Tikintiyə icazələrin verilməsi: İşçi qrup iclas keçirdi
Azərbaycanda biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Tikintiyə icazələrin verilməsi” üzrə işçi qrupun növbəti iclası keçirilib.
Bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (DŞAK) xəbər verib.
Məlumata görə, iclasda bu ilin 9 ayında Fəaliyyət Planının icrası ilə əlaqədar görülmüş işlər, icrası davam edən bəndlər üzrə hazırki vəziyyət, qarşıda duran vəzifələr və daha öncəki iclasda alınmış qərarların icra vəziyyəti müzakirə olunub.
Eyni zamanda, “Bir pəncərə” e-sistemi ilə ekspertiza tələb olunan obyektlər üçün icazələrin verilməsi modulunun istifadəyə verilməsi və sistemin məlumatlandırılma icraatı modulunun ölkə üzrə tətbiqi və genişləndirilməsinə dair vəziyyət haqqında məlumat iclas iştirakçılarının diqqətinə çatdırılıb, ümumilikdə elektron sistemin təkmilləşdirilməsi yönündə aparılan işlər və gələcək hədəflər haqqında fikir mübadiləsi aparılıb.
Bununa yanaşı, 2021-ci ilin Fәaliyyәt Planının 9 aylıq yekun qiymәtlәndirilmәsinә hazırlıq və növbəti il üçün Fəaliyyət Planının hazırlanmasına dair təkliflərin təqdim edilməsi ilə bağlı işlərin sürətləndirilməsi və fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi qərara alınıb.
Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya Prezident İlham Əliyevin 13 iyul 2016-cı il tarixli sərəncamı ilə yaradılıb. Məqsəd sahibkarlıq fəaliyyətinin optimal gəlirliliyini təmin edəcək və rəqabət prinsiplərinə əsaslanacaq biznes mühiti yaratmaq, ölkənin investisiya cəlbediciliyini artırmaq, beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyini daha da yaxşılaşdırmaq üçün qanunvericiliyin və inzibatçılığın təkmilləşdirilməsi, bu istiqamətdə digər zəruri tədbirlərin görülməsinə nail olmaqdır. Qarşıya qoyulan vəzifələrin həyata keçirilməsi məqsədi ilə Komissiya 19 işçi qrup yaradıb. “Tikintiyə icazələrin verilməsi” üzrə işçi qrupa DŞAK rəhbərlik edir.