Qubadlının işğaldan azad olunmasından 1 il ötür
Bu gün – oktyabrın 25-i Qubadlının Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilməsinin ildönümüdür.
Xatırladaq ki, şəhərin erməni işğalçılarından təmizlənməsindən 1 il ötür.
Müzəffər Azərbaycan Ordusu 2020-ci il oktyabrın 25-də Qubadlı şəhərini işğalçılardan azad edərək üçrəngli bayrağımızı 30 ilə yaxın müddətdən sonra həmin ərazilərdə qürurla dalğalandırıb.
2020-ci il oktyabrın 25-də Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndini və Qubadlı şəhərinin işğaldan azad edildiyini xəbər verib.
Qubadlı rayonu 1933-cü ildə Qubadlı kəndinin əsasında təşkil olunub. 1963-cü ildə ləğv edilərək ərazisi Zəngilan rayonu ilə birləşdirilib. 1964-cü ildə yenidən müstəqil rayon olub.
Qubadlı 31 avqust 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. İnzibati bölgüsünə 1 şəhər, 93 kənd, 31 inzibati-ərazi dairəsi aiddir.
Rayonda əsasən, qəhvəyi dağ-meşə torpaqları yayılıb. Əsas bitki örtüyü kollu və seyrək meşəli çəmənlərdir. Dağ meşələri (fıstıq, palıd, vələs və s.) var. Meşələrin sahəsi 13,2 min hektardır. Heyvanları ayı, canavar, vaşaq, tülkü, boz dovşan, süleysin, oxlu kirpi və s-dir. Quşlardan boz kəklik, turac, qırqovul, göyərçin və s. var. Rayonda Qubadlı yasaqlığı təşkil edilib.
Qarabağ Azərbaycandır!