlərin, obyektlərin şəkilləri isə başqa şeylər deyir. Zənnimizcə bunları müqayisə etməyə dəyməz. Hər şey ortalıqda, göz qabağındadır.


 

Aktualinfo.org

 

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password