Tovuzda 122 min manat vəsaiti mənimsəyən lisey direktoruna cinayət işi açılıb
Tovuz Peşə Liseyinin direktorunun cinayət işi məhkəməyə göndərilib.
Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Tovuz Peşə Liseyinin direktoru Tanırverdi Tanırverdiyevin qanunsuz əməlləri ilə əlaqədar aparılan araşdırma nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanan cinayət işinin istintaqı tamamlanıb.
İstintaqla qeyd olunan vəzifədə işləyərkən Tanırverdi Tanırverdiyevin lisey müəllimlərinin 2017-2021-ci illər ərzində faktiki olaraq tədris etmədikləri halda rəsmi sənədləri saxtalaşdırıb həmin şəxslərə əlavə dərs saatının rəsmiləşdirilməsi yolu ilə dövlət büdcəsindən ayrılmış ümumilikdə 69 min 400 manat məbləğində pul vəsaitini mənimsəmə və israf etmə yolu talamasına, vəzifə səlahiyyətlərindən sui-sitifadə etməsinə, bir nəfər şəxsi həmin liseyə işə qəbul etmək üçün 2 min 500 manat məbləğində rüşvət almasına, habelə işə laqeyd münasibəti nəticəsində Təhsil Nazirliyi tərəfindən müəyyən edilmiş daxili qaydaların pozulması ilə dövlətin qanunla qorunan mənafelərinə 122 min 500 manat məbləğində zərər vurulmasına səbəb olan səhlənkarlıq hərəkətlərinə yol verməsinə əsaslı şübhələr müəyyən edilib.
İş üzrə toplanan kifayət qədər sübutlar əsasında Tanırverdi Tanırverdiyevə Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.1 (rüşvət alma), 313 (vəzifə saxtakarlığı) və 314.2-ci (ağır nəticələrə səbəb olan səhlənkarlıq) maddələri ilə ittiham elan edilərək, cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İstintaq zamanı dəymiş ziyanın qismən ödənilməsi və əmlak üzərinə həbs qoyulması təmin edilib.