Rusiyalı ekspert: Ermənistanın mövcudluğunun mənası qalmayıb
Ermənistanın mövcudluğunun mənası qalmayıb.
Rusiyalı hərbi eksperti Yevgeni Krutikovun məqaləsi “VZQLYAD.RU” informasiya-analitik nəşrində bu başlıq altında dərc edilib.
Müəllif xatırladır ki, son bir ayda Ermənistanda bir neçə yubiley, o cümlədən seçicilərin müstəqilliyə səs verdiyi referendumun yubileyi və Ermənistanın birinci prezidentinin seçilməsinin yubileyi qeyd edilib. Y.Krutikov yazır: “Başqa yubileylər də olacaq, amma bu yubileylər heç də sevindirici deyil və dünən bunu ermənilərə bir daha xatırlatdılar. Üç ölkənin – Ermənistan, Azərbaycan və Rusiyanın – baş nazirlərinin müavinləri Qarabağda vəziyyətin nizamlanması üzrə işçi qrupunun növbəti iclasını keçirdilər. Söhbət son otuz ili Ermənistan üçün qiymətdən salan nizamlamadan gedir”.
Məqalədə qeyd edilir ki, 1990-cı ilin avqustunda Ermənistan SSRİ-də birinci olaraq müstəqillik haqqında bəyannamə qəbul etdi. Ekspert göstərir: “Bütün olub-keçənlər üçün əsas stimul Qarabağ idi. O vaxt erməniləri Qarabağdan başqa heç nə maraqlandırmırdı. İttifaq rəhbərliyi bu münaqişədə birmənalı şəkildə Yerevanın tərəfini saxlaya bilmirdi və Yerevan SSRİ-nin tərkibindən çıxmağa can atırdı götürüldü. Sonradan təəccüblü hərbi qələbə tələsik əldə edilmiş müstəqilliyin bütün birbaşa nəticələrini – sosial fəlakətdən kütləvi emiqrasiyaya qədər hər şeyi – köhnə tarixlə legitimləşdirdi”.
Hələ sovet dövründə Ermənistanın müstəqilliyi uğrunda mübarizə aparan dissidentlər Qarabağ məsələsi ucbatından unuduldular. Müəllif yazır: “Yaxşı ki, unuduldular, çünki onların çoxu açıq–aydın anlaqsız adamlar idi, bəziləri isə hətta Moskva metrosunda bomba partladırdılar. Onların əvəzinə qarabağlılar qəhrəman oldu, üstəlik sonrakı dövrdə ölkəyə məhz qarabağlılar başçılıq etdilər, amma onlar öz aralarında da savaşdılar. 1990-cı illərdən Paşinyana qədər Ermənistana Qarabağ veteranları rəhbərlik edirdi. Münaqişənin nizamlanması məsələsinə onların münasibətinin təfsilatı fərqli ola bilərdi, lakin bütün hallarda bu münasibət barışmaz xarakter daşıyırdı. Birinci prezident Levon Ter-Petrosyan Azərbaycana güzəştə getməyi və bəzi ərazilərin mübadilə olunmasını təklif edirdi. Məhz bu təklifə görə Qarabağ veteranları onu devirdilər və ikinci müddətin yarısına qədər də olsa vəzifədə qalmasına imkan vermədilər”.
Ekspert qeyd edir ki, 1991-ci ildə əhalisinin sayı 3,5 milyon olan Ermənistanı o vaxtdan bəri təqribən 1 milyon nəfər tərk edib.
Ekspert yazır: “Köçüb gedənləri başa düşmək olar. Kim o günləri xatırlasa titrəyir: Yerevanda hər bir evin pəncərəsindən soba tüstüsü çıxır, yanacaqdoldurma məntəqələrində isə növbəyə düzülmüş adamlar klassik sual verirlər: “Benzin çka? (“Benzin yoxdur?”)”. “Çka” cavabı onları qane etmirdi. Bunun ardınca ikinci klassik sual səslənirdi: “Vaapşe çka?”. Bəli, yoxdur. Bütün benzin Qarabağa tanklar üçün göndərilib.
