Ermənistanın ara verməyən təxribatları və Kremlin susqunluğu: düşmənin başı “Dəmir yumruq” istəyir

 

Tofiq Abbasov: “Qeyri-populyar əməllər törədərək masadan qaçmaq, prosesləri yubatmaq Paşinyana xeyir gətirməyəcək”

Azərbaycan Ordusunun mövqelərinə qarşı davamlı şəkildə təxribat törədən Ermənistan silahlı qüvvələrinin növbəti terrorçu əməlləri son bir həftədə intensiv xarakter almağa başlayıb. İstər Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən sərhəddəki mövqelərimiz, istərsə də Azərbaycanın Qarabağ iqtisadi rayonu ərazisində müvəqqəti yerləşən Rusiya sülhməramlı qüvvələrinin nəzarətindəki erməni terrorçu separatçılar təxribatlarına ara vermirlər. Noyabrın 13-də səhər saatlarında Qarabağdakı separatçı terrorçulardan biri Şuşa yaxınlığında Azərbaycan hərbçilərinin postuna əl qumbarası ataraq terror aktı törətdi.

Ermənistan tərəfindən isə əsasən Kəlbəcər rayonu istəqamətindəki mövqelərimiz müxtəlif çaplı silahlardan atəşə tutulur. Azərbaycan Müdafiə Nazirliyinin son məlumatlarının birində qeyd edilib ki, Ermənistan silahlı qüvvələrinin bölmələri noyabrın 15-i gecə saatlarından başlayaraq Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik və Yellicə yaşayış məntəqələrində yerləşən Azərbaycan Ordusunun mövqelərini atəşə tutub. Vurğulanıb ki, mövqelərimiz heç bir səbəb olmadan snayper tüfəngi və qumbaraatan da daxil olmaqla müxtəlif çaplı atıcı silahlardan istifadə edən qarşı tərəfin intensiv atəşinə məruz qalıb: “Bundan əlavə bu istiqamətdə infrastrukturun bərpası məqsədilə yol işləri aparan traktorumuz və bölmələrimizə təminat daşıyan 2 ədəd KamAZ markalı avtomobil də noyabrın 15-i səhər saatlarında Ermənistan hərbi bölmələri tərəfindən atəşə tutulub. Texnikaya zərər dəysə də şəxsi heyət arasında xəsarət alan olmayıb”.

“Ermənistan silahlı qüvvələrinin təxribatlarının, həmçinin döyüş mövqelərində aparılan mühəndis işlərinin qarşısını almaq məqsədilə bu istiqamətdə yerləşən bölmələrimiz tərəfindən plana uyğun adekvat tədbirlər görülür. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır. Bir daha bildiririk ki, dövlət sərhədində yaradılan istənilən qarşıdurmanın nəticələrinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşəcək”, – deyə Azərbaycan Müdafiə Nazirliyi bəyan edib.

Bununla yanaşı, Ermənistan silahlı qüvvələrinin bölmələri noyabrın 15-i saat 16:15-dən etibarən noyabrın 16-ı saat 04:30-dək Basarkeçər rayonunun Əzizli, Zərkənd, Aşağı Şorca, Dərə, Göysu, Pəmbək, Şəmşəddin rayonunun Çinarlı, Mosesqex, Yuxarı Mehrab, Ayqepar, Qulalı və Çəmbərək rayonunun Cil yaşayış məntəqələri istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yellicə, Barmaqbinə, Gədəbəy rayonunun Qalakənd , Daryurd, Novoivanovka, Qaravəlilər, Tovuz rayonunun Ağbulaq, Ağdam, Qaralar, Qoşa, Koxanəbi, Hacallı, Əlibəyli, Əsrik Cırdaxan və Ağstafa rayonunun Köhnəqışlaq yaşayış məntəqələri istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı atıcı silahlardan istifadə etməklə intensiv atəşə tutub.

Biabırçı şəkildə məğlub olduqları İkinci Qarabağ müharibəsinin bitməsindən bir ildən artıq müddət keçdiyi halda Ermənistanın və Qarabağdakı terrorçuların təxribatlarının geniş vüsət alması ekspertlər tərəfindən müxtəlif cür şərh edilir. Bəzi analitiklər qeyd edirlər ki, qisas hissi ilə yaşayan Ermənistan revanş cəhdləri göstərməyə çalışır. Əksər politoloqlar isə hesab edirlər ki, bu təxribatlar rəsmi İrəvanın danışıqlar masasından yayınmaq cəhdlərindən qaynaqlanır.

