Gələn il dünya şpris çatışmazlığı ilə üzləşə bilər: Azərbaycan buna hazırdırmı?
Ümumdünya Səhiyyə Təşkilatı növbəti ildə dünya ölkələrinin koronavirusa qarşı peyvənd üçün istifadə olunan tibbi şprislərin çatışmazlığı ilə üzləşə biləcəyi ilə bağlı xəbərdarlıq edib. Məlumatda qeyd olunub ki, cari ildə dünyada koronavirus əleyhinə dünyada 6,8 milyarddan çox peyvənd vurulsa da, hazırda il ərzində 6 milyard şpris istehsal olunur. Vaksinasiyanın sürətləndirildiyi nəzərə alınaraq, 2022-ci ildə 2 milyard ədəd şpris çatışmazlığı yaşana biləcəyi proqnozlaşdırılır.
Bəs Azərbaycanda şpris ehtiyatı nə qədərdir və bu istiqamətdə hansı zəruri tədbirlərin görülməsi nəzərdə tutulub?
Səhiyyə Nazirliyindən Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzindən sorğusuna cavab olaraq bildirilib ki, Səhiyyə Nazirliyinə tabe olan müəssisələrdə belə qıtlıq müşahidə olunmur və kifayət qədər şpris ehtiyatı var.
Məsələyə İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyindən də aydınlıq gətirilib.
“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyindəki tibb müəssisələrində şpris təminatında problem yoxdur. Belə ki, tibb müəssisələrində kifayət qədər şpris ehtiyatı var”, – deyə məlumatda qeyd olunub.
Qeyd edək ki, Azərbaycanda pandemiya müddətində koronavirusa əleyhinə ümumilikdə 10 milyona yaxın (noyabrın 11-i tarixinə görə, 9 983 606 ədəd) vaksin vurulub./trend.az