Bəs məcburi köçkünlər Qarabağa qayıdacaqdı… – 43 milyonluq müəmma

 

İqtisadçı ekspert: “Məsələyə aydınlıq gətirilməli, bu addımı atanlar izahat verilməlidirlər”

Əmlak eksperti: “Bu vəsait büdcəyə qaytarılmalı idi, əgər qaytarılmırsa, deməli, başqa maraqlar mövcuddur”

Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu (MKSİF) Sumqayıt şəhəri ərazisində, birinci mərhələdə 1242 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəlləsinin tikintisi məqsədilə açıq tender keçirib. Tenderin qalibi olan “Diadem” QSC 43 milyon AZN məbləğində vəsaiti layihənin icrasına sərf edəcək.

44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun əldə etdiyi zəfər nəticəsində torpaqlarımız düşmən işğalından azad edilib. Müharibədən sonra Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, işğaldan azad edilən rayonlar bərpa ediləcək, həmin ərazilərə yenidən həyata qayıdacaq. Son aylarda isə azad edilmiş rayonlarımızın bərpası məqsədilə xüsusi dövlət proqramları işlənib hazırlanıb.

O zaman MKSİF-in Sumqayıt şəhərində məcburi köçkün ailələri üçün yaşayış məhəlləsini inşa etdirməsi və bu məqsədlə böyük məbləğdə vəsait ayırmasının anlamı nədir? Və haqlı suallar meydana çıxır:

  1. Torpaqlarımız işğaldan azad edildikdən sonra məcburi köçkünlər üçün Sumqayıtda 43 milyon AZN-ə başa gələcək yeni yaşayış məhəlləsinin inşa edilməsinə nə gərək var?
  2. Son dövrlər ölkədə ərzaq və qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi artım müşahidə edilir. Eyni zamanda, kommunal xidmətlərin tarifləri bahalaşır. Rəsmi etiraf olunmasa da, anlaşılır ki, bütün bunların baş verməsinə əsas səbəb büdcədə yaranan vəsait çatışmazlığıdır. Belə olduğu halda, hansı əsasla bu qədər vəsait mənasız və məzmunsuz layihələrə yönəldilir?
  3. Olmazdımı ki, məcburi köçkünlər üçün onların ata-baba torpaqlarında, misal üçün Ağdamda, Füzulidə, Zəngilanda, Cəbrayılda və s. yeni yaşayış məhəllələri inşa edilsin? Axı Prezident özü məcburi köçkünləri doğma yurdlarına qayıtmağa səsləyir. MKSİF niyə bu çağırışa əməl etmir?
  4. Tenderlə bağlı elanda qeyd olunur ki, bu vəsait birinci mərhələ üçün nəzərdə tutulub. Bundan sonra neçə mərhələ olacaq və bu məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərə qayıdışına əngəl törətmirmi?

İqtisadçı ekspert Xalid Kərimli açıqlamasında xatırladıb ki, Qarabağın dirçəldilməsi ilə bağlı 2021-ci ilin dövlət büdcəsindən 2 milyard manat vəsait ayrılıb: “Hazırda bu istiqamətdə intensiv işlər həyata keçirilir. 2022-ci ilin dövlət büdcəsində isə bundan 10 faiz artıq vəsaitin ayrılması nəzərdə tutulur. Ölkə başçısının da qeyd etdiyi kimi, məcburi köçkünlərin yeni yaşayış məhəllələri yalnız vaxtilə onların yaşadığı və işğaldan azad olunmuş torpaqlarda olacaq”.

“Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu Sumqayıt şəhərində məcburi köçkünlər üçün yeni yaşayış məhəlləsinin inşasının birinci mərhələsi üçün böyük məbləğdə vəsait ayırırsa, bu, anlaşılan deyil. Hesab edirəm ki, bu məsələ ya kordinasiyanın, ya da hesabatlılığın olmamasından irəli gəlir. İstənilən halda məcburi köçkünlərin yeni yaşayış yerlərinin salınması birmənalı olaraq həm siyasi, həm iqtisadi, həm də strateji cəhətdən azad edilmiş torpaqlarımızda olmalıdır. Eyni zamanda hərbi baxımdan da bu, belə olmalıdır”, – deyə ekspert bildirib.

Kərimli vurğulayıb ki, hökumət Qarabağın bərpasında israrlıdır: “Baxmayaraq ki, dünyada qiymət artımları baş verir, hökumət bu məsələdə qəti qərarlıdır. Gələnilki icmal büdcəsinin 7,5 faizə qədəri Qarabağın bərpasına yönəlib. Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun bu addımı böyük suallara və haqlı narazılıqlara yol açır. Yaxşı olardı ki, onlar bununla bağlı izahat versinlər. Məsələyə aydınlıq gətirsinlər ki, bu addımı atmaqda məqsədləri nədir”.

Əmlak Ekspert Mərkəzinin rəhbəri Ramil Osmanlı da şərhində deyib ki, ortada ciddi uyğunsuzluq var: “Azərbaycanda ən ciddi problemlərdən biri satınalmalar zamanı baş verən qanunsuzluqlardır. Ötən il keçirilən satınalmalar zamanı bu gün qalib olan şirkətin adına tez-tez rast gəlirdik. Adətən büdcə layihələri müzakirə olunan zaman müəyyən xərc maddələri əlavə edilir. Hər cari ilin sonunda və büdcə ilinin əvvəlində müzakirə aparılır və qərarlar qəbul olunur”.

“Yəni, bu, o deməkdir ki, 2020-ci ilin əvvəlində nəzərdə tutulan xərclər smetasında məcburi köçkünlər üçün yeni yaşayış məhəllələrinin salınması nəzərdə tutulub. Hesab edirəm ki, həmin layihələr təxirə salınmalı və vəsaitlər dövlət büdcəsinə qaytarılmalıdır. Bu vəsaitin daha səmərəli şəkildə istifadə olunması təmin edilməlidir”, – deyə müsahibimiz söyləyib.

“Təəssüflər olsun, bunun əksi baş verir. Əgər həmin vəsait büdcəyə qaytarılmırsa, demək, müəyyən maraqlar mövcuddur. Ehtimalım ondan ibarətdir ki, həmin mənzillər məcburi köçkün ailələrinə deyil, şəhid və qazi ailələrinə təqdim olunacaq”, – deyə o, əlavə edib.

Osmanlı məcburi köçkünlər yenidən öz doğma yurd-yuvalarına qayıtmasını şərt hesab edir: “Bu gün ölkədə ən böyük problemlərdən biri satınalmalar zamanı baş verən neqativ hallarla bağlıdır. Təəssüf ki, bu məqsədlə ayrılan dövlət vəsaitlərinin qanunsuz yolla istifadə olunması hallarına mütəmadi rast gəlirik. Bütün hallarda məsələyə hüquqi qiymət verilməli, eyni zamanda ciddi ictimai nəzarət mexanizmləri işə düşməlidir”./ayna.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password