İrəvan hansı haqla Qarabağa vəsait ayırır? – Ekspert

 

Ermənistanın Azərbaycanın Qarabağ bölgəsində məskunlaşdırılan erməni əhaliyə pul ayırması beynəlxalq hüquqa zidddir.

Bu sözləri açıqlamasında iqtisadçı-ekspert Natiq Cəfərli Ermənistanın dövlət büdcəsindən Qarabağdakı erməni əhaliyə 2022-ci il üçün 288 milyon dollar ayrılması barədə erməni Baş nazir Nikol Paşinyanın açıqlamasını şərh edərkən deyib.

Ekspert bildirib ki, ermənilərin hazırda məskunlaşdığı və rus sülhməramlılarının yerləşdiyi ərazi bütün beynəlxalq təşkilatlar tərəfindən Azərbaycan torpağı kimi tanınır:

“Təəssüf ki, Rusiya sülhməramlılarının bəzi məsələlərə göz yumduğu məlumdur. O qədər vəsaitin ermənilərin sosial problemlərinə xərclənəcəyi barədə açıqlamaların inandırıcı olmadığı da ortadadır. Mümkündür ki, həmin vəsaitin bir hissəsi Qarabağdakı ermənilərin “müdafiə qüvvələri”, “polis gücləri” və yaxud “asayiş keşikçiləri” adlandırdığı qanunsuz birləşmələrin saxlanılması üçün nəzərdə tutulub. Bu məlumatları ciddiyə alıb, mütləq şəkildə monitorinq etmək lazımdır. Bunu rus sülhməramlılarının komandanlığı qarşısında da qaldırmalıyıq”.

Ekspert vurğulayıb ki, Ermənistan yalnız Azərbaycanın razılığı ilə humanitar yardım göndərə bilər:

“Ancaq İrəvan bütün beynəlxalq qanunlara, konvensiyalara zidd olaraq, rus sülhməramlılarının yerləşdiyi Azərbaycan torpaqlarında özbaşınalıqlar edir. Ayrılan vəsaitin həcmi ermənilərin Qarabağda yenidən terror qruplaşmalarını gücləndirməsi və terror hücumlarına hazırlaşması kimi də qəbul edilə bilər. Azərbaycan məsələni hüquqi müstəviyə çıxarıb, bu qanunsuzluğun qarşısını almalı, humanitar yardım məsələsinin isə yalnız Bakının nəzarəti ilə həllini tələb etməlidir”.

Qeyd edək ki, ötən gün Ermənistanın maliyyə naziri yalnız noyabr ayı üçün Qarabağdakı erməni əhalisinin əmək haqlarının verilməsi, pensiyalar, uşaq bağçaları və icmalara dotasiya, həmçinin işıq və qaz istifadəsinə görə kompensasiya məqsədilə 27 milyon dollar veriləcəyini açıqlayıb. Bu rəqəmin deyilən xərclərdən 3 dəfə çox olması müxtəlif ehtimalların yaranmasına səbəb olub.

Ermənistan Baş naziri Nikol Paşinyan isə dövlət büdcəsindən Qarabağa 2021-ci ildə 240 milyon ayrıldığını, 2022-ci ildə isə bu rəqəmin 288 milyon dollara qaldırılacağını açıqlayıb./axar.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password