Ərdoğan Makronun təklifini rədd etdi: “Bunu qəbul edə bilmərik”
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İtaliyada qatıldığı G-20 sammitindən qayıdarkən jurnalistlərin suallarını cavablandırıb.
Türkiyə lideri Fransa Prezidenti Emmanuel Makronla görüşü haqda da danışıb:
“Makronla görüşümüzdə 5-6 əsas mövzu vardı. Təbii ki, bunların mərkəzində Liviya dayandı. O, Parisdə Liviya ilə bağlı konfrans keçirmək istəyir. Bu, bəzi yerlərdə vəziyyətdən iş çıxarmaq kimi bir şeydir. O, israrla bizim ora həmsədr kimi gəlməyimizi istəyir. Ona dedim ki, “Biz artıq Berlində bu konfransı keçirmişik. Bundan başqa, siz buraya Yunanıstan, İsrail və Yunan Kiprini dəvət etmək istəyirsiniz. Onların qatılacağı Paris konfransında iştirak edə bilmərik”.
Bir qədər dayandı və dedi ki, “Bəlkə araşdırma aparaq və xüsusi nümayəndələr seçəcək?”. Dedim ki: “Bizim şərtimiz budur, onlar olmayacaq. Əgər Yunanıstan bura gələcəksə, xüsusi nümayəndə göndərməyə ehtiyac yoxdur. Əgər çox israr edirsənsə, görək, sənin xüsusi nümayəndələrin kimlərdir, amma burada Yunanıstan, İsrail və Yunan Kipri olacaqsa, bunu edə bilmərik”.
İndi o da nümayəndə heyətində yer alacaq şəxslərin adlarını təqdim edəcək, biz də təqdim edəcəyik və dostlar öz aralarında danışacaqlar. Amma bizim şərtlərimiz yerinə yetirilmədikcə, təbii ki, bu olmayacaq”. / teleqraf.com