Qarabağ separatçılarına dəstək verəsən – Bir ayağın da Bakıda ola

 

Onların Azərbaycanda mövcudluğu faktını yenidən gözdən keçirmək lazımdır

Noyabrın 11-də Azərbaycan ilə Ermənistan arasında ardı-arası kəsilməyən insidentlər fonunda, Rusiyanın MDB ölkələri, xaricdə yaşayan həmvətənlərlə iş üzrə Federal Agentliyi olan “Rossotrudniçestvo”nun Moskva ofisində “Donbass uşaqlarından – Qarabağ uşaqlarına” adlı sərgi təşkil olunub. Təşkilatçıların sözlərinə görə, sərginin məqsədi dünya ictimaiyyətinin diqqətini hərbi əməliyyatlar zonalarında uşaqların təhlükəsizliyinin təmin edilməsi probleminə cəlb etməkdir. Lakin seçilmiş münaqişə bölgələrindən görünür ki, sərgi təşkilatçılarının məqsədi Azərbaycan və Ukrayna ərazisində separatizmi dəstəkləməkdir.

Əsas missiyası Rusiyanın dünyada humanitar təsirini gücləndirmək olan “Rossotrudniçestvo” tərəfindən belə bir tədbirin keçirilməsinin özü artıq suallar yaradır. Axı, “Rossotrudniçestvo” xaricdə rus dilini, rus təhsilini və rus elminin nailiyyətlərini dəstəkləyir və təbliğ edir, lakin heç bir şəkildə siyasi məsələlərlə məşğul olmur. Ən azı olmamalıdır. Üstəlik, söhbət Donbass və Qarabağ kimi həssas bölgələrdən gedirsə.

“Sərginin məqsədi, sadəcə Donbass uşaqlarının Qarabağ uşaqları üçün çəkdiyi şəkillərin “Rossotrudniçestvo”nun binasında asılmasında deyil. Məsələ bu şəkillərin arxasında duran, təəssüf ki, müharibəni görmüş və görən uşaqların hekayəsidir. Bunlar təhlükəsiz şəraitdə yaşayan xoşbəxt uşaqların rəsmləri deyil. Bu, çox ağrılı bir məqamdır”, – deyə “Rossotrudniçestvo”nun rəhbəri Yevgeni Primakov bildirib.

Sərgini ziyarət edən Qarabağ separatçılarının nümayəndəsi Arsen Melik-Şahnazarov 44 günlük müharibədə həlak olan Viktoriya Gevorkyan adlı qız haqqında danışmağa başlayıb. Onun hekayəsinin mesajı ondan ibarətdir ki, müharibənin dəhşətlərinə baxmayaraq, mərhum qızın valideynləri Qarabağı heç bir şəkildə tərk etməmək qərarına gəliblər.

Gördüyümüz kimi, ilk baxışdan neytral görünən bir sərgidə belə, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı birtərəfli təsəvvür və Qarabağ ermənilərini qurban kimi təqdim etmək cəhdi müşahidə olunur. 44 günlük müharibə zamanı Ermənistan ordusunun Azərbaycanın dinc şəhərlərini raket və artilleriya atəşinə tutması nəticəsində 12-si uşaq, 27-si qadın olmaqla 93 mülki şəxs həlak olub, lakin “Rossotrudniçestvo” bu barədə ictimaiyyətə məlumat vermək istəmir, əksinə, erməni uşaqları haqqında həvəslə danışır. Bu qərəzlilik artıq öz sözünü deyir.

Belə ki, “Rossotrudniçestvo” müharibə qurbanı olan uşaqlar adı altında bəhanə ilə Azərbaycan və Ukrayna ərazisində separatizmi təbliğ edir. Bununla da Rusiya Prezidentinə tabe olan və Rusiya Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən bu dövlət strukturu Bakı ilə İrəvan arasında sülhün bərqərar olması istiqamətində, Moskvanın onsuz da şübhəli fəaliyyətini daha da şübhə altına alır.

Yeri gəlmişkən, bu, Azərbaycana qarşı ilk təxribat deyil. 2019-cu il oktyabrın 29-da Bakıda “Rossotrudniçestvo”nun təşkilati dəstəyi ilə Rusiyanın keçmiş Baş naziri Yevgeni Primakova (“Rossotrudniçestvo”nun rəhbəri Yevgeninin babası) həsr olunmuş sərgi açılmışdı. Həmin şəxs 1990-cı ilin yanvarında Sovet qoşunlarının Bakıya daxil olmasının təşkilatçılarından biri olub.

Sərginin açılışına az qalmış isə Rusiyanın Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə həmin Primakovun 90 illik yubileyi ilə əlaqədar, 20-ci illərin əvvəlində onun beynəlxalq münasibətlərdə rolu mövzusunda inşa müsabiqəsi keçirildi. Bu müsabiqədə Bakı Slavyan Universitetinin (BSU) tələbələri iştirak etdilər. İctimaiyyətin qəzəbinə cavab olaraq BSU-nun mətbuat xidməti bəyanat yayaraq Primakov haqqında inşa müsabiqəsinin Rusiya səfirliyinin layihəsi olduğunu açıqladı. Buradan belə nəticəyə gəlmək olar ki, BSU sanki Azərbaycan universiteti deyil, Rusiya səfirliyinin filialıdır.

Belə bir tədbirin keçirilməsi 1990-cı il 20 Yanvar qurbanlarının xatirəsinə hörmətsizlik idi və bu səbəbdən də ictimai birliklər Azərbaycanın müasir tarixində faciəli hadisələrdə iştirak edən, bəzilərinin isə təşkilatçısı olmuş şəxsə həsr olunmuş sərginin bağlanmasını tələb ediblər.

Həmin andan iki il keçir və indi “Rossotrudniçestvo” birdən-birə Qarabağdan olan erməni uşaqlarından narahatdır, yenidən Azərbaycana qarşı təxribat törədir.

Yuxarıda deyilənlərlə əlaqədar olaraq belə qənaətə gəlmək olar ki, “Rossotrudniçestvo” Kremlin “yumşaq gücü” kimi çıxış edir və bizim hakimiyyət orqanlarının və ictimaiyyətin fəaliyyətinə və bir qolunun Azərbaycanda mövcudluğu faktına münasibətini yenidən qiymətləndirmək tamamilə məntiqli olardı. /ayna.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password