Dövlət rüsumları əl yandıracaq – Qiymətlər artırılır
İki ildir davam edən qiymət artımları durmadan yüksəlməkdədir. İndi də onsuzda ucuz olmayan, daim narazılıqlara səbəb olan dövlət rüsumları əhalinin cibinə uyğunlaşdırılmaq əvəzinə yenidən qaldırılır. Belə ki, ümumvətəndaş pasportlarının verilməsi və ya dəyişdirilməsi, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, avtomobil nömrələri, şəssiyyət vəsiqəsi, sürücülük vəsiqəsinin verilməsi üçün imtahanların qəbuluna görə rüsumlar dəyişdirilir. Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Bu dəyişikliyə əsasən, nikahın qeydə alınması üçün dövlət rüsumu 5 manatdan 10 manata, nikahın pozulmasının qeydə alınması üçün rüsumlar isə yetkinlik yaşına çatmamış ümumi uşaqları olmayan ər-arvadın qarşılıqlı razılığı əsasında nikahın pozulmasının qeydə alınmasına görə olan dövlət rüsumu 15 manatdan 20 manata, məhkəmə qətnaməsi əsasında (qətnamədə dövlət rüsumunun tərəflərdən hansının ödəməli olduğu göstərilmədikdə, qeydiyyat üçün birinci müraciət etmiş tərəfdən) nikahın pozulmasının qeydə alınması üçün olan rüsum 15 manatdan 20 manata qaldırılır.
Avto-moto nəqliyyat vasitələrinin, tramvay və trolleybusların idarə olunmasının sürücülük vəsiqəsi üçün rüsumlar 20 manatdan 40 manata, avto-moto nəqliyyat vasitələrinin, tramvay və trolleybusların idarə olunmasının sürücülük vəsiqəsinin alınması üçün imtahanların təkrar qəbuluna görə rüsum 10 manat artırılaraq 20 manat məbləğində müəyyənləşir. Digər sürücülük vəsiqəsi, o cümlədən traktorçu maşinist vəsiqəsi üçün rüsum artırılaraq 10 manat məbləğində müəyyənləşir. Əvvəl bu məbləğ 5 manat idi.
Layihəyə əsasən, sürücülük vəsiqəsinin verilməsi və ya sürücülük vəsiqəsinin dəyişdirilməsinə görə olan rüsumlara da dəyişiklik təklif edilir.
Avto-moto nəqliyyat vasitələri üçün rüsumlar 25 manatdan 30 manata, traktor, tikintidə, meşə və kənd təsərrüfatında, başqa işlərdə istifadə üçün nəzərdə tutulan özügedən maşınlar, texnoloji, yarış məqsədli idman və digər mexaniki nəqliyyat vasitələri, onların qoşqu və yarımqoşquları üçün rüsum 5 manatdan 10 manata qaldırılır.
ümumvətəndaş pasportları on iş günü müddətində verildikdə və ya dəyişdirildikdə, yaxud Azərbaycan Respublikası vətəndaşının və ya onunla gedən şəxslərin təcili müalicəsi, yaxud xaricdə yaşayan yaxın qohumunun ağır xəstəliyi və ya ölümü ilə bağlı hallarda iki iş günü müddətində verildikdə və ya dəyişdirildikdə 1 yaşınadək uşaqlar üçün 10 manatdan 15 manata, 1 yaşından 3 yaşınadək uşaqlar üçün 20 manatdan 25 manata, 3 yaşından 18 yaşınadək uşaqlar üçün 30 manatdan 35 manata, 18 yaşına çatmış vətəndaşlar üçünsə 40 manatdan 60 manata qaldırılır.
Ümumvətəndaş pasportları beş iş günü müddətində verildikdə və ya dəyişdirildikdə 1 yaşınadək uşaqlar üçün 20 manatdan 25 manata, 1 yaşından 3 yaşınadək uşaqlar üçün 40 manatdan 55 manata, 3 yaşından 18 yaşınadək uşaqlar üçün 60 manatdan 75 manata, 18 yaşına çatmış vətəndaşlar üçünsə 80 manatdan 120 manata qaldırılır.
Ümumvətəndaş pasportları bir iş günü müddətində verildikdə və ya dəyişdirildikdə, 1 yaşınadək uşaqlar üçün 40 manatdan 55 manata, 1 yaşından 3 yaşınadək uşaqlar üçün 80 manatdan 115 manata, 3 yaşından 18 yaşınadək uşaqlar üçün 120 manatdan 155 manata, 18 yaşına çatmış vətəndaşlar üçün 160 manatdan 210 manata qaldırılır.
