Moskva görüşü: Bakı və Ankara artıq hazırlıq işi görür
Paşinyan rəhbərliyi artıq Zəngəzur dəhlizi ilə bağlı məsələləri sürətləndirməlidir.
Bu sözləri açıqlamasında Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Moskvada, 8-9 noyabrda keçirilməsi gözlənilən görüşünü şərh edən politoloq Turab Rzayev deyib.
Politoloq bildirib ki, bu görüşdə iki məsələ müzakirə olunacaq:
“Bunlardan birincisi Azərbaycan və Ermənistanın sərhədlərinin delimitasiya və demarkasiyası məsələsidir. Bilirsiniz ki, burda müəyyən problemlər var. Lakin artıq bu məsələ də yekunlaşmalıdır, sadəcə olaraq, əsas sual delimitasiya və demarkasiyanın hansı xəritə və sərhədlər üzərindən aparılacağıdır. Sovet İttifaqı tərkibində olduğumuz dövrdə Azərbaycan və Ermənistan sərhədlərində bir neçə dəfə kiçik dəyişikliklər olub və buna görə də hansı xəritədən asılı olmayaraq, orda müəyyən ərazi fərqləri yarana bilər. Sovet dövründəki xəritələrdə ölkə sərhədləri sadəcə daha çox dağ zirvələri və çay yataqlarının üzərindən hesablanırdı və dəqiqlik yox idi. İndi orda müəyyən dəqiqlik aparıldıqda hər hansı problemlər çıxa bilər. Məsələn, 30 il keçməsinə baxmayaraq, Gürcüstan Rusiya ilə delimitasiya prosesini tam yekunlaşdırıla bilməyib.
İkinci məsələ Zəngəzur dəhlizidir. Artıq bu dəhlizlə bağlı Rusiya və Türkiyənin gözləntiləri var, Azərbaycan isə qərb rayonlarında bununla bağlı ciddi hazırlıq işləri görür. Türkiyə də İğdır şəhərindən Naxçıvana dəmiryol xəttini çəkməyə başlayıb. Yəni ciddi hazırlıqlar gedir və Ermənistan bu məsələni tezləşdirməlidir”./axar.az