Maaş və pensiyalar bu qədər arta bilər – Ekspert
Azərbaycanda maaşların və pensiyaların artırılması həmişə 2 formul üzrə aparılıb. 2015-2016-cı ilə qədər rəsmi infilyasiyaya görə indeksləşmə aparılırdı. Sonradan isə orta aylıq əmək haqqının artım tempinə görə indeksləşmə aparıldı.
Bu sözləri iqtisadçı-ekspert Natiq Cəfərli maaş və pensiyaların nə qədər artırılacağı haqda danışarkən deyib.
“Prezident Sərəncamı yəqin ki, bu 2 formuldan fərqli formulla olacaq. Çünki bizdə rəsmi infilyasiya 5,1%-dir. Orta aylıq əmək haqqının artım tempi isə çox aşağıdır, 1% civarındadır. Düşünmürəm ki, bu formullardan istifadə olunacaq. Nazirlər Kabineti bu yaxınlarda rəqəmləri açıqlayacaq. Ehtimal edirəm ki, hər bir halda maaşlar və pensiyaların ən azı 10% artımı gözlənilir”, – N.Cəfərli qeyd edib.
İqtisadçı-ekspert Rəşad Həsənov isə bildirib ki, pensiyaçılar, minimum əmək haqqı səviyyəsində gəliri olanlar, müavinət alanlar üzrə gəlirlərin təxminən 40% artırılması təmin olunmalıdır:
“Ötən dövr ərzində qiymət artımları kəskin şəkildə davam edib. 2022-ci ildə pensiyalara tətbiq ediləcək indeksasiya səviyyəsi çox aşağı, təxminən 1% ətrafında olacaq. Çünki bu il orta aylıq əmək haqqının artımı aşağıdır. Əvəzində bu ilin əvvəlindən bəri vətəndaşların ailə büdcəsinə əhəmiyyətli təsiri olan tənzimlənən tariflərdə ciddi artımlar edilib. Təkcə yeni qəbul edilmiş qərarlar nəticəsində yalnız limitlər çərçivəsində elektrik enerjisi və qaz ailə təsərrüfatlarına 285 milyon manat əlavə xərc yaradacaq. Buna görə də gəliri az olan sosial qruplar üçün 40%, orta aylıq əmək haqqı səviyyəsində gəliri olanlar üçün 15% artım məqsədəuyğun olardı. Kənd təsərrüfatı sahəsində çalışanların əmək haqlarında 40%, təhsil işçilərinin maaşlarında 20% civarında artım edilməlidir ki, tarif dəyişikliyi və inflyasiyanım yaratdığı əlavə xərcləri kompensasiya edə bilsinlər”.
Qeyd edək ki, 2020-ci ildə Azərbaycan orta aylıq nominal əmək haqqı 707,7 manat təşkil edib./axar.az