Şamil Ayrım: “Türkiyədən olan iş adamları Şuşanı ziyarət edəcək”
“Bildiyiniz kimi gələn həftə Azərbaycanın şanlı qələbəsi olan Qarabağ Zəfərini qeyd edirik. Bu ayın sonlarında Türkiyədən və Azərbaycandan olan iş adamları Şuşanı ziyarət edəcək. Mən bunu çox vacib hesab edirəm. Bizim iş adamlarımız da o torpaqlarda 30 il ərzində edilən vəhşiliklərlə tanış olmalıdır”.
Bu fikirləri açıqlamasında Türkiyədəki Azərbaycanlı İş Adamları Birliyinin (TAİB) Qarabağ zəfəri ilə bağlı İstanbulda keçirdiyi tədbirdə iştirak edən Türkiyə Böyük Millət Məclisinin (TBMM) deputatı, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Şamil Ayrım bildirib.
Şamil Ayrım qeyd edib ki, Qarabağın yenidən qurulmasında və oradakı bərpa işlərinin yüksək səviyyədə təşkil olunmasında iş adamlarının rolu böyükdür :
“Türkiyədəki azərbaycanlı iş adamlarının çox böyük nailiyyətləri var. Bu olduqca ümidvericidir. Buradakı iş adamları da Qarabağda investisiyalar yatırmaqda maraqlıdılar və inanıram ki işğaldan azad edilmiş torpaqlarımızın dirçəlməyində bu amil xüsusi rol oynayacaq”./report.az