“Erməni ordusu geri çəkilir, Paşinyan isə Moskvaya şikayət etmir, çünki…”

 

“Ermənistan ordusu dövlət sərhəddinin Laçın və Kəlbəcər istiqamətlərində atəşkəs rejimini mütəmadi olaraq pozmağa başlayıb. Hesab edirəm ki, Ermənistanın əl atdığı bu vasitədə əsas məqsədi strateji yüksəklikləri ələ keçirərək, delimitasiya və demarkasiya prosesində mövqeyini gücləndirməkdir”.

Bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Ekspert danışıqlar prosesinin İrəvan tərəfindən pozulduğunu, buna görə də müsbət nəticələrin olmadığını söyləyib:

“Digər yandan, Ermənistan Baş naziri Nikol Paşinyan Rusiyanın vasitəçi olmasında və İrəvandakı siyasi mövqelərinin daha da güclənməsində maraqlı deyil. Rusiya da Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanmasında maraqlı deyil. Təbii ki, baş verənlər situasiyanı gərginləşdirir.

Ermənistan rəhbərliyi ilə yanaşı, Azərbaycan da dövlət sərhədlərində Rusiya hərbi qüvvələrinin yerləşdirilməsində maraqlı deyil. Buna görə də hazırda Azərbaycan ordusunun strateji yüksəkliklərdə möhkəmlənməsi və erməni ordusunu geri çəkilməsi fonunda Paşinyanın Rusiyaya müraciət etməməsi bundan irəli gəlir. Hər iki ölkə Rusiya hərbi qüvvələrinin dövlət sərhədlərində olmasını istəmir.

Digər yandan, bu ərazilər Azərbaycana məxsusdur, buna görə də kimsə bizə mane ola bilməz. Əgər Ermənistan tərəfi Azərbaycanla danışıqlara getməsə, nəqliyyat yollarını açmasa, Bakının bunun üçün alternativ variantı işə salacağı istisna deyil”.

Məhəmməd Əsədullazadənin fikrincə, Ermənistan tərəfi çalışır ki, Naxçıvanla Azərbaycanı birləşdirəcək yollar Rusiyanın nəzarətində olmasın:

“Bu, Azərbaycanın da maraqlarına cavab verir.

Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi ərazilərdəki separatçıların fəaliyyətlərinə gəldikdə, Azərbaycana qarşı təxribatçı ssenarilərin hazırlandığı istisna deyil. Bu nöqtədə diqqətçəkən məqamlardan biri də, rusiyalı sülhməramlıların burada iştirak etməsidir. Bu, əsasən Azərbaycana qarşı terror-təxribat və diversiya fəaliyyətləri ola bilər. Buna görə də Azərbaycan ordusu bunun qarşısını almaq üçün antiterror əməliyyatlarına başlamalıdır.

Hesab edirəm ki, yeni antiterror əməliyatları başlasa, Türkiyə də bu prosesdə iştirak edəcək. Çünki Şuşa Bəyannaməsi Türkiyənin birbaşa Azərbaycana hərbi kömək göstərməsinə hüquqi zəmin yaradır. Qənaətimə görə, baş verənlər vəziyyəti gərginləşdirsə də, proseslər Azərbaycanın lehinə inkişaf edir”/teleqraf.com

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password