“Moskvada kommunikasiyaların açılmasına dair qərar ola bilər” – Əli Abbasov

 

“Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında görüş haqda hələlik rəsmi məlumat yoxdur. Halbuki hər iki tərəf belə bir görüşə hazır olduqlarını ifadə ediblər. Sonuncu dəfə Paşinyan Moskvada səfərdə olub. Ola bilsin ki, orada bu mövzuda da fikir mübadiləsi aparıb. Mümkündür ki, Azərbaycan, Rusiya və Ermənistan baş nazirlərinin müavinləri bundan əvvəl Moskvada görüşərək hansısa qərara gəlsinlər”.

Bunu politoloq Əli Abbasov Moskvada Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinlərinin bu gün keçirilən görüşü haqqında danışarkən deyib.

Əli Abbasov ehtimal etmir ki, Moskvada baş nazirlərin müavinləri hansısa yekun qərara gələ bilərlər: “Amma mümkündür ki, hansısa irəliləyişlər əldə edilə bilər. Komissiyanın hansı şəkildə irəliləyiş əldə etməsini biz bilə bilmərik. Üçtərəfli komissiyanın görüşü başa çatdıqdan və mətbuata açıqlama verildikdən sonra bu barədə məlumat ola bilər”.

Ekspert Moskva görüşündə daha çox Cənubi Qafqazda kommunikasiya xətlərinin açılmasına dair müsbət qərarın ola biləcəyini proqnozlaşdırır: “Bəli, bu haqda qərar ola bilər. Amma siz bildiyiniz kimi Cənubi Qafqazda kommunikasiya xətlərinin açılması haqda ilk qərar noyabrın 10-da imzalanan üçtərəfli razılaşma ilə ortaya çıxmışdı. Bir azdan bu razılaşmanın üzərindən bir il zaman keçəcək. Amma indiyə qədər real irəliləyiş əldə edilməyib. Bunun özü pis nümunədir. Amma indi bu mümkün görünür. Nəzərə almalıyıq ki, Rusiya Xarici İşlər naziri Sergey Lavrov Moskvaya səfər edən İran Xarici İşlər naziri Abdullahiyanla müzakirələr zamanı işlətdiyi ifadələr diqqəti çəkdi. Lavrov əsasən Azərbaycanla bağlı və kommunikasiya xətləri haqqında maraqlı fikirlər işlətdi. Çox güman ki, kommuniksiya xətləri Rusiyanın maraqlarına uyğundur. Görünür, ruslar düşünür ki, əgər şimal dəhlizi reallaşsa (Fars körfəzi-Qara dəniz xətti) prosesdən kənarda qalacaq. Yəni bu yol daha çox İran-Ermənistan-Gürcüstan xəttini açacaq və rusların ona ciddi təsir imkanlarını olmayacaq. Amma Zəngəzur dəhlizi açılacaqsa, əvvəla bu dəhlizi ruslar mühafizə edəcək.Odur ki, bu daha çox Rusiyanın xeyrinə olacaq. Bu mənada Moskva görüşündə irəliləyişlər ola bilər. Əlbəttə, çox şeylər olmasa da, addım-addım xətlərin açılmasına gediləcək”.

 

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password