Minsk Qrupu niyə gəlir? Qarabağ var ki, müzakirə də edilə?

 

ATƏT-in Minsk Qrupu dövrəyə daxil olmaq üçün müxtəlif bəhanələr axtarır.

Bu sözləri açıqlamasında politoloq Qabil Hüseynli ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə Azərbaycan və Ermənistan XİN başçılarının gözlənilən görüşü və o görüşdə Qarabağın müzakirə ediləcəyi haqda xəbərlərə münasibət bildirərkən deyib.

Politoloqun sözlərinə görə, Minsk Qrupunun uzun zamandan sonra hazırkı reallıqda prosesə daxil olmaq cəhdində heç bir müsbət nüans yoxdur:

“Çünki Minsk Qrupu 26 il müddətində öz missiyasını yerinə yetirə bilmədi, danışıqların imitasiyası ilə, vaxt uzatmaqla məşğul oldu və nəhayət, bu problemi Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuz, xalqımız həll etdi, BMT TŞ-nin 4 qətnaməsini təkbaşına, öz gücümüzə icra etdik. İndi yenidən vasitəçilik etməyə nə ehtiyac var? Minsk Qrupu nə üçün Qarabağı müzakirəyə çıxartmalıdır? Axı, yoxdur belə bir problem! Hazırda sərhədlərin delimitasiya və demarkasiyası, sülh sazişinin imzalanması məsələsi gündəmdədir. Ermənistan XİN elan edir ki, bu görüşdə Qarabağ müzakirə ediləcək. Qarabağın nəyi müzakirə ediləcək? Ora köçürülüb gətirilən və rus sülhməramlılarının himayəsində saxlanılan, kənar yardımlar hesabına saxlanılan 20 minlik erməni icması?”

Politoloq bildirib ki, sülhyaratma prosesində müxtəlif xoşagəlməz məqamlar ortaya çıxır:

“Hazırda regionda yeni reallıqlar var: sərhədlər dəqiqləşməli, kommunikasiyalar açılmalı, iqtisadi dirçəlişə nail olunmalı, regionun bərpası prosesi sürətlənməlidir. Azərbaycan “postmünaqişə dövrü” elan edib və sürətlə bu prosesləri aparır, “3+3” formatı təklif edir, əməkdaşlığa çalışır və regionun gələcəyini qurur. Ancaq kimlərsə – bu kontekstdə ATƏT-in Minsk Qrupu yenidən prosesləri geri qaytarmağa, yenə mənasız müzakirələr təşkil etməyə və “münaqişəni dondurmağa” çalışır. Bu, qətiyyən Azərbaycanın, Türkiyənin, elə Rusiyanın da maraqlarına uyğun deyil. Onillərdir regionun inkişafını əngəlləyən, Ermənistanı digər ölkələrin oyuncağına çevirən, regionun dünyaya inteqrasiyasına əngəl olan münaqişəni Azərbaycan başa çatdırıb, o səhifə bitib, vəssalam! Hazırda irəli baxmaq, postmünaqişə dövrünün quruculuğuna diqqət çəkmək, regional əməkdaşlıq platformaları yaratmaq və iqtisadi çiçəklənməyə nail olmaq, 1 milyon insanın öz yurduna dönüb, firavan yaşamasını təmin etmək lazımdır. Belə halda Minsk Qrupu hansı məntiqlə olmayaq bir münaqişəni müzakirə etməyə çalışır ki? Vasitəçilik edirsə, etsin, nazirlər görüşsünlər, ancaq sülh müqaviləsi müzakirə olunsun, əməkdaşlıq formatları gündəmə gətirilsin. Daha Qarabağ niyə müzakirə edilməlidir?”

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password