Baş verən son proseslərlə bağlı suallarımızı cavablandıran politoloq Tofiq Abbasov dedi ki, təxribatların arxasında Ermənistanın daxilindəkibəzi qüvvələr və xaricdən məsələlərə müdaxilə etmək istəyənlər dayanırlar:

– Məncə, bu, Ermənistan daxilində və xaricindəki sülh istəməyən, sülh maraqlarına xidmət etməyən qüvvələrin kollektiv şəkildə hazırladıqları təxribatlardır. Onlar marağındadırlar ki, Azərbaycanla Ermənistan arasında sülh olmasın, bölgədə dinclik, əmin-amanlıq bərpa edilməsin. Dəhlizin, kommunikasiyaların açılmasına qarşı olan qüvvələr təxribatların törədilməsinə göstəriş verirlər. Hazırda paradoks yaşanır. Ümumiyyətlə, insanlar hər zaman çalışırlar ki, yaşasınlar, yaratsınlar, özləri üçün uğurlu gələcək dormalaşdırsınlar. Buna görə də insanlar həmişə sülhdən yana olurlar. Bu proseslərə xor baxanlar, ümumiyyətlə sülhü istəməyənlər var. Məqsədləri də odur ki, qarşıdurma səngiməsin, bölgədə qaynar vəziyyət hökm sürsün, itkilər yaşansın və bölgə xaos içərisinə yuvarlansın. Bundan da istifadə edib öz maraqlarını təmin edə bilsinlər.

– Daxili qüvvələr aydındır – müxaliflər, revanşistlər, separatçılar və s. Xarici qüvvə dedikdə, erməni lobbisini nəzərdə tutursunuz, yoxsa hansısa beynəlxalq gücü və ya gücləri?

– Təbii ki, Ermənistan daxilində sülhün tərəfdarı olmayanlar var. Məsələn, Norayr Mirzoyan adlı mənfur terrorçu Şuşa yaxınlığında qumbara ataraq terror törətdi. Belə tiplər istəyirlər ki, proseslərin diplomatik səviyyəsini pozsunlar. Çünki üçtərəfli Birgə Bəyanat öz qüvvəsini saxlayır, sülhməramlılar burada yerləşiblər. Bəzi qüvvələr çalışırlar ki, ATƏT-in Minsk Qrupunu yenidən proseslərə qoşsunlar. Əgər münaqişə yoxdursa, sülhə doğru addımlar atılırsa, Minsk Qrupunun burada fəaliyyətinə də heç bir zərurət qalmır. Amma biz görürük ki, Ermənistanda və xaricdəki bəzi destruktiv qüvvələr çalışırlar ki, Minsk Qrupunu zorla işgüzar vəziyyətə gətirsinlər, bununla da sülh prosesinə müdaxiləni təmin edə bilsinlər. Azərbaycan qalib tərəf olaraq lazım olan tədbirləri görməlidir ki, dağıdıcı qüvvələrin niyyətləri baş tutmasın.

– Belə fikirlər var ki, rəsmi İrəvan növbəti razılaşmalardan – sərhədlərin delimitasiyası və kommunikasiyaların açılması barədə razılaşmalardan yayınmaq üçün bu təxribatlara əl atır…

– Əslində Ermənistanın hakimiyyəti çox aciz və fərsiz hakimiyyətdir. Əgər Baş nazir Nikol Paşinyan son seçkilərdə qalib gəlibsə, hökuməti formalaşdırıbsa, parlamentdə partiyası çoxluqda təmsil olunursa, gərək prosesə rəhbərlik etsin. Paşinyan hakimiyyəti əlində cəmləşdirib xalqının gələcəyi ilə bağlı müsbət vədlər verən tədbirləri həyata keçirməyə başlaya. Bu gün Paşinyan mərkəzləşmiş idarəetməni təmin edə bilmir. İkincisi, yaranan vakumdan Paşinyanın daxildəki siyasi və ideoloji düşmənləri  faydalanırlar. Köçəryan, Sarkisyan, Qukasyan və digər bu tiplər vəziyyətdən istifadə edirlər. Və başlayırlar ki, “müharibə bitməyib, revanş olmalıdır”. Yaxşı, revanş olmalıdırsa, bunu nə ilə təmin edəcəklər?! Azərbaycan Prezidenti hər zaman onlara xatırladır ki, “Dəmir yumruq” yerindədir. Əgər yenidən baş qaldırsalar, başları əziləcək.  Məsələ burasındadır ki, revanşistlər üçün bu, siyasi alverin növbəti mərhələsidir. Prosesə erməni diasporu maliyyə buraxırlar. Onlar məsələləri qızışdırırlar ki, xaosdan öz xeyirlərini götürsünlər. Digər tərəfdən də Ermənistanın bundan sonra pozuculuğun forpostu olmasını istəyirlər. Bu dövlət Qafqazda istifadə edilmək üçün yaradılıb, bu gün də dəyənək rolunu oynayır. İndi Ermənistandan müdaxilə rıçaqları kimi istifadə edilməsi üçün müəyyən qüvvələr pul xərcləyirlər. Paşinyan hakimiyyətinin fərsizliyindən istifadə olunur. Nikol özü də bilir ki, qətiyyəti olsaydı, ölkəni nəzarətinə ala bilərdi. O həm hakimiyyətdə qalmasını istəyir, həm də qorxur.

– Paşinyanın qorxuları nədəndir?

