Deputatlardan 43 milyonluq müəmmaya etiraz: “Aydınlıq gətirilməlidir!”

 

Ceyhun Məmmədov: “Hamı bu tarixi günü gözlədiyi halda, belə bir qərar niyə verilib?”

Vahid Əhmədov: “Bu məsələ barədə dövlət başçısının qəti mövqeyi var”

Xəbər verdiyimiz kimi, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu (MKSİF) Sumqayıt şəhəri ərazisində, birinci mərhələdə 1242 məcburi köçkün ailəsi üçün yeni yaşayış məhəlləsinin tikintisi məqsədilə keçirdiyi açıq tenderə yekun vurub. Bu məqsədlə qurum “Diadem” QSC-yə 43 milyon AZN məbləğində vəsait ayırıb.

Bu isə öz növbəsində cəmiyyətdə ciddi etirazla qarşılanıb. 44 günlük Vətən müharibəsi zamanı əldə etdiyimiz zəfərdən sonra dəfələrlə dövlət başçısı səviyyəsində bildirilib ki, işğaldan azad edilən torpaqlara həyat qayıdacaq, abadalaşdırma işləri aparılacaq. Ən yüksək rəsmi səviyyədə bununla bağlı qəti qərar olduğu halda MKSİF-in bu addımını dövlət büdcəsini talamaq, bu çətin günlərdə hökuməti artıq xərcə salmaq kimi qiymətləndirənlər də var.

Cəbrayıl və Qubadlı rayonlarını Milli Məclisdə təmsil edən Ceyhun Məmmədov açıqlamasında deyib ki, MKSİF-in bu qərarı anlaşılan deyil: “Yaxşı olardı ki, onlar özləri bu məsələyə aydınlıq gətirsinlər. Bu tenderi niyə və hansı məqsədlər üçün həyata keçiriblər? Bu gün nəinki qarabağlılar, bütün soydaşlarımız Qarabağa getmək, orada yaşamaq həsrətindədirlər. Cənab Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, işğal altında olan torpaqlarımızın hamısına həyat qayıdacaq, bu ərazilər yenidən çiçəklənəcək”.

“Prezidentin bu bəyanatından sonra hər kəs o tarixi günü gözləyir. Gözləyir ki, nə zaman doğma Qarabağa qovuşacaq. Seçicilərimlə təmaslarım zamanı bizə ünvanlanan əsas sual da bununla bağlı olur. Hər kəs bu tarixi anı gözləyir. Bütün arzularını da məhz bu kontekstdə qururlar. Açığını desəm, MKSİF-in bu barədə qərarından məlumatsızam. Doğrudan da belə bir şey varsa, məsələyə aydınlıq gətirilməlidir. Görünür, həmin yaşayış evləri şəhid və qazi ailələrinə təqdim ediləcək”, – deyə deputat bildirib.

Onun sözlərinə görə, məcburi köçkünlər qaytmaq qərarında israrlıdırlar: “Bəzən belə fikirlərə də rast gəlirik ki, guya məcburi köçkünlərin bəziləri öz torpaqlarına qayıtmaq niyyətində deyil. Bu, qətiyyən belə deyil. Nəinki məcburi köçkünlər, qaçqın şəhərciklərində dünyaya göz açan, sonradan digər şəhər və rayonlara qeydiyyata düşən gənclərimiz də bu istəyini açıq bildirirlər. Bu rayonların deputatları olaraq bunu aydın görür, müşahidə edirik”.

Məmmədov bu cür ziyanlı təbliğatı “erməni dəyirmanına su tökməyə” bənzədir: “Eyni zamanda erməni mənbələrinin maraqlarına xidmət edir. Hazırda Qarabağda böyük quruculuq işləri aparılır, infrastruktur, mühüm nəqliyyat qovşaqları ərsəyə gətirilir. Qarabağın böyük gələcəyi var. Bütün məcburi köçkünlər həm keçmişinin, həm də gələcəyinin yanında olmaq istəyir. Bu günü səbirsizliklə gözləyirlər. Heç şübhəsiz, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında bütün qarabağlılar bu istəyinə qovuşacaqlar. O gün elə də uzaqa deyil”.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov da açıqlamasında MKSİF-in addımının anlaşılmaz olduğunu söyləyib: “O o mənzillər şəhid və qazi ailələrinə veriləcək. Hətta bunun məcburi köçkünlər üçün tikiləcəyi deyilsə də. Bununla bağlı ölkə rəhbərinin qəti mövqeyi var. Qarabağda tikiləcək evlərə məcburi köçkünlər, paytaxtda inşa olunacaq mənzillərə isə şəhid və qazi ailələri yerləşdiriləcək. Yaxşı olardı ki, Məcburi Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tender elanını hazırlyarkən bunu nəzərə alaydı”.

Deputat bu gün Qarabağda böyük abadlıq işləri aparıldığına diqqət çəkib: “Sözsüz, görüləcək əsas işlər hələ qabaqdadır. Bunu cənab Prezident İlham Əliyev də dəfələrlə bəyan edib. Heç şübhəsiz, dövlət başçısının da söylədiyi kimi, Qarabağ cənnətməkana çevriləcək. Bu tarixi günlər çox da uzaqda deyil”.

“Bütün məcburi köçkünlər Qarabağa geri dönəcək, burada yaşayıb-yaradacaq. Eyni zamanda əslən aarabağlı olan gənclərimiz də bu addımı atacaqlar. Digər regionlardan olan soydaşlarımızın da bununla bağlı arzu və istəkləri var”, – deyə Əhmədov vurğulayıb.

Məsələyə Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən də münasibət almağa çalışdıq. Lakin Komitədən çoxsayıə zənglərimizə cavab verən olmadı./ayna.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password