Putin ordunu hazır vəziyyətə gətirdi: GƏRGİNLİK ARTIR
Rusiya Hərbi Dəniz Qüvvələrinin qoşunları Qara dənizdə ABŞ-ın iki hərbi gəmisinin mövcudluğu ərəfəsində “düşmən hədəflərini məhvetmə” təlimi keçirib.
Bu barədə”İnterfaks” agentliyi məlumat yayıb.
Bildirilib ki, Novorossiysk və Krımdakı bazalarda yerləşən hava hücumundan müdafiə sistemləri də döyüş hazırlığı vəziyyətinə gətirilib.
“Zenit raket sistemləri və artilleriya silahları havada süni şəkildə yaradılmış düşmən hədəflərini məhv edib” – təlimlə bağlı açıqlamada qeyd olunub.
Rusiya daha əvvəl Qərb ölkələrinə Qara dənizə hərbi gəmi göndərməmək və Krım sahillərinə yaxınlaşmamaq barədə xəbərdarlıq etmişdi. Rusiya Krımı öz ərazisinin bir hissəsi kimi görsə də, bölgə beynəlxalq ictimaiyyət tərəfindən Ukraynanın bir hissəsi kimi tanınır.
ABŞ Hərbi Dəniz Qüvvələrindən ötən gün verilən açıqlamada “USS Mount Whitney” gəmisinin İstanbula çatdığı və tezliklə Qara dənizdəki digər gəmilərlə birləşəcəyi bildirilib. Eyni zamanda Amerika hərbi gəmilərinin Qara dənizdə yerləşməsinin NATO ilə ABŞ qüvvələri arasında əməkdaşlığı gücləndirəcəyi də qeyd edilib.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin dünən verdiyi açıqlamada ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus LCC-20 geniş nömrəli “USS Mount Whitney” amfibiya komanda-nəzarət gəmisinin izlənəcəyini bildirib və NATO-nun Rusiya sərhədindəki bu fəaliyyətindən narahatlığını ifadə edib.