İrandakı bu qüvvələr səhvlərini anladılar – Keçmiş nazir
“İran-Azərbaycan münasibətlərinin gərginləşməsi, bu cür gündəmə gəlməsi səhv idi”.
Bunu açıqlamasında keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov deyib.O bildirib ki, həmin səhv İranda xarici məsələlərdə dərin təcrübəsi olmayan şəxslərin təşəbbüsü idi:
“Söhbət kimin güclü, kimin zəif olmasından getmir. Əvvəlcədən də bilinirdi ki, yeni münaqişə heç kəsə lazım deyil. Amma Azərbaycanla münasibətlərin pisləşməsi ümumiyyətlə İranın xeyrinə deyildi, bunu hər iki tərəfdə də anlayırdılar. Təbii ki, münasibətlərin pisləşməsi Azərbaycanın da xeyrinə deyil. İranın ən sakit sərhəd zolağı elə biz tərəfdədir. Əfqanıstanla sərhədə baxın. Eləcə də bəlucların yaşadığı bölgə də sakit deyil. İraq da göz önündədir. İranın digər sərhəd bölgələrinə baxanda görəcəyik ki, həddindən artıq problemlər var. Ona görə də münasibətlərin gərginləşməsi bir səhv idi. Həmin qüvvələrin təcrübəsi olmamaqla yanaşı, həm də Azərbaycanı istəmirdilər. İndiki mərhələdə İrandakı real vəziyyəti qiymətləndirənlər də var. Üstəlik, həmin qüvvələrin Azərbaycana münasibəti də dostluq və əməkdaşlıq səpkisindədir. Təcrübəsiz qüvvələrin səhvlərini də məhz onlar düzəltməkdədirlər. Təklif olunub ki, gəlin, bu məsələləri danışıqlar yolu ilə həll edək. Mənə elə gəlir ki, artıq iki ölkə arasındakı bu narahatlıq səhifəsi bağlanıb. İranda vəziyyəti gərginləşdirən qüvvələr də artıq səhvlərini başa düşüblər”.