“İran Zəngəzur dəhlizinin əsas benefisiarlarından biri ola bilər, amma…”
Stanislav Tkaçenko: “İrana qarşı tətbiq olunan iqtisadi sanksiyalar səbəbindən bu dövlətin xarici dünya ilə xarici iqtisadi əlaqələrinin həcmi kiçikdir”
Rəsmi Tehranın Azərbaycanla münaqişədə “sionistlər” kimi mücərrəd formulalardan istifadə etməsinə baxmayaraq, onların əsl narahatlığı Zəngəzur dəhlizidir. Lakin bölgənin blokadadan çıxarılması və bütün bölgə ölkələrinin iqtisadi əməkdaşlığı İran üçün də faydalıdır. Zəngəzur dəhlizi bölgənin iqtisadi sifətini necə dəyişəcək və İran niyə bu layihəyə qarşı çıxır?
Bu məsələləri müsahibəsində iqtisad elmləri doktoru, Sankt –Peterburq Dövlət Universitetinin professoru Stanislav Tkaçenko şərh edib.
– İran Zəngəzur dəhlizinin inşasına qarşıdır. Ancaq nəzəri olaraq Tehrana da fayda gətirəcək bu layihə bütün bölgəni blokadadan çıxarmalıdır. İranın narazılığının səbəbi nədir?
– Ekspertlər ABŞ-ın bu ilin avqustunda Əfqanıstandan tələsik və zəif təşkil olunmuş şəkildə çıxmasının həm hərbi, həm də strateji nəticələrinin olacağını güman edirdilər. İndi bizi gözləyən nəticələrin ilk ipuçları görünməyə başlayır.
ABŞ hərbi maşınının effektivsizliyi ölkənin düşmənlərinin təkqütblük dövrünün bitdiyinə olan ümidini yenidən canlandırdı. Buna görə də, müəyyən bölgələrdə rollarını artırmağa çalışan dövlətlər bu yaya qədər sabit sayılan vəziyyətləri yenidən nəzərdən keçirməyə başladılar. Misal olaraq, Tayvan ətrafında və Cənubi Çin dənizindəki vəziyyətin son on ildə ilk dəfə “ölü nöqtə”dən tərpənəck hala gəldiyini qeyd edəcəyəm. Rusiya Ukraynaya təzyiqləri artırır və ABŞ Viktoriya Nulandın səyləri ilə bunu bir az da olsa azaltmağa çalışır.
Eyni şəkildə, Cənubi Qafqazda mövcud vəziyyətin inkişafını görürəm. İran Ermənistanla münaqişənin Azərbaycan üçün qələbə ilə başa çatmasında maraqlı deyildi. Hər şeydən əvvəl, bununla izah olunur ki, Bakının qələbəsinin nəticəsi Türkiyənin regionda mövqelərinin möhkəmlənməsi, ən əsası isə İsrail ilə Azərbaycan arasında hərbi əməkdaşlığın genişlənməsi idi. Tehran hesab edir ki, Amerika müdafiəsi olmadan İsrail İranın əsas xarici siyasət rəqiblərindən biri olaraq (Səudiyyə Ərəbistanı ilə birlikdə) öz təhlükəsizliyini tam təmin edə bilməyəcək və İrana qarşı düşmənçilik hərəkətlərini həyata keçirə bilməyəcək. Birləşmiş Ştatlar öz zəifliyini nümayiş etdirdiyindən, İsraili cilovlamaq və bəlkə də İranın qonşu dövlətlərində ordusunun fiziki varlığını azaltmaq səylərini gücləndirməyin vaxtıdır.
Ona görə də bu gün İranın Zəngəzur nəqliyyat-logistika dəhlizi layihəsinə münasibətini sırf iqtisadi baxımdan nəzərdən keçirməyin mənası yoxdur. Həqiqətən, bütün digər şərtlər bərabər olsa da, İran bu layihənin Cənubi Qafqazdan keçərək dünyanın ən gəlirli yükü olan konteynerlərin tranzitini artırmaq üçün yaxşı perspektivlər açdığı üçün bu layihənin əsas benefesiarlarından biri ola bilərdi. Digər tərəfdən İrana qarşı tətbiq olunan iqtisadi sanksiyalar səbəbindən bu dövlətin xarici dünya ilə xarici iqtisadi əlaqələrinin həcmi kiçikdir. Nəticədə İran iqtisadiyyatının dünyaya inteqrasiyasına maraq azdır. Mövcud vəziyyətdə nəqliyyat layihələrinin inkişafı İranın gələcəyinə qoyulan bir sərmayədir. Və indi bu ölkə liderlərinin gündəmində iqtisadi böhran astanasında tarazlıq yaratmaq məcburiyyəti dayanır.
– Münaqişədən sonrakı dövrdə Cənubi Qafqazın iqtisadi inkişaf perspektivlərini necə qiymətləndirirsiniz?
– Nəzəri olaraq, Cənubi Qafqaz regionu dövlətlərinin iqtisadi artım perspektivləri, eləcə də ticarət və iqtisadi əlaqələrinin qlobal iqtisadiyyat miqyasında genişlənməsi ümidverici görünür. Azərbaycan bu gün artan enerji qiymətlərindən ən çox faydalanan ölkədir. Azərbaycan həmçinin azad edilmiş bölgələrin bərpasında fəal iştirak edir və müəyyən şərtlər daxilində orada həyata keçirilən layihələrə birbaşa xarici investisiyalar cəlb edə bilər.
Ermənistan Avrasiya İqtisadi Birliyinə üzv dövlət olaraq, qurumun getdikcə genişlənən iqtisadi sisteminə inteqrasiya edir və bununla sosial-iqtisadi problemlərinin həllinə ümid bağlayır. Gürcüstan hələ də daxili siyasi qarışıqlıq dövründən çıxa bilmir, amma bu dövlətdə yaradılan institusional sistem milli biznesin inkişafını və xarici investisiyaların axınını dəstəkləyir.
Ümumiyyətlə, xammal bazarlarında qeyri -sabitliyə baxmayaraq, planetin iqtisadiyyatı koronavirus pandemiyasının yaratdığı tənəzzüldən çıxmaq istiqamətində kifayət qədər yüksək sürətlə inkişaf edir. Bütün dövlətlərin, o cümlədən Cənubi Qafqazda yerləşən dövlətlərin qarşısında diplomatik üsullarla sabitliyin qorunması vəzifəsi durur. Ümid edirəm ki, diplomatiya bacarığı və siyasətçilərin məsuliyyəti bu arzu olunan sabitliyi təmin edəcək./ayna.az