Əliyevin Azərbaycan uğrunda güzəştsiz mövqeyi: Tehran geri çəkilməyə məcbur oldu
Bakı-Tehran münasibətlərində müsbət meyllər müşahidə olunur: İran vətəndaşlarına və şirkətlərinə Qarabağa getməyə qadağa qoydu, Azərbaycan Xankədinə qanunsuz yük apardıqları üçün saxladığı iki iranlı sürücünü ölkələrinə təhvil verdi.
Proseslərin inkişafı və nəticəsi bir daha sübut etdi ki, Azərbaycan öz haqlı mövqeyindən geri çəkilmir, Prezident İlham Əliyev suverenliyimizin və milli maraqlarımızın qorunmasında qətiyyətli, cəsarətli, prinsipial siyasətini davam etdirir və milli maraqlarımızın qorunmasında heç bir qüvvə Azərbaycan liderini geri çəkilməyə məcbur edəm bilməz.
İranın Xankəndinə qanunsuz yük daşıması və bununla Azərbaycanın ərazi bütövlüyünü pozması faktları ortaya çıxanda Bakı buna son qoyulması üçün Tehrana diplomatik yolla müraciət etdi. Lakin bu müraciətə adekvat cavab verilmədi. Ardınca Bakının notası da işə yaramadı və İran açıq şəkildə qanunsuz əməlini davam etdirdi. Nəhayət, Bakı praktiki tədbirlər görməyə başladı: Gorus-Qafan yolunun Azərbaycanın suveren ərazisindən keçən hissəsində postlar quruldu, İran TIR-ları yoxlanıldı və birbaşa Xankəndinə yük daşıyan iranlı sürücülər saxlanıldı.
Fakt qarşısında qalan İran tərəfi problemi həll etmək əvəzinə Azərbaycanı açıq şəkildə təhdid etməyə başladılar: bu ölkənin dini-siyasi-hərbi rəhbərliyi açıq təhdidlər səsləndirir, Azərbaycanla sərhəddə hərbi təlimlər keçirir. Və bütün bunları absurd iddialar üzərindən irəli sürürdülər.
Tehranda hesab edirdilər ki, bu cür təzyiqlərlər rəsmi Bakını haqlı mövqeyindən çəkindirəcəklər. Lakin Prezident İlham Əliyev açıq şəkildə milli maraqlarımıza, suverenliyimizə və ərazi bütövlüyümüzə qarşı təhdidlərə qarşı adekvat addımların atılacağının mesajını verdi. Və milli maraqlarımızın müdafiəsindən bir addım da olsa geri çəkilmədi.
Və İlham Əliyev sübut etdi ki, nə hərbi təlimlər, nə başqa formada təzyiqlər milli maraqlarımızın müdafiəsinə təsir edə bilməz, hətta suverenliyimiz uğrunda sona qədər mübarizə aparmaq əzmindəyik.
İranda da anladılar ki, Azərbaycanı bu cür təzyiqlərlə yolundan döndərmək mümkün olmayacaq və reallıqla barışmağa məcbur oldular.
İranın aidiyyəti orqanlarının həmkarlar ittifaqlarına, şirkətlərə Qarabağa getməklə bağlı müvafiq tövsiyələr verməsi, bu problemə son qoyulacağı barədə öhdəlik götürülməsi Azərbaycanın haqlı tələblərinin icra olunduğunu bir daha nümayiş etdirdi.
Azərbaycan öz suverenliyini qorumaqla bağlı mübarizəsi müsbət nəticə verdi və eyni mövqe bundan sonra da davam edəcək.
İran-Azərbaycan münasibətlərində müşahidə olunan gərginlik həm də Ermənistana böyük zərbə oldu. İrəvan üçüncü tərəflərin dəstəyi ilə Azərbaycanın suveren ərazilərinə müdaxilə etməyə çalışırdı, lakin bu imkandan məhrum oldu. Bununla yanaşı, Ermənistanın İranla dəhliz yaratmaq və iqtisadi kooperasiyanı daha da inkişaf etdirmək cəhdləri də iflasa uğradı.
Bu proseslər həm də Azərbaycanın daxilində xarici qüvvələrə xidmət edən, onlarla əlaqədə olan şəxslərin, təşkilatların, formalaşmış şəbəkənin ifşa olunmasını şərtləndirdi. Bir daha göründü ki, bəzi şəxslər, qurumlar hər an Azərbaycan xalqının milli maraqlarını qurban verməyə, ölkəmizi istəməyən xarici qüvvələrlə işbirliyinə getməyə, öz xalqına və vətəninə qarşı çıxış etməyə hazırdırlar. Belələrinin davamlı ifşa olunması, onların barəsində tədbirlər görülməsi zəruridir. Və bu şəbəkələrin ifşa edilməsi, neytrallaşdırılması bundan sonra da davam etdirilməlidir.
Asif Nərimanlı