Təklif edilən dəyişikliyə əsasən, Azərbaycan Respublikasının vətəndaşlarına xaricə getmək hüququ verən ümumvətəndaş pasportlarının itirilməsi və ya korlanması ilə əlaqədar yenidən verilməsinə görə tətbiq edilən rüsumlar da artırılır.
Dəyişikliyə əsasən, ümumvətəndaş pasportlarının itirilməsi və ya korlanması ilə əlaqədar yenidən on iş günü müddətində verildikdə, rüsum 1 yaşınadək uşaqlar üçün 20 manatdan 25 manata, 1 yaşından 3 yaşınadək uşaqlar üçün 30 manatdan 40 manata, 3 yaşından 18 yaşınadək uşaqlar üçün 40 manatdan 55 manata, 18 səkkiz yaşına çatmış vətəndaşlar üçünsə 50 manatdan 75 manata qaldırılır.
Ümumvətəndaş pasportlarının itirilməsi və ya korlanması ilə əlaqədar yenidən beş iş günü müddətində verildikdə, dövlət rüsumu 1 yaşınadək uşaqlar üçün 30 manatdan 40 manata, 1 yaşından 3 yaşınadək uşaqlar üçün 50 manatdan 70 manata, 3 yaşından 18 yaşınadək uşaqlar üçün 70 manatdan 100 manata, 18 yaşına çatmış vətəndaşlar üçünsə 90 manatdan 135 manata qaldırılır.
Ümumvətəndaş pasportları itirilmə və ya korlanması ilə əlaqədar yenidən bir iş günü müddətində verildikdə, rüsum bir yaşınadək uşaqlar üçün 50 manatdan 65 manata, 1 yaşından 3 yaşınadək uşaqlar üçün 90 manatdan 125 manata, 3 yaşından 18 yaşınadək uşaqlar üçün 130 manatdan 165 manata, 18 yaşına çatmış vətəndaşlar üçün 170 manatdan 220 manata qaldırılır.
Eyni zamanda qanuna təklif edilən dəyişikliyə əsasən, Azərbaycan Respublikasının hüdudlarından kənara getməsi üçün Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsə şəxsiyyət vəsiqəsinin verilməsinə görə rüsum 11 manatdan 14 manata qaldırılır.
Layihəyə əsasən, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin itirilməsi və ya korlanması ilə əlaqədar yenidən verilməsinə görə tətbiq edilən rüsumlar istisna olmaqla, 15 yaşı tamam olmamış Azərbaycan Respublikasının vətəndaşına şəxsiyyət vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə aşağıdakı rüsumlar tətbiq olunacaq:
– 10 gün müddətində verildikdə və ya dəyişdirildikdə – 5 manat (əvvəl bu məbləğ 4 manat nəzərdə tutulmuşdu)
– 3 iş günü müddətində verildikdə və ya dəyişdirildikdə – 25 manat (əvvəl bu məbləğ 20 manat nəzərdə tutulmuşdu)
– 1 iş günü müddətində verildikdə və ya dəyişdirildikdə – 30 manat (əvvəl bu məbləğ 25 manat nəzərdə tutulmuşdu).
Layihəyə əsasən, Azərbaycan Respublikası ilə həmsərhəd olan dövlətlərə vətəndaşların sadələşdirilmiş qaydada gediş-gəlişi üçün sənədlərin verilməsinə görə tətbiq edilən rüsum 3 manatdan 5 manata qaldırılır.
Bundan başqa, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə itirilmiş Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqələrinin və müvəqqəti olma müddətinin uzadılması barədə qərarın yenidən verilməsinə görə rüsum 10 manatdan 20 manata, Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün 16 yaşına çatdıqdan sonra Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsə şəxsiyyət vəsiqəsinin verilməsinə görə rüsum 6 manatdan 10 manata, Azərbaycan Respublikası vətəndaşlarına, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasına dəvət olunması haqqında sənədlərin verilməsinə görə rüsum 6 manatdan 10 manata, Azərbaycan Respublikasında qaçqın statusu almış şəxslərə “Qaçqın vəsiqəsi”nin və ya “Yol sənədi”nin verilməsinə görə rüsum 5 manatdan 10 manata qaldırılır.
Yuxarda qeyd etdiklərimiz qiyməti artırılan rüsumların bir hissəsidir. Lakin bu rəqəmlərə baxdıqda belə anlamağa bəs edir ki, qaşıdakı aylarda bizi hansı dərəcədə bahalaşma gözləyir.
Görünür, rüsumdan əvvəlki “şirinlik”ləri hələ çox axtaracağıq. / bizimyol.info