İrəvanın arzusu yenə puç oldu: Tehran Bakı ilə anlaşır
Ermənistanın İranla dəhliz yaratmaq və iqtisadi əməkdaşlıq etmək cəhdi tamamilə fiyaskoya uğradı.
Bu sözləri İran-Azərbaycan siyasi-iqtisadi münasibətlərində irəliləyişi şərh edən politoloq Turab Rzayev deyib.
Politoloq bildirib ki, Azərbaycanın atdığı qətiyyətli addımlar və diplomatik aktivlik yekun nəticədə Ermənistanın planlarına çox böyük bir zərbə oldu:
“Ermənistan İran-Azərbaycan gərginliyindən öz məqsədləri üçün maksimum istifadə etməyə çalışırdı. Düşünürdü ki, İranı Ermənistan ərazisindən keçməklə Poti limanına qədər uzanacaq beynəlxalq yolun çəkilməsinə və bunun maliyyəsini Tehranın üzərinə qoymağa nail olacaq. Çünki Ermənistan hazırda daha acınacaqlı durumdadır, Azərbaycan ərazisini bərpa etmək və Gorus-Qafan yolunun bir hissəsini nəzarətə götürməklə, İrəvana misilsiz təsir imkanı əldə edib, bu ölkəni tam blokadaya alıb”.
Politoloqun sözlərinə görə, İran Ermənistanın sui-istifadə cəhdlərinin iqtisadi maraqlarına qətiyyən cavab vermədiyini anladı:
“İran regionda əsas söz sahibi olan Azərbaycandan yan keçməklə hər hansı meqalayihənin mümkünsüz olduğunu başa düşdü. Yekun nəticədə İran Azərbaycanın şərtlərini qəbul etməyə məcbur oldu və bununla bağlı bəyanat verdi.
Ermənistan rəhbərliyi də birdəfəlik başa düşməlidir ki, Azərbaycanın iştirakı olmadan heç bir regional və ya beynəlxalq nəqliyyat infrastruktur dəhlizi yaradıla bilməz. Ona görə də qalib dövlətin şərtlərini qəbul etməlidir”. / axar.az