Putin vaksindən qorxan qrup yoldaşları haqda danışdı: “Deyir bilmirəm, hələ baxacam…”
Rusiya prezidenti Vladimir Putin bu gün hökumətin müşavirəsi zamanı koronavirusa qarşı vaksin vurdurmaqdan çəkinən qrup yoldaşları haqda danışıb.
Hökumətin YouTube kanalında canlı yayımlanan müşavirəsi zamanı baş nazirin müavini Tatyana Qolikova Rusiyada son vaxtlar yoluxma və ölüm hallarının kəskin artması, xəstəxanaların dolması, səhiyyə sisteminin həddən artıq yükləndiyi haqda məruzə edib. Təklif edib ki, insanlar arasında təmasların qismən azaldılması üçün oktyabrın 30-dan noyabrın 7-nə qədər ölkə üzrə qeyri-iş günləri elan edilsin.
Putin müşavirədə tapşırıq verib ki, koronavirusla mübarizə üçün bütün resurslar səfərbər edilməlidir. O, Avropadakı vəziyyətin Rusiyadan daha ağır olduğunu, insanların bəzən günlərlə xəstəxanalarda yer tapa bilmədiyini deyib. Bildirib ki, hökumət Rusiyada belə vəziyyətin yaranmaması üçün mümkün olan bütün imkanlardan istifadə etməlidir.
Rusiya prezidenti əhalini vaksin vurdurmağa çağırıb. Ölkədə vaksinasiya səviyyəsinin olduqca aşağı olmasından narahatlıq ifadə edib. Eyni zamanda bildirib ki, pandemiyanın əvvəllərində onun yaxın ətrafında olan adamlar da vaksin vurdurmaqdan çəkinirdilər. Putin bunların arasında qrup yoldaşlarının da olduğunu deyib.
“Yadımdadır, lap əvvəldə yaxın adamlardan, qrup yoldaşlarımdan soruşuram: vaksin vurdurmusan?. O da məndən soruşur – Yox, bəs sən? – Gözləyirəm, sən vurdur, sonra, və s., və ilaxır. Yaxşı, axırda mən vaksin vurdurdum, yenə soruşuram-vaksin vurdurdun? Deyir – yox. Deyirəm, niyə? Deyir bilmirəm, hələ baxacam, gözləyim görüm nə olacaq. Qəribə adamlardır. Yaxşı təhsil alıblar, elmi dərəcələri var. Mən anlamıram, nə baş verir. Bizdə etibarlı, effektiv vaksinlər var və bu haqda bir daha demək istəyirəm-bizim iki yolumuz var, ya xəstələnmək, ya vaksin vurdurmaq”, – Putin təəccübləndiyini gizlətməyib. /virtualaz.org