Müharibə ehtimalı? Kiminlə aparacağıq? – Ekspert
Ehtiyatda olan hərbi vəzifəlilərin hərbi təlim, hərbi yoxlama və xüsusi toplanışlara çağırılması arzuolunan bir məsələdir. Belə təlimlər mütəmadi xarakter daşımalıdır.
Bu sözləri açıqlanmasında hərbi ekspert, polkovnik Üzeyir Cəfərov deyib.
Ekspertin sözlərinə görə, bu təlimlər peşəkarlıq səviyyəsini artırmaq xarakteri daşıyır:
“Təəssüflər olsun ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti əvvəlki illərdə bu məsələyə lazımi səviyyədə diqqət yetirməyib. Ancaq hazırda bu sahədə böyük işlər görülür. Mən ehtiyatda olan polkovnik kimi onu deyə bilərəm ki, bu təlimlərlə hərbi vərdişlər və peşəkarlıq səviyyəsi artırılır, eyni zamanda heyət yeni texniki vasitələrlə tanış olur. Təlimlər noyabrın 6-na qədər davam edəcək və burada heç bir xüsusi hədəf yoxdur. Bizim Birinci və İkinci Qarabağ müharibələrində iştirak etmiş kifayət qədər kadr potensialımız var. Bu insanlar da zaman-zaman məşq etməli, özlərinin bilik və bacarıqlarını artırmalı, inkişaf etdirməlidir”.
Polkovnik yeni müharibə ehtimalının olmadığını da vurğulayıb:
“Heç bir müharibə ehtimalı yoxdur. Kiminlə müharibə aparacaq Azərbaycan? Bizim işğaldan azad olunan bölgələrimizdə yenidən müharibə apara biləcək kifayət qədər ehtiyat qüvvə var. Bizim hazırda yeganə problemimiz Qarabağdakı separatçı tör-töküntülərdir. Onlarla bağlı məsələnin də noyabr ayının ortasında imzalanması gözlənilən üçtərəfli müqavilə ilə həll ediləcəyini düşünürəm”./axar.az