Misir portalı Prezident İlham Əliyevin DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin açılışında iştirak etməsi barədə xəbər yayımlayıb
Misir portalı Azərbaycan Prezidenti İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın və qızları Leyla Əliyevanın DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin açılışında iştirak etməsi barədə xəbər yayımlayıb.
Yayımlanan xəbərdə qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən dövlət siyasətində sosial sahənin inkişafına və həssas təbəqənin sosial məsələlərinin həllinə daim xüsusi diqqət yetirilir. Bu istiqamətdə dövlət səviyyəsində icra olunan layihələrlə yanaşı, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsləri də xüsusi əhəmiyyəti ilə seçilir. Bu baxımdan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin yaradılmasını da qeyd etmək olar. Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan Mərkəzin əsas məqsədi əlilliyi olan şəxslərin, o cümlədən müharibə əlillərinin, şəhid ailələri üzvlərinin, habelə sosial cəhətdən həssas qrupların yaradıcı potensialının, istedadlarının, digər bacarıqlarının ortaya çıxarılmasına və inkişafına kömək etməkdir.
Xəbərin sonunda diqqətə çatdırılıb ki, bu mərkəzdə əlilliyi olan şəxslərə milli və Avropa kulinariyası üzrə 15 yaşdan yuxarı 5 nəfərlik qrup üçün təlim, həmçinin kulinariya yarmarkalarının keçirilməsi, kulinariya verilişlərinin çəkilməsi nəzərdə tutulur. / AZƏRTAC