Ermənistan müstəqilliyə hamıdan çox can atırdı, lakin bu müstəqilliyə çoxlarından zəif hazırlaşmışdı. O, Spitakda zəlzələdən az sonra müharibənin gedişində, iqtisadi imkanları sıfır səviyyəsində olduğu bir vaxtda qədəm qoymuşdu, lakin ölkəyə rəhbərlik edənlərin dövlət idarəçiliyi sayəsində heç bir təcrübəsi yox idi. 2000-ci illərdə nisbi sabitləşmə yarandı: indi bahalı maşınlar və Yerevan restoranlarına növbələr kənar müşahidəçini çaşdırmamalıdır. Ermənistanın müstəqilliyi heç vaxt iqtisadi məsələ olmayıb. Bu, salamat qalma məsələsi idi”.
Müəllifin fikrincə, otuz ildən, yəni bütöv bir nəslin həyatına bərabər müddətdən sonra Ermənistan hər şeyi təzədən başlamalı olur. Məqalədə deyilir: “1990-cı illərin əvvəlində müstəqilliyin əsas nailiyyəti hesab edilən amillər boş şey imiş. Birinci Qarabağ müharibəsində qələbədən sonra Ermənistan cəmiyyətini bürümüş snobizm uzun müddət erməni siyasətçilərin belə bir qəribə təsəvvürünə bəraət verirdi ki, təsadüfi hərbi qələbənin nəticələrini Minsk prosesi və ya hər hansı bir başqa danışıqlar çərçivəsində guya təsbit etmək mümkün olacaq, əgər bu baş tutmasa yeni qələbə qazanmaq mümkündür.
“Şuşanı özümüz götürdük, Ağdamı özümüz götürdük, Bakını da özümüz götürəcəyik. Əgər ruslar kömək etmək istəyirlərsə etsinlər, lakin ümumiyyətlə biz onlarsız da keçinərik- diaspor kömək edəcək”.
Onların məntiqi belə idi. Sonra isə müstəqillik elan edənlərin övladları Hadrut yaxınlığında Türkiyə istehsalı olan pilotsuz uçuş aparatlarının zərbələri altında həlak olur, hətta təhlükənin haradan gəldiyini anlamağa macal tapmırdılar. Gözlənilmədən məlum oldu ki, 1990-cı illərin bütün faciələri və məhrumiyyətləri hədər imiş. Müstəqillik uğrunda mübarizənin məqsədi biabırçı şəkildə unuduldu. Çoxlarının təsəvvüründə bunun təqsirkarı ruslar oldu. O ruslar ki, 30 il ərzində “özümüz bacararıq” deyirdilər”.
Ekspertin fikrincə, diaspora bəslənilən ümid özünü doğrultmadı. Cənubi Qafqazda bir neçə güc nöqtəsi arasında tarazlıq yaratmaq planı da özünü doğrultmadı: tezliklə məlum oldu ki, ABŞ-ın bu regionda xüsusi marağı yoxdur, Fransa başqa məsələlərlə məşğuldur, amma Türkiyə çox təşəbbüskardır.
Müəllif yazır: “O vaxta qədər ermənilərin bütöv bir nəsli təhlükəsizlik duyğusu ilə böyüdü. İqtisadiyyat və ya sosial firavanlıq baxımından yox, – bundan ötrü Rusiyaya gedirdilər, – sözün hərfi mənasında, Qarabağda “müdafiə dəhlizləri” hesabına təhlükəsizlik baxımından. Bu illüziya keçən il 44 gün ərzində puç oldu, Ermənistan üçün ən vacib olan təhlükəsizlik anlayışı əriyib getdi. Düşmən əhatəsində təhlükəsizlik hissi olmayan yerdə isə hər hansı müstəqilliyin bir qara qəpik qədər qiyməti yoxdur.
Bəli, 30 il hədər getdi. İndi öz səhvlərini anlamağın və nəhayət, snobizmdən yaxa qurtarmağın vaxtıdır. Ermənistanın “Qarabağ hər şey deməkdir” şüarına əsaslanan dövlətyaratma mövqeyi dünyada özünün yeri barədə realist təsəvvürlə təmin edilməyib. Lakin bu o demək deyil ki, Ermənistanın gələcəyi yoxdur, sadəcə onu yenidən düşünüb tapmaq lazımdır”. / AZƏRTAC