Misirin “Əl Əhram” qəzeti Azərbaycanın “Dubai EXPO 2020” sərgisindəki pavilyonu haqqında reportaj yayıb
Misirin nüfuzlu “Əl Əhram” qəzetində Azərbaycanın “Dubai EXPO 2020” sərgisindəki pavilyonu haqqında “Azərbaycan Dubayda turizmi daha da inkişaf etdirmək əzmini nümayiş etdirir” sərlövhəli reportaj dərc olunub.
Reportajda Azərbaycanın turizmi daha çox inkişaf etdirmək əzminin Heydər Əliyev Mərkəzinin təşkil etdiyi bu pavilyonda əks olunduğu vurğulanıb. Müəllif Mahmud Diab bildirib ki, Azərbaycan sərgidə “Gələcəyin toxumları” mövzusu ilə təmsil olunur. Bu mövzu yaşadığımız dünyanın və mühitin dayanıqlı inkişafda yeganə yolunun gələcəyə sərmayə yatırımlarına bağlıdır. Pavilyonun konsepsiyası dəyişikliyin subyekti və obyekti, təşəbbüskarı və əsas aparıcı qüvvəsi olan insan kapitalını əks etdirir. Üçmərtəbəli, ağac və onun budaqları formasını xatırladan Azərbaycan pavilyonunun konsepsiyası təsdiq edir ki, yalnız insan kapitalının inkişafı ilə dayanıqlı gələcəyə nail olmaq mümkündür. Pavilyonda instalyasiya, audio və video materiallar vasitəsilə Azərbaycan landşaftının müxtəlifliyi əks olunub, füsunkar təbiətə malik turizm məkanları haqqında məlumat verilir.
Çox sayda fotoşəklin də yer aldığı reportajda diqqətə çatdırılıb ki, pavilyondakı təqdimatlarla Azərbaycanın ətraf mühitin mühafizəsi, iqtisadiyyatın şaxələndirilməsi, insan kapitalına sərmayə yatırımı və dayanıqlı inkişaf kimi qlobal məsələlərdə böyük uğurlara imza atdığı nümayiş etdirilir. / AZƏRTAC