“Unudulmuş Azərbaycan marşları” təqdim olundu
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayevanın təşəbbüsü ilə “Unudulmuş Azərbaycan marşları ” kitabının təqdimatı keçirilib.
Kitabın müəllifi tanınmış sənətşünas Rauf Bəhmənlidir.
“Nəfəs” İB-nin qərargahında keçirilən təqdimatda tədbirin aparıcısı, Milli Məclisin Mədəniyyət Komitəsinin eksperti Əkbər Qoşalı bu təqdimatın Komitənin təşəbbüsü ilə 8 Noyabr – Zəfər Bayramı, 9 Noyabr – Bayraq Günü, 12 Noyabr – Konstitusiya Günü və 17 Noyabr – Milli Dirçəliş Günü vəsiləsi ilə keçirilən silsilə tədbirlərdən biri olduğunu vurğulayıb.
O, “Undulmuş Azərbaycan marşları”nda ən azı 101-103 il öncələrə aid marş mətnlərinin toplandığını, onlar haqqında yığcam bilgi verildiyini deyib.
Kitabın müəllifi Rauf Bəhmənli “Undulmuş Azərbaycan marşları” kitabı haqqında ətraflı məlumat verərək, onun təşəbbüs və təkliflərinə dəstək duran MM Mədəniyyət Komitəsinə təşəkkür edib, Q.Paşayevanın kitaba önsöz yazdığını, uyğun tərkibli auditoriyanın iştirakı ilə təqdimatı təşkil etdiyini minnətdarlıqla qeyd edib.
Müəllifin ardıcıl araşdırmalarından, o araşdırmaların kitab şəklində çapının önəmindən danışan Komitə sədri Q.Paşayeva R.Bəhmənlinin işlərini fədakarlıq örnəyi adlandırıb, onun fəaliyyətini Salman Mümtazın fəaliyyəti ilə müqayisə edib.
Q.Paşayeva Azərbaycanın, ümumən türk xalqlarının vətənpərvərlik nəğmələri, marş yazma tarixinin qədim dövrlərə gedib çıxdığını vurğulayaraq, bu il vəfatının 480-ci ildönümü tamam olan Merzifonlu Gül Babanın əsərlərini xatırladıb.
Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Elm və yaradıcılıq işləri üzrə prorektoru, əməkdar incəsənət xadimi Gülnaz Abdullazadə, “Azərbaycan Bayrağı” ordenli polkovnik, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İB-nin sədri Mehdi Mehdiyev, Bakı Xoreoqrafiya Akademiyasının dekanı, əməkdar artist Sənan Hüseynli, “Tərxis olunmuş hərbçilərin gəncləri maarifləndirmə” İB sədri Emin Həsənli, əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor, bəstəkar Elnarə Dadaşova, Bakı Musiqi Akademiyasının “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: orqanologiya və akustika” elmi-tədqiqat laboratoriyasının müdiri Nuridə İsmayılzadə, RHİM İB sədri Arzu Bağırova, “Xocalı Soyqırımını tanıtma” İB sədri Şamil Sabiroğlu, “Vektor”un qurucu-başqanı, şair Elçin İsgəndərzadə, I Qarabağ müharibəsinin qazisi, şair Ədalət Nicat, DGTYB başqanı, şair İntiqam Yaşar təqdimatda çıxış edib.
Kitabın müəllifinə Qarabağ motivli xatirə hədiyyələri və təqdimatda iştirak edən ictimai birliklər adından “Fəxri fərman”lar təqdim olunub.