Ərdoğan Baydenlə Qafqazdakı vəziyyəti müzakirə edib
Ağ Ev “Böyük iyirmiliyin” (G20) liderlərinin Romada keçirilən sammiti çərçivəsində Nuvola Konqres Mərkəzində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Cozef Baydenin görüşü barədə məlumat yayıb.
“Report” xəbər verir ki, məlumata əsasən ABŞ və Türkiyə prezidentləri Suriyadakı siyasi prosesləri, Əfqanıstana humanitar yardımın çatdırılmasını, Liviyadakı seçkiləri, Şərqi Aralıq dənizindəki vəziyyəti və Cənubi Qafqazda diplomatik səyləri müzakirə ediblər.
“Prezident Bayden müdafiə sahəsində tərəfdaşlığımızı və Türkiyənin NATO müttəfiqi kimi əhəmiyyətini bir daha təsdiqləyib. O, konstruktiv münasibətləri davam etdirmək, əməkdaşlıq sahələrini genişləndirmək və fikir ayrılıqlarını effektiv şəkildə həll etmək istəyini vurğulayıb”.
1 saat 10 dəqiqə davam edən görüşdə iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsi və inkişafı üçün birgə mexanizmin yaradılması barədə razılıq əldə olunub. NATO müttəfiqliyi və strateji tərəfdaşlıq məsələlərinin də əsas müzakirə mövzusu olduğu görüşdə iqlim dəyişikliyi ilə bağlı atılan birgə addımlardan məmnunluq ifadə olunub.