Ermənistandan növbəti uğursuz həmlə – İrəvan Bakını niyə qıcıqlandırır?
“Ermənistanın müdafiə naziri Arşak Karapetyanın Azərbaycan ərazisinə gəlməsi və bu səfərin məhz 8 noyabr tarixində Şuşanın işğaldan azad olunması və Azərbaycanın Zəfər Günü qeyd etməsi ilə bağlı üst-üstə düşən tarixdə sülhməramlıların müvəqqəti olaraq Azərbaycan ərazisində yerləşdiyi blok-postlardan keçərək getməsi tamamilə təxribatçı bir addımdır”.
Bunu açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov deyib.
O bildirib ki, Ermənistan Qaragöl ətrafında həmlələri kimi hadisələr lokal münaqişələrə gətirib çıxara bilər:
“Karapetyan bu qanunsuz səfər zamanı bir sıra erməni hərbiçilərini təltif də etdi. O, burada həm də separatçılarla birlikdə müşavirə də keçirdi. Bütün bunlar bir daha onu göstərir ki, ötən ilin 10 noyabr tarixində imzalanmış üçtərəfli birgə bəyanatın 4-cü maddəsi icra olunmur və Ermənistan silahlı qüvvələrinin qalıqları, törtöküntüləri hələ də Azərbayan ərazisində qalmaqdadır. Onlar nəinki burada mövcuddurlar, revanşist əhval-ruhiyyə ilə yaşayırlar, müxtəlif təlimlər keçirirlər, yeni postlar qururlar və əsas istəkləri işğalçılıq siyasətlərinin davam etdirilməsidir. Digər önəmli xüsus da bundan ibraətdir ki, Karapetyanın səfərindən sonra 60 nəfərlik erməni hərbiçisi Qaragöl ətrafında Azərbaycan sərhədlərini pozaraq ölkəmizin ərazisinə daxil olublar. Ordumuzun sayıqlığı sayəsində onlar mühasirəyə alındılar, həyata keçirmək istədikləri “fəaliyyət” iflasa uğradı. Bu, həm də onun göstəricisidir ki, Azərbaycan öz milli maraqlarından, ərazi bütövlüyündən, sərhədlərinin toxunulmazlığından bir addım da geri çəkilmir və sərhədlərimizin etibarlı şəkildə mühafizəsi təşkil olunur, Azərbaycan sərhədçiləri sərhədlərimizin keşiyində çox inamla dayanıblar. Bu, qürurverici bir hadisədir.
Ermənistan məhz Qaragöl ətrafında həmlə ilə nəyəsə nail olmaq istəyir. Lakin bütün təşəbbüsləri bu hadisədə olduğu kimi yarımçıq qalacaq. Bu cür addımlar yalnız lokal münaqişələrə gətirə bilər. Eyni zamanda həm də Rusiya hərbiçilərinin xahişi nəticəsində mühasirəyə düşən 60 nəfər tərəfimizdən saxlanılmadı. Burada da önəmli detal bundan ibarətdir ki, həmin ərazi sülhməramlıların mandatının daxil olmadığı ərazidir. Ona görə də bu cür xahiş Azərbaycan tərəfindən də qeydə alınmışdır.
Digər məsələ isə Ermənistanın hələ də Azərbaycanla sərhədlərlə bağlı iddialarla çıxış etməsidir. Bununla bağlı olaraq dünyanın aparıcı KİV-lərində məlumatlar paylaşılır, bəzi ermənipərəst parlamentarilər bu məsələlərlə bağlı çıxış edirlər və əsas diqqəti bu məsələyə yönəltməyə çalışırlar ki, Azərbaycan Ermənistanla olan dövlət sərhədlərini pozur. Bu, tamamilə yanlış bir fikirdir və sərhəd məsələlərində ümumi ortaq rəyə gəlmək üçün sərhədlərin delimitasiya və demarkasiyası prosesi həyata keçirilməlidir. Gözlənilirdi ki, 10 noyabr tarixinin birinci ildönümündə onlayn formatda konfrans keçirilsin və bu konfransda əsas tezis elə sərhədlərin delimitasiyası ilə bağlı işçi qrupunun formalaşdırılması idi. Gələcəkdə isə bu proses həm də demarkasiya ilə nəticələnəcəkdir. Yekunda isə geniş anlamda bu, sülh müqaviləsinə gətirib çıxarda bilər. Bunun üçün Ermənistan tərəfi Azərbaycanın beynəlxalq səviyyədə tanınan sərhədlərini ilk öncə tanımalıdır. Bu cür cılız hərəkətlər etməklə Azərbaycan sərhədlərində olan bəzi yerdəyişmələr istiqamətində addımlar atmaqla Ermənistan heç nəyə nail olmayacaq və Karapetyanın bəzi erməni törtöküntülərinə verdikləri əmrlər də bir neçə gün öncə baş vermiş hadisədə olduğu kimi tamamilə iflasa uğrayacaq”./milli.az