Bu gəmilər Rusiyanı niyə özündən çıxartdı?
Sülhün açarı Brüsseldən daha çox, Moskvanın əlindədir.
Bu sözləri Ukrayna Politoloqlar Assosiasiyasının eksperti Rinat Kovbasyuk son zamanlar Qara dənizdə yaşanan gərginlik haqda danışarkən deyib.
Onun sözlərinə görə, bu, NATO ölkələrinin planlaşdırılmış təlimidir və məqsədi Qara dəniz regionunda vəziyyətə nəzarət etməkdir:
“Monitorinqlərin daha tez-tez aparıldığını etiraf etməliyik, bu, tamamilə başadüşüləndir. Rusiya qonşuları ilə dinc yaşamağa hazır deyil, ona görə də ABŞ NATO-nun aparıcı ölkəsi kimi alyans üzvlərinin sərhədlərinin pozulmasının qarşısını almaq üçün vəziyyətə nəzarəti gücləndirməlidir”.
Analitikin fikrincə, Rusiya Federasiyasının qeyri-adekvat reaksiyası olmasaydı, çoxları bu gəmiləri heç görməyəcəkdi:
“Rusiyanın sayəsində bu vəziyyət əsaslı müzakirə mövzusuna çevrildi. NATO, militarist xarakterinə baxmayaraq, Rusiyaya hücum etməyəcək, o, ancaq Qara dəniz regionunda potensial təhlükələrin qarşısını almaq istiqamətində işlər görür. Unutmayaq ki, sülhün açarı Brüsseldən daha çox, Moskvanın əlindədir”, – deyə ukraynalı ekspert bildirib.