– Qorxur ki, buna sui-qəsd edilər. Yaxud da, xalq bunun qərarlarına qarşı çıxar. Ermənistan uduzmuş ölkədir. Paşinyan anlamalıdır ki, oyun qaydalarını qalib tərəf – Azərbaycan müəyyən etməlidir. Delimitasiya və demarkasiya, kommunikasiyaların açılması, yekun sülh sənədinə imza atılması və s. – Nikol bunları mütləq etməlidir. Paşinyan bunlara getməsə, alınmayacaq. Qeyri-populyar əməllər törədərək masadan qaçmaq, prosesləri yubatmaq Paşinyana xeyir gətirməyəcək. Boşluq yaranır ki, bu boşluğu terrorçu Köçəryan, Sarkisyan doldurmağa çalışır. Paşinyan qətiyyət göstərməsə, oyunbazlığını davam etdirsə, bu oyunun qurbanına özü çevriləcək. Onu ya terrorla aradan götürəcəklər, ya da devirəcəklər. Onu da qeyd edim ki, Ermənistanda hakimiyyətdə kim olur-olsun, Azərbaycanın şərtlərini yerinə yetirəcək. Çünki başqa variantları yoxdur. Əgər bölgədə sakit, sülh şəraitində yaşamaq istəyirlərsə, təxribatlara son qoymalıdırlar. Atəşkəsi pozmaq, terror təxribatları törətmək erməniləri xilas etməyəcək. Belə gedərsə, başlarından zərbəni alacaqlar.

– Ermənistanın gərginlik yaradan təxribatlarına tərəflər arasında vasitəçilik missiyasını üzərinə götürmüş Rusiyanın yanaşması maraqlıdır. Sizcə, Moskva hansı addımları atmalıdır ki, vasitəçiliyi şübhə altına düşməsin?

– Çox təəssüf ki, Rusiya proseslərlə bağlı qətiyyət göstərmir, təxribatlara susqun yanaşır, mövqeyini açıq bildirmir. Kreml görür ki, bu gün Ermənistanda artıq rusfobiya baş qaldırıb. İrəvanda meydanlarda məqsədyönlü şəkildə anti-Rusiya meyilli tədbirlər keçirilir. Rusları oradan təhqiramiz formada qovmaq istəyirlər. Rusiya bunları görür, amma susub, danışmır. Bu, təbii ki, düzgün mövqe deyil. Əgər Rusiya məsələlərlə bağlı əsas moderatorluq funksiyasını götürübsə, zəhmət çəkib vəzifəsini yerinə yetirsin. Sual olunur: sülhməramlı qüvvələrini Qarabağa nəyə gətirmisən? Sülhməramlılar tərəflər arasında toqquşmanın qarşısını almalı, sabitliyi təmin etməli, sülh prosesini dərinləşdirməlidirlər. Amma sülhməramlılar bunu etmirlər. Əksinə, erməni terrorçunun qumbara atmasına dözümlü yanaşırlar. Terrorçunu Azərbaycana təhvil vermək əvəzinə Ermənistana verirlər. İkibaşlı yanaşmalar Rusiyanın siyasi imicini zəiflədir. Sülhməramlılar üzərlərinə düşən vəzifəni yerinə yetirməlidirlər. Bacarmırlarsa, çıxıb getməlidirlər. Rusiya bir tərəfdən deyir, “baş moderator mənəm, Minsk Qrupuna ehtiyac yoxdur”, digər tərəfdən Minsk Qrupunu diriltmək istəyən qüvvələrin terrorçu əməllərinə reaksiya vermir. Demək ki, Rusiya diplomatiyası haçalanır. Bəli, biz bilirik ki, Kreml bir qüllədən ibarət deyil. Rusiyada bir neçə maliyyə qrupları, hərbi qruplar var ki, onlar birləşib işləyirlər. Onların Ermənistanda maraqları var, orada pulyuma var, qeyri-qanuni aktlara qol çəkilir. “Hayastan” Fondu var ki, bu qurum başdan-ayağa cinayət yuvasıdır. Vaxtilə Ter-Petrosyan tərəfindən təsis edilmiş bu fond indi öz işi ilə məşğul deyil. Mədəni layihələr həyata keçirmək əvəzinə dəllallıq edir, beynəlxalq hüquq normaları baxımından cinayət sayılan əməllər törədirlər. “Hayastan” Qarabağa humanitar yardım adı altında silah-sursat tədarük edir, terroru təşviqlə məşğuldur. Rusiyanın da bəzi qüvvələri bu proseslərin iştirakçısıdır. Azərbaycanda bununla bağlı kifayət qədər məlumatlar var və lazım gələndə bu məlumatlar açıqlanacaq. Ona görə də, Rusiya istəyirsə ki, abırını saxlasın, hörmətlə qarşılansın, Ermənistanın terrorunu pisləməlidir. Eyni zamanda, Ermənistan-Azərbaycan münasibətlərinə Kreml sağlam mövqedən yanaşmalıdır. Bunu etməsə, Rusiyanın nüfuzu itəcək, normal dövlət kimi qarşılanmayacaq./ayna.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password