5-ci dalğa başlayıb: təhsil müəssisələri 2-3 həftəlik bağlanır? – “Məktəblərin açılması bir qədər tələsik qərar idi”
Azərbaycanda koronavirusa yoluxma statistikasında son günlərin ən yüksək rəqəmləri açılqanıb. Belə ki, son statistikaya görə, Azərbaycanda ötən gün koronavirus infeksiyasına 2303 yeni yoluxma faktı qeydə alınıb, 1010 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Son sutkada 16 nəfər COVİD-19-dan dünyasını dəyişib.
İndiyədək ölkədə ümumilikdə 507 857 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 480 685 nəfər müalicə olunaraq sağalıb, 6 809 nəfər vəfat edib. 20 363 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 075, bu günə qədər isə ümumilikdə 5 056 819 test icra olunub.
Artıq mütəxəssislər beşinci dalğanın başladığını, noyabrda vəziyyətin daha kəskin olacağını proqnozlaşdırırlar. Digər tərəfdən də koronavirus təhsil müəssisələrində yayılmaqda davam edir. Orta və ali məktəblərdə yoluxma artır. Bununla belə, hökumət hələlik təhsil müəssisələrinin tamamilə distant təhsilə keçilməsi barədə düşünmür.
Alimlər isə yenidən başqa virusun yayılma səbəbini araşdırmağa başlayıblar. Böyük Britaniyanın Kembricdəki Senger İnstitutundan Ceffri Barrett və London Universitetindən Fransis Ballou Hindistanda koronavirusun yeni və təhlükəli mutasiyasının ortaya çıxması ilə bağlı xəbərdarlıq ediblər. “
AY.4.2″ adlanan yeni ştamm dünya ölkələrində tüğyan edən sələfindən 10-15% daha infeksion sayılır. Alimlərə görə, ”AY.4.2″ pandemiya dövründə ən yoluxucu koronavirusa çevriləcək”. O da qeyd edilir ki, hazırda dünyada ən çox yayılmış “Delta” ştammı koronavirusun yeni mutasiyası ortaya çıxana qədər planetdə hakim olacaq.
Bu arada, Ümumdünya Səhiyyə Təşkilatı etiraf edib ki, COVİD-19 virusunun yaranma səbəblərini araşdırmaq imkanları tükənir. Təşkilat bununla bağlı Çinə müraciət etsə də, imtina edilib.
Bəs görəsən, son günlər COVİD-lə bağlı nə kimi yeniliklər, proqnozlar var?
İinfeksionist-hepatoloq Mərdan Əliyev bildirib ki, virusa yoluxma sayı artmaqda davam edir: “Bu, əvvəldən proqnozlaşdırılmışdı, payız və qış fəsillərində virusa yoluxma sayı artacaq deyilmişdi, belə də oldu. Çünki bu fəsillər virusa yoluxma üçün əlverişlidir. Həm də koronavirusdan başqa, mövsümi kəskin- respirator xəstəliklər, müxtəlif viruslar bu aylarda artır, koronavirusa qarışır. Odur ki, hazırda bunu müşahidə etməkdəyik. Açığı deyim ki, məktəblərin açılması bir qədər tələsik qərar idi. Aydın məsələdir ki, payız aylarında virus sayı artır. Bir sinifdə nəzərə alaq ki, 30-32 beş şagird olur və bunlar yetkin şəxslər deyillər. Misal üçün, ibtidai sinifdə onlar arasında nə profilaktik qaydaları qorumaq mümkündür, nə sosial məsafəni qorumaq olur, nə də maska taxmaq mümkündür. Odur ki, asanlıqla virus birindən digərinə keçir. Uşaqlar arasında hazırda koronavirus infeksiyası kifayət qədər artmaqdadır. Bunun yeganə çıxış yolu iki -üç həftəlik karantin elan olunmasıdır. Dərslərin onlayn şəkildə keçirilməsi mümkündür. Burada operativ hərəkət etmək lazımdır. Yaxşı olardı ki, məktəblərdə, bağçalarda həkimlər olsun, bu həkimlər nəzarət etsinlər. Xüsusən də bu bağça və ibtidai sinif şagirdlərində qızdırma varsa, narahatlıq varsa, həmin uşaq təcrid olunmalıdır. Digər şagirdlərdə də varsa, bu zaman onlayn təhsilə keçirilməlidir. Bunu yuxarı sinif şagirdlərinə də tətbiq etmək mümkündür”.
İnfeksionist virusun yeni ştammı ilə bağlı suala da cavab verib: “Koronavirus daha böyük genoma malik olduğu üçün burada daha sürətli mutasiyalar baş verir və yeni variantlar ortaya çıxır. Bu variantlardan ən narahatedici ”Delta” idi. Sonra “Delta plus” variantı da yayıldı. Hər ikisi sürətlə yayıldı, dünyada dominant oldu.
Bundan sonra “Lyamda” ştammı Peruda meydana çıxdı. Sonra “Mu” ştammı yarandı, bəzi ölkələrdə sürtələ yayılmağa başlayıb. Ümumi götürəndə bunlar hamısı bir-birindən çox da fərqlənmir. Çox cüzi, müəyyən fərqlər var. Ümumi götürəndə bunların həm patogenliyi, virulentliyi, xəstəlik törətmə qabiliyyəti koronavirusun ümumi prinsiplərinə uyğundur. Müalicə koronavirusda necə aparılırsa, hansı formada təsir göstərirsə, yeni ştammlarda da eyni təsir göstərir”.
Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Təyyar Eyvazov isə “COVİD-19 peyvəndləri” mövzusunda çıxışında deyib ki, koronavirusun uşaqlar arasında epidemiya halını aldığını demək olmaz: “İndi məktəblərin açılması ilə bağlı uşaqlar arasında yoluxma arta bilər. Yoluxma sayı, xüsusilə uşaqların koronavirusa yoluxması müəyyən problemlər yaşatsa da, uşaqlar böyüklərə nisbətən xəstəliyi yüngül keçirirlər. Məktəblərin bağlanmasını istəmirik. Mümkün qədər əyani təhsil formasının davam etməsini istəyirik. Belə hallar bağlanma qərarının verilməsi üçün çox deyil. Ayrı-ayrı yerlərdə xəstələnmə halları olursa, lokal tədbirlər görülür. Bu məktəblərin bağlanması daimi deyil, 14 gün sonra açılır. Təkcə Azərbaycanda deyil, əksər ölkələrdə belə yanaşma var. Mümkün qədər çalışılır ki, həyat öz axarı ilə davam etsin. İndiki yumşalmalar insanlar üçün yetərlidir”.
Mütəxəssis qeyd edib ki, yoluxmada artım var və olacaq: “Hər bir vətəndaş üzərinə düşən işi görsə, peyvəndlənmədə iştirak edənlər çox olsa, daha yoluxucu ştamm gəlməsə, demək olar ki, bu xəstəliyin ağır hallarını keçmiş olacağıq və xəstəliyi idarə etmək bacarığımız olacaq. Bu müddəti heç bir bağlanmalara getmədən davam edə bilsək, bizim üçün böyük qələbə olar”./musavat.com